Almaniyada Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib Hadisə

Almaniyada Xocalı soyqırımı ilə bağlı beynəlxalq konfrans keçirilib

Fevralın 27-də Almaniyanın Bielefeld şəhərində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş beynəlxalq konfrans keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Konfrans Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin və Bielefeld Universiteti Türk Tələbələr Birliyinin təşkilatçılığı, eləcə də Atatürkçü Düşüncə Dərnəyi (ADD), Türkiyə Gənclər Təşkilatı (TGB) və Bielefeld Universiteti Kultürk dərnəyinin dəstəyi ilə Bielefeld Universitetində baş tutub.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan konfransı Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədr müavini Faiq Məmmədov giriş sözü ilə açıb. Daha sonra tədbirin moderatoru Etibar Qəniyev 24 il bundan əvvəl baş vermiş amansız qətliam haqqında qonaqları məlumatlandıraraq, Xocalı soyqırımının erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin təzahürü olduğunu diqqətə çatdırıb.
Türkiyə Cumhuriyyətinin Münster şəhərindəki Baş konsulu Pinar Gülün Kayseri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rövşən Rzayev çıxış edib, Dağlıq Qarabağ münaqişəsindən, ermənilərin azərbaycanlılara qarşı törətdiyi təcavüzkarlıq aktlarından danışıblar.
Daha sonra Türkiyə İşçi Partiyasının lideri, Avropa İnsan Haqları Məhkəməsində qondarma erməni soyqırımının beynəlxalq yalan olması ilə bağlı işi udmuş Doğu Perinçekin oğlu, professor Mehmet Perinçek apardığı çoxsaylı elmi-tədqiqat işlərinə əsaslanaraq erməni işğalı barədə məlumat verib, konfrans iştirakçılarını ermənilərin qəsbkar siyasəti haqqında məlumatlandırıb. M.Perinçek Çar Rusiyasının himayəsi altında erməni dövlətinin yaradılması, ermənilərin İran və Rusiya tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarına köçürülməsi məsələsinə tarixi nəzər salıb, "erməni soyqırımı" iddialarının tarixi yalan olduğunu diqqətə çatdırıb.
Bundan başqa, Universitet zalının foyesində Xocalı soyqırımı adlı informasiya stendi quraşdırılıb, çoxsaylı yerli tələbə və qonaqlara Xocalı dəhşətlərini əks etdirən kitab, broşür və əyani vəsaitlər paylanılıb. Eyni zamanda, Xocalı soyqırımının tanınılması üçün Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin hazırladığı müraciətə imza toplanılıb.
Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan konfransda Xocalı soyqırımı haqqında alman dilində hazırlanmış sənədli film nümayiş olunub, müzakirələr aparılıb.