Ukrayna DİN-in binası qarşısında etiraz aksiyası Hadisə

Ukrayna DİN-in binası qarşısında etiraz aksiyası

Ukraynada yaşayan azərbaycanlılar bu gün Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçiriblər.
Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etirazlarını bildiriblər.
Mitinq iştirakçılarının APA-ya verdiyi məlumata görə, sonda aksiyanın qətnaməsi qəbul olunub.
Qətnamədə bildirilib ki, Arsen Avakovun daxili işlər naziri təyin olunmasından ötən 2 il müddətində 20-dən çox azərbaycanlı iş adamı və iş adamlarının övladları oğurlanıb, tanınmış azərbaycanlılara qarşı sui-qəsd halları artıb, bu cinayətlərin üstünün açılması təmin edilməyib.
Bildirilib ki, bununla bağlı Ukraynadakı Azərbaycan diasporu ölkə prezidentinə və Daxili İşlər Nazirliyinə 30-dan çox müraciət etsə də, nəticə olmayıb: "Bu hal davam edərsə və azərbaycanlılara qarşı baş verən bu halların qarşısı alınmasa, bütün ölkə üzrə azərbaycanlıların oturaq aksiyası təşkil olunacaq".
Daha sonra Ukrayna daxili işlər nazirinin müşaviri İvan Stoyka aksiya iştirakçıları adından Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi və Konqresin Ali Məclis sədri Akif Gülməmmədovu qəbul edib. DİN adından azərbaycanlılara rəsmi təminat verilib ki, təhlükəsizliklərinin təmin oluması üçün lazımı addımlar atılacaq. İvan Stoyka nazirin adından azərbaycanlılara söz verib ki, bu günlərdə hökumətdə azərbaycanlılarla rəhbərliyin görüşü təşkil ediləcək, yaranmış narahatlığa son qoyulması üçün tədbilər görüləcək.
Aksiyanın qətnaməsi DİN-ə də təqdim olunub.
Aksiyadan sonra azərbaycanlı gənclər oğurlanan həmyaşıdlarına dəstək olaraq Arsen Avakovu tənqid edən "fləşmob" keçiriblər.