Azərbaycana dəstək günü Hadisə

Azərbaycana dəstək günü

ABŞ-ın yəhudi və müsəlman icmalarının üzvləri bu günü Konqresdə keçiriblər

"Etnik Anlaşma Fondu"nun (FFEU – Foundation For Ethnic Understanding) prezidenti, ABŞ-ın yəhudi icmasının tanınmış üzvlərindən olan ravin Mark Şnayerin təşəbbüsü ilə ABŞ-ın yəhudi və müsəlman icmasının 100-dək nüfuzlu üzvü ABŞ Konqresində Azərbaycana dəstək gününün keçirilməsi məqsədilə Vaşinqtonda toplaşıblar.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tarixdə ilk dəfədir bu kimi nüfuzlu qrup Azərbaycanı dəstəkləmək üçün ABŞ Konqresində görüşlər keçirib.
Qrupa daxil olan tanınmış ictimai xadimlər arasında Şimali Amerika İslam Cəmiyyətinin (İSNA - İslamic Society of North America) milli direktoru Səyyid Syed, habelə Dini və Ənənəvi Sülhməramlılar Şəbəkəsinin (The Network for Religious and Traditional Peacemakers) Vaşinqton ofisinin direktoru Mohamed Elsanusi iştirak edib.
ABŞ Konqresinə yola düşməzdən əvvəl qrup Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil olunmuş nahar yeməyinə qatılıb. Tədbir zamanı çıxış edən M. Şnayer III Mədəniyyətlərarası Ümumdünya Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfərini xatırlayıb və Bakıdan olduqca xoş təəssüratlarla döndüyünü bildirib. O, Azərbaycanın tolerantlıq və müxtəlif mədəniyyətlərə hörmət səviyyəsi baxımından region və bütün dünya üçün nümunə olduğuna bir daha əmin olduğunu qeyd edib.
Azərbaycandakı yəhudi icmasının vəziyyətinə toxunan ravin ölkəmizin yəhudilər və İsrailin əsl dostu olduğunu bildirib. O həmçinin yəhudi və müsəlman icmalarının bir araya gələrək Azərbaycanı dəstəkləmək üçün ABŞ qanunvericilərinə üz tutmalarının təsadüf olmadığını, belə təşəbbüsün tarixdə ilk dəfə reallaşdığını vurğulayıb. M. Şnayer Azərbaycan rəhbərliyinin mədəniyyətlərarası dialoqa dəstək və töhfəsini yüksək qiymətləndirib.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ravin Şnayerə göstərdiyi səylərə görə təşəkkürünü bildirib. O, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cumhuriyyətinin Şərqin ilk demokratik dövləti olduğunu və burada din, dil, milli və ya cinsi mənsubiyyətə baxmayaraq bütün vətəndaşların bərabər hüquqa malik olduğunu, bu dəyərlərin Azərbaycan xalqı üçün dərin ənənəsindən danışıb. Antisemitizm və islamofobiyaya gəldikdə isə səfir Azərbaycanın bu iki bəlanın eyni dərəcədə qəbuledilməz olduğunu və bu səbəbdən ölkə rəhbərliyi tərəfindən mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb. Bununla bağlı ölkəmizdə bir sıra nüfuzlu, beynəlxalq səviyyədə tədbirlərin təşkil olunduğunu xatırlayan diplomat bu siyasətin davam etdiriləcəyini söyləyib. Səfir qeyd etdiyi səylərin müasir dünyada radikallığa qarşı güclü silah olacağına inandığını deyib. O bildirib ki, müasir Azərbaycan müxtəlif mədəniyyət və dinlər arasında sülh və dostluq şəklində birgəyaşayış baxımından nəyin mümkün ola biləcəyinin nümunəsidir. "Ölkəmizlə İsrail arasındakı münasibətlərin bu müstəvidə olması hamımızın uğurlu ola biləcəyimizi göstərir".
S. Syed isə Azərbaycanın müsəlman dünyasında nümunə rolunu qeyd edərək, ölkəmizdə müxtəlif müsəlman təriqətləri arasında problem yaşanmadığını bildirib. O, Azərbaycanı Fələstin xalqını dəstəkləməklə yanaşı İsrail ilə də münasibətlərinin yüksək səviyyədə olduğuna görə alqışlayıb. Azərbaycan tərəfindən mədəniyyətlərarası dialoqa verilən töhfə və bu istiqamətdə fəaliyyətinin dünyada sülhün bərqərar olmasına yardım etdiyini deyərək Azərbaycan kimi ölkələrin nümunəsinin antisemitizm və islamofobiyaya qarşı mübarizədə köməyindən danışıb: "Bir amerikalı müsəlman kimi Azərbaycan kimi ölkəyə görə qürur duyuram".
Həmin gün sözügedən qrup ABŞ Konqresində Azərbaycan günü çərçivəsində nüfuzlu konqresmenlərlə görüşərək onlara Azərbaycanın vacibliyindən danışıblar və ölkəmizi dəstəkləməyə çağırıblar. Qrup üzvlərinin sözlərinə görə, həmin görüşlər zamanı həm müsəlman, həm də yəhudi icmalarının məhz Azərbaycanı dəstəkləmək üçün bir yerə gəlməsi Konqres üzvlərinə çox müsbət təsir bağışlayıb.