AYNA: Bayram günlərində regionlara 3400-dən çox reys həyata keçirilib Hadisə

AYNA: Bayram günlərində regionlara 3400-dən çox reys həyata keçirilib

Novruz bayramı ərəfəsində və bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərişinə əsasən respublikanın bütün avtovağzal və avtostansiyaları martın 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

"APA-Economics" AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 1200-dən çox avtobus buraxılıb.

Bu, koronavirus (COVID-19) pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində sərnişindaşımada ilk rekord göstəricidir. 18 mart tarixində 473 reyslə 15 min 240 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Sərnişinlərin sayı adi günlərlə müqayisədə 3 dəfə daha çox olub. Həmçinin belə yüksək göstərici qanunsuz sərnişindaşıma ilə mübarizə tədbirlərinin səmərəli olması nəticəsində əldə edilib.

Ölkəmizdə qeyri-qanuni sərnişindaşıma ilə bağlı aparılan effektiv mübarizə sərnişindaşımaya öz töhfəsini verir və avtovağzal xidmətlərinə etimadı artırır. Bu etimadı doğrultmaq və keyfiyyətli xidmətlə bağlı BBAK da bütün gücünü səfərbər edib.

Ümumilikdə isə bayram ərəfəsində və bayram günlərində regionlara 3 min 455 reys həyata keçirilib, 92 min 925 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.