28 Apreldən sonra... Hadisə

28 Apreldən sonra...

Bölgələrdə sovet hökuməti əleyhinə üsyanlar baş verdi

1920-ci il aprelin 28-də Azərbaycan Sovet imperiyası tərəfindən işğal olundu. Çar Rusiyasının müstəmləkəçilik siyasətini həyata keçirən bolşeviklər Şərqdə ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində onu daim yıxmağa cəhd edirdilər. 28 Aprel fəlakəti reallaşmaya bilərdimi? 23 ay ərzində Cümhuriyyətin daxilində müxtəlif qüvvələr tərəfindən çoxlu iğtişaşlar törədildi. Təbiidir ki, bu, hökumətin qüvvəsinin parçalanmasına, bir neçə tərəfli mübarizə aparmasına səbəb olurdu. Ölkədə bolşevizm təhlükəsi gündən-günə artırdı. Bolşeviklərin uydurduğu ideyalar fəhlə və kəndliləri şirnikləndirirdi. "Fabrik-zavod fəhlələrə, torpaq kəndlilərə" şüarı cəlbedici səsləndiyi dərəcədə milli dövlətimizi yıxacaq bir təhlükəli güc halına gəlirdi.
Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi hər mənada zəngin bir ölkəyə yiyələnməyin gərəkliyini gözəl başa düşürdü. Bu baxımdan da Moskva Azərbaycanda ötən illər ərzində tərəfdarlarını yarada bilmişdi. Bu şəxslər o dövrün inqilab havasının təsiri ilə fanatlıq dərəcəsinə gəlmişdilər. Çox az sonra, 30-cu illərdə bu şəxslərin demək olar, hamısını sovet ideologiyası fiziki cəhətdən məhv etdi.
28 Aprel fəlakəti həm də Güney Azərbaycanda məşhur Xiyabani hərəkatının süqut etməsindən az sonraya təsadüf edir. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən vəhşi üsullara əl atıldı. Professor Qüdrət Əbdülsəlimzadənin fikrincə, 28 Aprel facəsi tariximizin acı səhifələrindən biridir. Əlbəttə, hər bir ölkənin problemləri, onun azadlıq yolundakı fəaliyyəti həmişə çoxsaylı çətinliklərlə müşaiyət olunur. Xarici mənbələr çox vaxt Oktyabr inqilabını inqilab kimi yox, çevriliş kimi qələmə verirlər: "Yəni 1917-ci ilin oktyabrında Rusiyada hökuməti çevriliş yolu ilə ələ keçirdilər. Bununla da dünya iqtisadiyyatı və təsərrüfatı iki yerə - kapitalist və sosialist təsərrüfat sisteminə ayrıldı. O zamandan başlayaraq dünyanı təsir dairələrinə cəlb etmək uğrunda mübarizə başlandı. Rusiyada hakimiyyət başına gələn bolşeviklər təbiidir ki, təkcə öz əraziləri ilə kifayətlənə bilməzdilər. Onlar çar Rusiyasının əvvəlki ərazilərini də ələ keçirmək istəyində qəti idilər. Bolşevik Rusiyası müxtəlif yollardan istifadə etməklə Qafqazı ələ keçirmək uğrunda mübarizəyə başladı. Vaxtilə arxivdə məşğul olarkən o dövrkü Rusiyanın "QOELRO" (ölkənin elektrikləşdirilməsi) planı ilə bağlı sənədləri nəzərdən keçirərkən maraqlı faktla qarşılaşdım. 1920-ci ilin martında hazırlanmış planla bağlı məşhur iqtisadçı Q.M.Krjijanovski yazır ki, biz bu planı Qafqaza da aid etmək istəyirdik, ancaq Qafqaz hələ əlimizə deyildi. Lenin ona deyir ki, siz hökmən Qafqazı da bu plana aid etməlisiniz, Qafqaz bizim olacaq".
O dövrdə Azərbaycanın daxilində birlik yox idi: "Daxildə müxtəlif partiyaların, hərəkatların ictimai qüvvələrin birliyi yaranmadı. Bolşeviklərin erməni daşnaklarla həmrəyliyi nəticəsində yeritdikləri siyasi xətt açıq-aşkar Bakını Azərbaycandan ayırmaq məqsədinə xidmət edirdi. Getdikcə bu cür cəhdlər artdı və Demokratik Cümhuriyyətin süqutu ilə nəticələndi".
Professor Ramil Əliyev inqilabdan sonra Şəkidə sovet hökuməti əleyhinə olan hadisələri qələmə alıb: "Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bütün varlıların torpağı, varı, dövləti əllərindən alınır, kolxoz mülkiyyətinə verilirdi. Babam Mustafa ağa da istisna deyildi. Torpaqlarını əlindən almış, özünü qolçomaq elan etmişdilər. Bu hadisə 30-cu illərə qədər davam etmişdi. Kəndlərdə sovetlər əleyhinə qaçaqçılıq hərəkatı baş qaldırmışdı, torpağı, varı-dövləti əlindən alınan ağalar, bəylər meşələrə çəkilir, qaçaqçılıq edirdilər. Qaçaq Abbas, Qaçaq Cəfər, Qaçaq Yunus kimi adlı-sanlı qaçaqlar sovet hökumətinin əleyhinə çıxır, məmurlara qarşı vuruşurdular. Bu hadisələr öz təbii axarını 30-cu il Şəki qiyamı ilə sona çatdırmış, qaçaqçılıq hərəkatı 1939-cu ildə Qaçaq Cəfərin, 1947-ci ildə isə Qaçaq Abbasın güllələnməsi ilə məğlubiyyətə uğramışdı.
Bu hadisələrlə əlaqədar olaraq bütün kəndlərdə erməni, rus əsgərləri əhaliyə divan tutur, varlı adamları həbs edir, sorğu-sualsız güllələyirdilər. Bu hadisələr Bideyizdən də yan keçməmişdi. Anamın gündəliyindən: "Qara günlərimiz əmimin ölümü ilə başladı. Əmimin 90 yaşı var idi. Yaxşı dolanacağı, geniş torpaqları, evi və böyük mülkü var idi. 1930-cu ildə erməni və rusların sovet quruluşunun qurulması ilə əlaqədar şəhər və kəndlər əsgərlərlə dolu idi. Onlar əmimin Əbülfət oğlunu öldürdülər, dəfn mərasimindən iki gün sonra əmim öz həyətinin qabağındakı bulağın novçasına söykənərək dəstəmaz alırdı. Bu zaman arxadan atılan güllə əmimi yerə sərir. Əmimin başmaqları novçanın üstündə qalır. Əmimi ayaqyalın palaz üstə qoyub evə aparırlar. Beləliklə, adlı-sanlı kişiləri bir-bir öldürürlər".
Qaçaq Cəfər kəndə gəlir, Mustafa ağa ilə görüşür, deyir ki, "ağa, onlar səni də öldürəcəklər, gəl bizə qoşul". Babam mahir atıcı idi. Göydə uçan quşu beşatılanı ilə gözündən vurmağı bacarırdı. Buna baxmayaraq Qaçaq Cəfərə cavab verir ki, artıq mən qocalmışam (o vaxt kişinin 60 yaşı var idi), dağda, meşədə yaşamaq mənim üçün çətin olar. Qaçaqlar Mustafa ağadan əllərini üzüb geri qayıtmışdılar. Bundan sonra Mustafa ağa darvazanın üstündə özünə pünhan yer düzəltmişdi, gündüzlər burada istirahət edər, gecələr bir yerə yığışıb tədbir tökərdilər, çıxış yolu axtarardılar. Mustafa ağanın böyük qardaşının (bu adam, yəni Rəsul, əslində Hacı Nəbinin kiçik qardaşı olub, Mustafa ağa onu qardaş gözündə görüb) birmərtəbəli evini yandırıb, ikimərtəbəli evini ştaba (qərargaha) çevirdilər. Kəndin kişilərini ştaba toplayır, sorğu-sual edir, sonra Şəkiyə göndərirdilər. Mustafa ağa bu işləri seyr edir, dözə bilmirdi. O, qisas almaq üçün vuruşmaq istəyirdi. Uşaqları ilə görüşmək imkanı olsa da, bu, uzun çəkmir. Varlı adamlar üzə çıxsın deyə, onların arvad-uşağını ştaba, mal tövləsinə yığır, mənəvi əzab verirdilər. Tamara xanım yazır: "Biz 9 uşaq anaları ştabda soldat əlində, ataları isə çardaqda. Axşamlar tarlada sünbüllərin arasında gizlənirdik. Bir gecə yaddan çıxıb beşikdə tarlada qalmışdım. Sağ-salamat idim, heç nə olmamışdı, qoyduqları yerdən tapdılar. Bizə baxacaq, dam altına yığacaq adam yox idi. Bacılarım gənc olduqlarından qorxub üzə çıxmırdılar. Belə bir vəziyyəti görən atam gizləndiyi yerdən çıxır və gedir əmimgildə düzəldilmiş ştaba, deyir axtardığınız Hacı Nəbi oğlu Mustafa ağa mənəm. Uşaqlarım başsızdır. Uşaqların anasını buraxın". Beləliklə, Mustafa ağanı həbs edirlər. Kənddə yeganə təhsilli olan Məmmədi də varlı oğlu olduğu üçün həbs edirlər. Üç gün ştabda saxladıqdan sonra Şəki qalasına aparırlar. O vaxtlar Şəkinin həbsxanası qalanın içində idi. Qalanın içindəki bu müdhiş yer Şəki camaatının yaddaşında qan çanağı, ölüm düşərgəsi kimi yaşayır.
Məhbusları burada bir neçə gün saxlayar, "üçlük" deyilən qəza inqilab məhkəməsinin qərarı ilə güllələyərdilər. Qabaqcadan onlar üçün özlərinə qəbir əvəzi çala qazdırar, hamısını çalanın üstündə güllələyib bura sərərdilər. Dayım Məmmədlə babam Mustafa bir yerdə həbsdə idilər. Bir-birilərini görsələr də, danışmaq, bir-birilərinə söz demək imkanları yox idi. Erməni və rus nəzarətçiləri onlara imkan vermir, beləliklə, onlar sakitcə oturub nəticəni gözləyirdilər. Gecənin bir vaxtı gəlib soyadları oxuyur, adamları sıraya düzürlər. Onların arasında Şəki qiyamında iştirak etmiş Göynük kəndindən olanlar da var idi. Onlar başa düşürlər ki, burada gizli bir məqsəd var. Odur ki, hay-küy qaldırır və kameradan səhər çıxacaqlarını deyirlər. Bu vaxt güllə açılır, onlardan biri yerə sərilir. Qalanlar bunu görüb sıraya düzülürlər. Mustafa ağa da sıraya düzülənlər içərisində olur. Əl hərəkətləri ilə oğluyla vidalaşır, işarə ilə nəsə demək istəyir. Məmməd tam başa düşmür, belə anlayır ki, atası nəyinsə yerini göstərir. Beləliklə, onlar bir-birindən ayrılırlar. Gecə saat 3-də 50 nəfər məhbusun üst paltarlarını soyundurub qazılmış çalanın başına yığır və güllələyirlər. Bu çala indi də durur. Qalanın həyətində, xəstəxananın yanında bir çökəklik var..."


Uğur