DQİDK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda bir sıra görüşlər keçirib Hadisə

DQİDK sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda bir sıra görüşlər keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

Öncə Tbilisidə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə əklil qoyulub, tər güllər düzülüb.

Səfər çərçivəsində M.Qurbanlı bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin (SARI) sədri Zaza Vaşakmadze ilə görüşüb.

Görüşdə iki ölkə arasında dini, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

SARI-nın sədri Zaza Vaşakmadze deyib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasında əlaqələr bütün sahələrdə, o cümlədən dini sahədə uğurla inkişaf edir.

O, bu cür səfərlərin önəmini qeyd edib və M.Qurbanlının rəhbərliyi ilə geniş nümayəndə heyətinin səfərinin əlaqələrimizin inkişafına xidmət göstərəcəyini bildirib.

Öz növbəsində DQİDK sədri bildirib ki, Azərbaycan dövləti Gürcüstan ilə əlaqələrin bütün istiqamətlərdə inkişafına böyük önəm verir. Bu gün dini qurumlar arasında da əlaqələrin inkişafına və genişlənməsinə ehtiyac var. Düşünürük ki, qarşılıqlı səfərlər və aparılan müzakirələr bu sahədə də əlaqələrin inkişafında mühüm rol oynayır.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev görüşdə iştirak edib.

DQİDK sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti daha sonra Tbilisidəki Cümə məscidində olub.

DQİDK sədri Mübariz Qurbanlı, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanlar İdarəsinin (GMİ) din xadimləri ilə görüşüb, məscidə “Qurani-Kərim” və digər dini kitablar hədiyyə ediblər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, bu sahədə dini qurumların rolu və sair məsələlər diqqət mərkəzində olub.

GMİ-nin sədri hacı Ramin İgidov Gürcüstanda dini qurumların, xüsusən də islam dini icmasının fəaliyyəti barədə ətraflı məlumat verib.

Mübariz Qurbanlı deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. İslam dini icması da bu qayğıdan kənarda qalmayıb.

Görüşdə hər iki ölkədə mövcud olan dini dözümlülük, tolerantlıq dəyərlərinin qorunması, zərərli dini meyillərə, separatçı qüvvələrə qarşı birgə mübarizə və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

25-28 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində, həmçinin “Dinlərarası dialoqda dövlətin rolu” mövzusunda beynəlxalq konfrans, "Heydər Əliyev 100: Cənubi Qafqazda dinlərarası sülhün və əməkdaşlığın təmin edilməsi” adlı panel müzakirələri təşkil ediləcək.

Eyni zamanda, nümayəndə heyətinin parlament sədrinin müavini Arçil Talakvadze, İnsan Hüquqları və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Mixeil Sarjveladze, Gürcüstanın Katolikos-Patriarxı II İliya və azərbaycanlılarla görüşü nəzərdə tutulub.

Cavid