

“Azərbaycan kinli ölkə deyil. Ümumiyyətlə, siyasətçilər və dövlətlər normal insanlar kimi insani münasibətlər kontekstində münasibətlər qurmamalıdır. Yəni dövlətlərarası münasibətlərdə maraqlar, beynəlxalq vəziyyət, hüquq, eyni qaydada praqmatizm kimi məsələlər ön plana çəkilməlidir. Azərbaycan da demək olar ki, bütün ölkələrlə münasibətlərini beynəlxalq hüquq və qarşılıqlı maraq əsasında formalaşdırır. Fransa ilə münasibətlərdə gərginlik yaranmışdı. Bu yaranan gərginlik Fransa ilə bağlı idi”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O əlavə edib ki, bu gün tərəflərdən biri, yəni Fransa özünə qarşı addım atırsa, rəsmi Bakı da buna eyni qaydada cavab verəcək: “Burada əsas məsələ hansı ölkə ilə rəqabət aparmağımız deyil. Bizim üçün düşməndən çox, dost qazanmaq daha maraqlıdır. Aydın məsələdir ki, Fransa Azərbaycanın dostu deyil. Ancaq hər halda maraqlar çərçivəsində rəsmi Bakı Parislə münasibətləri normallaşdıra, humanitar, mədəni, iqtisadi sahələrdəki münasibətlər əvvəlki qaydaya gələ bilər. Siyasi sahədə münasibətlərin normallaşması isə vaxt aparır. Çünki etimadın bərpası, eyni qaydada daxili lobbi, diaspor fəaliyyətlərinin yenidən qurulması, parlamentlərarası qrupun fəaliyyəti kimi məsələlər vaxt aparır. Əminəm ki, Fransa tərəfi Azərbaycana qarşı parlamentar səviyyədə qanunlar, qətnamələr qəbul edib. Onların ləğvi lazımdır. Bu da hüquqi baxımdan çox çətin məsələdir. Fransa senatında qanun qəbul edilərkən göstərilən iradə kimi bir iradə olmalıdır ki, o qanunlar ləğv edilsin. Bunlar qaldığı təqdirdə Azərbaycanla Fransa arasında siyasi kontekstdəki münasibətlərin normallaşması bir qədər vaxt aparacaq. Hər halda Parisdən başqa neqativ addımların atılmadığı təqdirdə Azərbaycanın da münasibətləri gərginləşdirəcəyini düşünmürəm.
T.Rzayev diqqətə çatdırıb ki, dövlətlər üçün düşmən ölkə obrazı olmamalıdır: “Dövlətlərin birmənalı dostu və ya düşməni olmur, dövlətlərin maraqlar kontekstində əməkdaşlıq etdiyi strateji tərəfdaşları və rəqibi olur ki, bu gün Fransa Azərbaycanı rəqib görmürsə, Azərbaycana qarşı destruktiv siyasətindən əl çəkirsə, şübhəsiz, rəsmi Bakı da Fransaya eyni tərzdə cavab verəcək. Yox, əgər əksi olarsa, Azərbaycan yenə eyni qaydada cavab verəcək. Nəzərə almaq lazımdır ki, bu gün Fransanın Azərbaycana təzyiq rıçaklarından daha çox, Azərbaycanın Fransaya təzyiq rıçakları var. Bu təzyiq rıçaklarını bizim əlimizə verən, eyni zamanda, o boşluqları bizə göstərən yenə Fransa olub”.
Röya İsrafilova