Məhəmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu” Hadisə

Məhəmməd Əmin Rəsulzadə: “Əsrimizin Siyavuşu”

"Xalq Cəbhəsi" qəzetinin sayğılı oxucularına Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" əsərindən müəyyən parçaları ixtisarla təqdim edirik.

I yazı

Ön söz
Milli Azərbaycan nəşriyyatının ikinci sayısını təşkil edən bu risaləmizin özünə məxsus bir macərası var. Bu macəra özü-özlüyündə bir mövzu təşkil etməklə birlikdə, əsrimizdə görülən həyəcan və təsirləri izah baxımından da diqqətə layiqdir.
"Əsrimizin Siyavuşu" müəyyən bir məqsədlə, vətənimizin, ictimai fikrimizin və inanışımızın düşmənlərinə qarşı xüsusi bir düşmənlik yaratmaq məqsədiylə, əvvəlcədən düşünülmüş bir əsər deyil. Nəşriyyatımızın ilk sayısını təşkil edən "Azərbaycan Cümhuriyyəti"ni Türkiyənin mətbuat aləmində gördüyümüz bir əksikliyi qüdrətimiz daxilində ortadan qaldırmaq məqsədilə, nəzərdə tutulmuş bir planla yazmışdıq. Halbuki "Əsrimizin Siyavuşu" belə bir müəyyən bir məqsəd və planla yazılmayıb.
Biz onun necə yazıldığını, nə kimi şərtlər içində vücuda gəldiyini qısa da olsa anlatsaq da, əsərin nə üçün və hansı hədəflə yazıldığını aydınlaşdıra bilməyəcəyimizi hiss edirik. Bunun üçün möhtərəm oxucularımızın icazəsi ilə macəra həyatımızdan bir qismini nəql edəlim:
Bolşevik istilası kədərli-ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arkadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı.
Lahıcda bir vətəndaşın evində müsafir idik. Bu evdə kiçicik bir kitabxana vardı. Bir qismi farsca, bir qismi türkcə, bir qismi də rusca kitab və dərgilərdən ibarət olan bu kitabxananın, məncə ən diqqətə layiq cildi Firdovsinin "Şahnamə"si idi.
"Şahnamə"ni razılıq alıb oxumağa başladım. Şərqin ən böyük romantik əsəri o zaman çox həssas olan ruhumu istila etdi. Keçirdiyimiz macəralı həyatı şairanə bir surətdə, qarşılıqlı şəkildə yaşayan necə hekayələr, necə dastanlar, necə tiplər, necə fəlsəfələr vardı. Bunların yanında marağımı ən çox cəlb edən və ruhumun ən həssas nöqtələrinə qədər nüfuz edən bir hekayəydi: "Siyavuş" dastanını oxudum. Əvvəlcə aşina olduğum dastanı ilk dəfə oxuyurmuş kimi oldum. O qədər sevdim, o qədər anladım ki, bir daha təkrar etdim. Yüksəkdən oxudum. Arkadaşıma dinlətdim. Heç şübhə yoxdur ki, ilham almışdım. "Arkadaş, tariximizin Siyavuşunu dinlədin. İndi sənə əsrimizin Siyavuşunu yazacağam" – dedim. O, buna heyrət etmişdi. Hər saat və hər anda bir basqın təhlükəsinə məruz qaldığımız belə bir vəziyyətdə yazı yazılacağına inanmamışdı.
Fəqət mən başladım. Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi. Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirdim.
Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan "Siyavuş"un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. Burası arkadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq həbs olunmuşduq. Təslim olmazdan qabaq yanımdakı nüsxəni təbii ki, tələf etmişdim.
Bir çox qəza və qədər keçirdikdən sonra Moskvaya aparıldım. İki il mənfi bir həyat keçirdim. Bu iki il müddətində "Siyavuş"un ikinci nüsxəsinin əmanət verdiyim kəndlidə sağ-salamat qaldığına aid açıqca bir məlumat ala bilmədim. Nüsxə arkadaşların da əlinə keçməmişdi. Kəndli xəbərdarlıq etdiyimə görə kağızımı almadan kitabı kimsəyə verməyəcəyini anlatmışdı.
İki illik mənfi həyatdan sonra daha az macəralı olmayan bir təşəbbüslə qurtularaq Finlandiyaya keçdim. Nəhayət, buraya (İstanbul nəzərdə tutulur – M.Ə.R.) gəldim. Tam üç il sonra itirdiyimi buldum. "Əsrimizin Siyavuşu" bir çox müşkülat və macəralara məruz qaldıqdan sonra bolşevik çəpərini yararaq İstanbula qədər gəlmiş, yazarının özünə aid üzüntüsünü yox etmişdi. Arkadaşlardan bəziləri itirdiyim bu əsərə görə duyduğum üzüntünü gördüyü zaman, "madam ki, mövzu məlumunuzdur, yenidən yazarsınız" – deyə təsəlli verirdilər. Ehtimal ki, bu mövzu yenidən yazıla bilərdi, fəqət o zamankı hal, ruh halı və vəziyyət bir daha geri gələməz.
… "Əsrimizin Siyavuşu" Türklə başlayan iki tarixin də həzin bir vaqeə və hadisənin yanğılı bir ağısıdır. Yazılan vaqeədə iştirak etmış bir fərd sifətiylə və ətdən, qandan, sinirdən yaranmış bir canlı olmaqla hisslərinin təsirinə qapılmış, fəqət adı çəkilən şərtlər içərisində təsadüfən, bəlirli bir qayə güdmədən, o anda duyulan çox dərin bir təsiri hekayə edən bu əsərin səmimiyyəti, əlbəttə, inkar olunamaz. Təsadüf edilən qüsurların xoş niyyətli qarşılanması rica olunur.
Belə ki, əsər yazılarkən bir çox istiarə və misalları etibarı ilə Azərbaycan ədəbi mühitini nəzərə alıb. Bu qədər macəraların sonunda özünü İstanbulda nəşr etmək qismət oldu. Bu qismət özünə bir şivə təshihi ilə bir bölük yaxın adamların əlavəsindən başqa itkiyə uğramayıb.
"Siyavuş" meydana gəlməsi ilə Lahıcdakı kitabxana sahibi, bizi bir ata kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borcludur. Burada onlara mənən təşəkkür etməyi vəzifə sayıram. Bolşeviklərin qəhrinə məruz qalmasınlar deyə, adlarını açıq göstərməmək zərurəti ilə üzgünəm. İnşaallah, onun da növbəsi gələr.
MƏMMƏD ƏMİN RƏSULZADƏ

"Millət yoludur, haq yoludur tutduğumuz yol
Ey haq, yaşa, ey sevgili millət, yaşa, var ol!"
Tofiq Fikrət

***

AZƏRBAYCAN TURANDA

Bir çox zaman azərbaycanlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək xalis iranlı kimi özlərini hiss etdilər. İranlı kimi düşünüb iranlı kimi yaşadılar. Bu, o zaman idi ki, bütün Türk aləmi az-çox İran təsirində idi, o zaman idi ki, Sultan Səlim farsca şerlər yazıb-oxuyur, az qalırdı bunu rəsmi dil elan etsin.
Azərbaycanlılar öz mənliklərini və çox mühüm xarakterilərini unutduqları zaman bir çox səciyyələrini itirsələr də, bunun müqabilində bəzi xasiyyətlər qazanmışdılar. Nəticədə türklərin məşhur mətanəti ilə farslığın məlum tez birləşməsini özündə toplamışdı.
Azərbaycan xalqında xoşbəxt bir həyat yaşatmaq üçün tarixə lazım olan sağlam bir türk qanı və canı mövcud olduğu kimi bu zəmində pöhrələyəcək gəlişmə fidanın daha ziyadə verimli etmək üçün peyvənd vəzifəsinə görəcək əski bir İran irfanı vardı ki, saçı ağarmış əsrlərin əlində çox təcrübələr keçmişdi.
Qəzavü-qədər tarixi türklərdən də, farslardan da üz çevirdi. Türk hilalının parladığı üfüqlərə şimal buludları gəldi: İran aslanı gəzən dağlara Moskva qartalı qondu. Şimali Azərbaycan rus idarəsinə keçdi. Rusların çox məşhur bir ata sözü var: "Evsiz pis ölməz". Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar. Rus süzgəcindən keçsə də, özlərinə keçən Avropa elm və texnikasının təsiriylə Azərbaycan Şərqin qorxu və dedi-qodularından silkinərək yaxşı bir həyat əsəri göstərir, doğru yolu tapır, böyüyüb inkişaf edirdi.
Azad düşünən bir ideologiyanın səhər parıltısında olan bu irəliləmə yetişən cəmiyyətin həyata susamış gülər üzü, dünyada yaşamaq üçün çox parlaq ümidləri hekayə edən geniş alnı, istiqbala saf və aydın bir baxışla baxan şəhla gözləri ilə əski Şərq şübhə və məkrinin Südabəsini, İran sxolastikasının yaprıxmış mühitini rahat buraxmır, ismətli bir həyat yoldaşı arayan bu təzə gözəli özünün qocalmış ehtirasına qurban etmək istəyirdi. Fəqət gənc Azərbaycan Cümhuriyyəti öz bakir sosial həyatını bu düşgün, çılğın eşqə təslim etmədiyindən lənətləndi, kafirlikdə suçlandısa da, əsrin texniki və tərəqqipərvər elmindən böyük yardım görüb, bu müqəddəs oda girərək özünün məsum və qayğısız olduğunu isbat etdi.
İran-Turan savaşlarında haqsız yerə axan qanların ən sonuncu təzahürü, şiəlik məsələsi üzündən icra edilmiş Osmanlı-İran müharibələri idi. Bu savaşların bəyənilməmiş nəticəsi olan məzhəb nifrətini ortadan qaldırmaq üçün ilk təşəbbüs iki Azərbaycanda qaldırıldı. Bu xüsusda məclislər, toplantılar təsis olundu, çox yaxşı nəticələr də hasil oldu.
Bu, Südabəliyin məftun ehtirası bulunan İran üləmasında çox bəyənilməz görüldü. Bunları hər növ irəliləməyi məhv edən İranın təsirli mühiti bir çox müasir görüşlü kişilər müstəsna olmaqla Azərbaycanda meydana çıxan mütərəqqi və müasir axımları təqib etməkdən məhrum edirdi. Oradan Arazın bəri tərəfinə yaxşı inkişaf etmış axını təqdir edən münəvvərlər deyil, mərsiyə və mövludxanalar, dərviş və falçılar şəklində bir sürü nifrət başları gəlirdi.
Əsrimizin Siyavuşu üçün İrandan ümidi kəsərək, Türkiyəyə müraciətdən başqa bir çarə qalmamışdı. Türkiyə Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən bezərək, artıq taleyin döndüyünü görmüş, yorğun bir halda İstanbul divarlarına dayanmışdı. Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək özünə demişdilər ki: "Sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdədir. Kökündən uzaqlaşdığın üçün zamanın bağ qayçısı həddindən fəzlə uzanan budaqlarını kəsir ki, sən ixtiyarlaşmayıb öz kökün üzərində yaşarasan.
Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda -Türküstandadır, fəqət sənin yolunun üzərində əski Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqanlı var. Yeni Turanın açarı ondadır. Onunla öncə anlaşılmazlıq yaratsan, öncə onun könlünü qırıb özünə bir zərər versən, bütün imkanların hədər, əməllərin xarab, taxtın da bərbad olar".
Belə bir röyanın nəşəsiylə, o, ümidlə təhlükə arasında qalmış adam vəziyyətində idi. Azərbaycanın özünə ilticasını, o, öz məfkurəsi üçün bir nemət, bir bəxşiş kimi qəbul etdi. Yeni Azərbaycan, Türk ocağı ilə türk yurdu tərəfindən layiqincə qarşılandı. Şairlər zövqünü, qəzetlər nəfsini oxşadılar, adına "Altun dastanı" yazdılar, Turanın "İsmi-Əzəmi" olan qeybdəki Qızıl Almanı gətirəcək Tomris xanımın Bakıdan yetişəcəyinə kahinlik etdilər.
Mütəfəkkirlər ruhunu cilalandırdılar. İstanbulun, bir çox əsrlər tarixlərlə diqqətli olduğu üçün, qəflətlə həyata keçirə bilməyəcəyi bir çox müşkül islahatın, daha əlaqəsiz mühit yetişdirəcək Azərbaycanda daha qolaylığa tətbiq olunacağını söylədilər. Neft rəngində qızıl fontanlara malik olan bu yerin zəngin bir sərvət gücüylə çox rifah və inkişafa gedəcəyini yazdılar.
Azərbaycan gəncliyi saf və səmimi bir niyyətlə türk öyrətmənlərinin tələbəsi oldu. Çox keçmədi ki, Namiq Kamal - Məhəmməd Hadini, Əbdülhaq Hamid - Hüseyn Cavidi, Məhəmməd Əmin də Əhməd Cavadı oğulluğa qəbul etdilər. Azərbaycan məfkurəsi Türk millətpərvərliyinin məfkurəsi ilə izdivac etdi. Yeni Azərbaycan özünü "ismətli Südabə"nin ehtiraslı qucağından "iffətli Firəngis"in vüsal hərəminə ataraq dadlı-dadlı yaşadı.
Turançılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasyon formullarını çıxarmış, sosiologiyada da "Türkləşmək, İslamlaşmaq və Müasirləşmək" kimi üç ayaqlı bir şüar ortaya atmışdı. İstanbul yurdçuları bu şüarları nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan Turançıları bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər.