

Vəfa Allahyarova- 60
O, 14 may 1965-ci ildə Bakı şəhərində dünyaya gəlib. On bir yaşından başlayaraq respublika və beynəlxalq müsabiqələrdə, o cümlədən "Bacarıqlı əllər" və digər televiziya verlişlərində həvəskar rəssam kimi iştirak edib. 1980-1984-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində oxuyub. Sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bir müddət həmin elm ocağında müəllim kimi fəaliyyət göstərib. 2000-2012-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, baş müəllim, dosent kimi dekan müavini vəzifələrində işləyib. 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimidir. 9 proqramın, 2 metodiki göstəriş və vəsaitin, "Azərbaycan rəssamların yaradıcılığında akvarel" elmi işinin müəllifidir...
Onun öz zəngin dünyası var, bu dünyaya daxil olmaq hər adama nəsib olmur. Həyat enerjisi xeyli yüksək insandır. Çox məsələlərdə təfərrüatlı və diqqətlidir. Zövqsüz, təkəbbürlü-lovğa insanlarla ünsiyyəti səthidir. Amma olduqca mehriban xarakteri var. Ona görə də insanlar tərəfindən bəyənilir...
Xalq rəssamı, professor, əski SSRİ-nin Rəssamlıq Akademiyasının akademiki, “Cəvahirləl Nehru” adına beynəlxalq mükafatın laureatı, Azərbaycan SSR Ali Sovetinin V-IX çağırış deputatı Mikayıl Abdullayev onun haqqında belə deyirdi: “O, çox erkən yaşından başlayaraq müxtəlif sərərgilərdə iştirak edib. Bakı Respublika və Ümumittifaq rəssamlıq sərgilərinin fəal iştirakçısı olaraq, sənətsevərlərin hüsnü- rəğbətini qazanıb. O, əsl rəsm ustasıdır. Formanı çox yaxşı hiss edir. Plastikanı gözəl duyur. Onun qurduğu kompozisiyalarda bütün bu cəhətlər vəhdət yaradaraq uğurlu nəticələr verir. Onda əsl rəssam zövqü var. Rəssam kimi mövzu dairəsi genişdir. Yaradıcılığında həm klassik, həm də müasir poeziyaya cəsarətlə müraciət edir. Texnologiya diapozonu da genişdir- ofort, akvasinta, sinkoqrafiya, rəqli- linoqravüra və qarışıq texnikadan da məharətlə istifadə edir. O, özünə qarşı çox tələbkardır və sənətin yeni- yeni bədii qatlarını axtarır..."
O, duyğularını tam şəkildə hiss etməyi sevir. İnadkardır, tez qərar qəbul edir və qısa müddətdə də həyata keçirir. Bəzən sərt, bəzən isə mülayim olur. Romantikdir, xəyal qurmağı xoşlayır. İş həyatında isə iddialı olması ilə tanınır, məqsədinə hökmən çatacağını yaxşı bilirlər. Sanki uğur onun hər bir addımını izləyir...
Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanova da onun yaradıcılığına biganə qalmayıb: “Ayri- ayrılıqda gözəl qadın, gözəl rəssam, gözəl ana, səmimi insan- belələri çoxdur. O isə, öz varlığında bu keyfiyyətlərin hamısını çox ahəngdar şəkildə, təbii olaraq cəmləyə bilib. O, həm də kitab qrafikası sahəsində tanınmış rəssamlarımızdandır. Onun kitablara verdiyi nəfis tərtibat, bənzərsiz illüstrasiyalar, plakatlar, milli üslubda işlənmiş miniatürlər zərifliyi, orijinallığı ilə diqqəti cəlb edir. Azərbaycan Rəssamlar Birliyin, Karikaturaçılar Cəmiyyətinin üzvü olan bu xanımın təsviri incəsənətimizin mühüm qolu olan və Əzim Əzimzadə ənənələrinə söykənən milli karikatura sənətinin inkişafında böyük əməyi və töhfəsi var.”
Bəli, “GÖZƏLLİK” ümumi anlayışdır, gözəl görünən hər kəsə, hər nəyə bu kəlməni şamil etmək olar. Amma əsl gözəllik odur ki, insanı vəcdə gətirir, onun zövqünü, duyğularını, idrakını oxşaya bilir. Haqqında söhbət açdığım qrafik, miniatürist, karikarurist rəssam Vəfa xanım Allahyarova sözün əsl mənasında belə gözəllərdəndir...
Tarix elmləri doktoru, yazıçı- publisist Sabir Gəncəli öz kitablarında rəssamın yaradıcılığını dəfələrlə əhatə edib, o, deyir: “Əsərləri ilə ilk tanışlıqdan hiss etdim ki, bu istedadlı qızın rəssamlıq sənəti aləmində öz yeri olacaq. Vəfa xanım təbiəti, gözəllik aləmini çoxlarının görə bilmədikləri məna çalarları ilə görür. Vəfa xanım yağlı və sulu boya ilə məharətlə işləyir. Qrafik vasitələrin bir çox növləri ilə çəkdiyi rəsmlərin, əsərlərin hər birində fəlsəfi fikir, rəmzi məna, estetik duyum var. Vəfa İbrahim qızı Allahyarova Azərbaycanın ilk karikaturaçı rəssamlarından biri kimi artıq xeyli vaxtdır ki tanınır. Karikaturalarında dərin məna və incə bir məzə var. Əbəs yerə deyil ki, Azərbaycanın qocaman jurnalisti Qulam Məmmədli Azərbaycan jurnalistlərin VII qurultayındakı çıxışında, Vəfa xanımın istedadına yüksək qiymət verərək, onu gənclərə nümunə kimi göstərmişdi…"
...Deyirlər ki, xanımların yaşını söyləməzlər. Nəzərə alanda ki, mayın 14-ü Vəfa xanımın yubileyidir, hələ rəsmiləşməyən bu qadağadan yayınmalı oldum. 60 yaşı mübarək olsun! Onu bu münasibətlə ürəkdən təbrik edir, yeni-yeni uğurlar arzulayıram...
Çox yaşasın!
Hörmətlə, Elman Eldaroğlu