Özəl universitetlərin “özəl” problemləri Hadisə

Özəl universitetlərin “özəl” problemləri

2016/2017-ci tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrinə qəbul üçün yerlər ayırmış 43 ali məktəbdən 39-da plan yerləri tam dolmayıb. Məsələn, "Odlar Yurdu" Universitetində yerlərin cəmi 11.33%-i (ən aşağı göstəricidir), Qərb Universitetində 25.05%-i, Azərbaycan Kooperasiya Universitetində 36.07%-i, "Azərbaycan" Universitetində 45.38%-i, Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində 44.21%-i, Bakı Avrasiya Universitetində 49.22%-i, Bakı Biznes Universitetində isə 59.50%-i dolub.
Hansı universitetlərdə yerlər dolmayıb? Mövzunu Sputnik-ə şərh edən, təhsil üzrə ekspert Nadir İsrafilovun sözlərinə görə, müstəqilliyimizin əvvəllərində təhsildə müəyyən boşluqlar var idi və bundan istifadə olunaraq həddindən artıq ali və orta ixtisas təhsilli müəssisələr yaradıldı: "Zaman keçdikcə bunların bir qismi özünü doğrultmayaraq bağlandı. Amma bununla belə, yenə də kifayət qədər özəl təhsil müəssisləri bu gün də fəaliyyət göstərir". Ödəniş məsələsinə toxunan ekspert deyib ki, son zamanlar ödənişli təhsil yerləri artıb: "Ödəniş məsələsi təhsildə müəyyən maneələr yaradır. Elə plan yerlərinin dolmaması da bunu göstərir. Söhbət təkcə ali məktəblərdən getmir. Orta ümumtəhsil məktəblərini də götürəndə ötən il 30 minə yaxın 6 yaşlı 1-ci sinfə getməyib. Əhalinin sosial vəziyyəti buna imkan vermir. Ötən ilin statistikasına baxanda, 1000-dən artıq abituriyent ali məktəbə yüksək balla qəbul olub, amma 1000-dən artıq abituriyent ödəniş məsələsinə görə tələbə hüququndan imtina edib. Əhalinin sosial vəziyyəti ödənişlə adekvat deyil". "Dünyanın əksər ölkələrində dövlət ali təhsil müəssisələrində ödəniş xeyli aşağıdır. Nəticədə, əksər tələbələrimiz təhsil almaq üçün xaricə üz tuturlar. Çünki, təhsil haqqı, ödəniş aşağıdır. Onların da çoxu geri qayıtmır", — Nadir İsrafilov qeyd edib. Onun fikrincə, məsələ ilə əlaqədar istər dövlət, istər özəl universitetlər əsaslı tədbirlər həyata keçirməlidir: "Çünki, belə getsə, bizim təhsilimiz sual altına düşəcək. Universitetlər müəyyən güzəştlərə getməli, qabaqlayıcı tədbirlər görməlidir. Bu cür vəziyyət davam etsə, təhsilimiz üçün təhlükə yarana bilər". "Tədbirlərə gəlincə: Misalçün, universitetdə müəllimə əmək haqqı 1200 manat deyil, 1000 manat verilsin. Universitetlər xərclərinə diqqət etsinlər və s. Dünya təcrübəsində var ki, tələbələrə ödənişə görə 4-6 faizlik kreditlər verirlər. Tələbə ali məktəbi bitirdikdən sonra işləyərək o krediti 20-30 ilə ödəyir. Dəfələrlə bu məsələ bizdə qaldırılsa da, bu məsələ öz həllini tapmayıb. Ödəniş məsələsi mütləq həll edilməlidir", — ekspert vurğulayıb.
Nadir İsrafilov, təhsil üzrə ekspert İsrafilova görə, son 10-15 ildə təhsil siyasətində ən böyük nöqsan, ayrı-ayrı universitetlərin plan yerlərini doldurması üçün qəbul ballarını azaltması olub: "Uzun illər 150 balla universitetə tələbə qəbul etmişik. 150 bal klassik 5 bal qiymətləndirməsində 0 deməkdir, heç 1 də etmir. 200 balın özü də 1 qiymətdir. 5 ballıq şkala ilə götürəndə 350 baldan yuxarı tələbəni ixtisas seçiminə buraxmaq olar. Amma biz uzun illər 150-200 bal ilə tələbləri universitetə qəbul etmişik. Biz keyfiyyətli təhsil almaq üçün keçid balını minimum 350 bala qaldırmalıyıq. Keyfiyyət ilə kəmiyyət bir yerdə inkişaf edə bilməz". Qeyd edək ki, 2016/2017-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 41736 yer ayrılıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 34771 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12315 nəfər dövlət sifarişi əsasında, 22456 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Qəbul planı 83.31 % dolub. Bu il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının plan yerləri tam, Azərbaycan Turizm və Menecment Univeristeti, Milli Aviasiya Akademiyası, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun plan yerləri isə 95 faiz və daha çox dolub.