

Bu il iyunun 1-dək inşa edilmiş qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına yeni qaydada icazə veriləcək.
Tkinti sektoru ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdəndir. Ölkəmizin tikinti sektorunda son illər ərzində müşahidə olunan canlanma və tikinti-quruculuq işlərinin dinamik inkişafı əhalinin rifahının yüksəlməsinin bariz nümunəsidir. Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin sərtləşdirilməsi və tikinti norma və qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb.
Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaradıb. Təəssüflər olsun ki, tikinti sektorunun dinamik inkişafı ilə bərabər, bəzi hallarda tikinti fəaliyyətinin iştirakçıları tərəfindən şəhərsalma və tikinti sahəsində müəyyən olunmuş tələb və qaydalardan yayınmalar müşahidə olunur, nəticədə həmin tikinti obyektlərinin dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı ilə bağlı müayinə işlərinə cəlb edilməsi çətinləşir və əmlak üzərində hüquqların mövcud qanunvericilik çərçivəsində tanınması mümkünsüz hala çevrilir. Belə olan halda, şəhər və rayonların şəhərsalma və memarlıq üslubuna, o cümlədən ətraf mühitinə xələl gətirən, torpaq və tikinti qanunvericiliyinin tələbləri pozulmaqla inşa edilən özbaşına tikililərin qarşısının alınması istiqamətində əlavə tədbirlərin görülməsi zərurəti yaranır.
Qeyd olunanları diqqətə alaraq, tikintiyə və istismara icazə alınması prosesinin optimallaşdırılması, habelə tikinti və şəhərsalma sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklər edilmişdir.
Qeyd etmək lazımdır ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərman imzalanmışdır. Fərmanın icrası nəticəsində mənzillərin ümumi sahəsi 8,5 milyon kvm olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının (çoxmənzilli yaşayış kompleksinin) dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, o cümlədən istismara hazırlığı müayinə edilmiş, həmin müayinələrin müsbət nəticələri əsasında istismarına icazə verilmişdir.
Növbəti addım olaraq, qeyri yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanmışdır
Sözügedən Fərmanda 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur.
Sadələşdirilmiş icazə rejimi Fərmanda müəyyən edilmiş göstəricilərə cavab verən bütün qeyri-yaşayış təyinatlı tikinti obyektlərinə şamil olunur. Sadələşdirilmiş icraat prosesindən yararlanmaq üçün ən geci 2025-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət 1 edilməlidir . Fərmana uyğun olaraq bütün müayinə mərhələləri və eləcədə hər mərhələ üzrə dəqiq icra müddətləri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fərmanın icrasına dair işlərin 2026-cı il iyunun 1-dək tamamlanması və həmin tarixədək istismarına icazə verilməmiş qeyri-yaşayış binalarının inşasından irəli gələn nəticələrin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi tapşırılmışdır. Eyni zamanda səmərəliliyin və şəffaflığın artırılması məqsədilə 2024-cü ilin yanvar ayından etibarən fiziki və ya hüquqi şəxslər tikintiyə və ya istismara icazəni elektron portal üzərindən ala biləcəklər.
Qanunvericiliyə edilən digər dəyişiklik yerli səviyyədə dövlət şəhərsalma nəzarəti çərçivəsində yerli icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması , özbaşına tikintiləri aşkar etməli olan şəxslərin səlahiyyətlərinin konkretləşdirilməsidir. Belə ki, yerli icra hakimiyyətinin başçıları tərəfindən yerli səviyyədə dövlət şəhərsalma nəzarətini həyata keçirilməsi və qanunsuz tikintilərin qarşısının alınması məqsədilə məsul şəxslər təyin olunmalıdır.
Həmçinin, özbaşına tikilmiş bütün tikinti obyektlərinin mühəndis kommunikasiya sistemlərinə qoşulması qadağan edilir. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə tələbə riayət etmədən inşa edilmiş və ya tikilməkdə olan tikinti obyeklərində sözügedən qadağaya əməl edilmədiyi halda kommunal təchizat müəssisələrinin vəzifəli şəxslərinə cinayət məsuliyyəti tətbiq olunacaqdır.
Tikinti və şəhərsalma sahəsində fiziki, hüquqi və vəzifəli şəxslərin məsuliyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də bir sıra dəyişikliklər edilir. Dəyişikliklərə əsasən, tikintisinə icazə tələb olunan, lakin icazə olmadan inşa edilmiş tikinti obyektlərinin sifarişçilərinə münasibətdə sanksiyalar artırılır, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan özbaşına inşa edilmiş tikinti obyektlərinə münasibətdə inzibati məsuliyyət müəyyən edilir.
Ümumilikdə, həm nəzarətin sərtləşdirilməsi, həm də icazə icraatı istiqamətində atılan addımlar müəyyən dövrdə qanuni əsas olmadan tikilmiş qeyri yaşayış obyektlərinin təhlükəsiz istismarının təmin edilməsinə, istismara yararlı tikinti obyektlərinin qanuniləşdirilməsinə və gələcəkdə belə tikililərin ərsəyə gəlməsinin qarşısının alınmasına xidmət edir.
Milli Məclisin deputatı
Rauf Əliyev