"Nərmin işi" ilə bağlı rəy vermiş ekspert məhkəmədə ifadə verib Hadisə

"Nərmin işi" ilə bağlı rəy vermiş ekspert məhkəmədə ifadə verib

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinin müdiri Nizami Rəhimov dindirilib.
Nizami Rəhimov müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə çağırılıb. O, digər ekspertlərlə birgə Nərmin Quliyevanın meyitinin müayinəsində və ekspert rəyinin verilməsində iştirak edib.

Bu rəydən başqa təqsirləndirilən şəxsin vəkilləri alternativ olaraq rusiyalı ekspertdən də rəy alıblar. Qarşılaşdırma zamanı rəylər arasında ziddiyyətlər yaranıb.

Prosesdə İlkin Süleymanovun vəkilləri Əlibaba Rzayev və Murtuzəli Abbasov həmin ziddiyətli məqamlara diqqət çəkərək ekspertdən rəyi hansı əsaslarla verildiyini soruşublar.

Ekspertə verilən suallardan biri rəydə meyitin ön və arxa hissəsinin yanmasının göstərilməsi ilə bağlı olub. Vəkillərin meyitin üzərində olan paltarların yanmaması ilə bağlı sualına şahid paltarın yanmamasının mümkün olduğunu deyib. Vəkillərin belə olan halda meyitin arxa hissəsinin necə yandığı barədə suallarına isə şahid bəzi məqamları xatırlamadığını bildirib.

Hakimlər ekspertə həmin məqamları xatırlaması üçün rəylə yenidən tanış olmağa imkan yaradıblar.

Şahid rəyi oxuduqdan sonra yenə də sualların bir çoxuna “bilmirəm”, “ola bilər” kimi cavablar verib.

Ekspertin dindirilməsi fevralın 15-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.