Kəşf olunmamış düha Hadisə

Kəşf olunmamış düha

"Millət nə irqə, nə qövmə, nə coğrafiyaya, nə siyasətə, nə də iradəyə bağlı bir topluluq deyildir. Millət dil, din, əxlaq və bütün gözəl sənətlər - estetika baxımından ortaq olan, yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət bir zümrədir"

Əli Bəy Hüseynzadə


Elçin Mirzəbəyli

Elə insanlar var ki, onların obrazını yaratmaq üçün adi kömür parçası, yaxud kömürlü qələm də yetərlidir. Kağızın üzərinə 1-2 cizgi çəkirsən, yaxud bir neçə kəlmə yazırsan, vəssalam, obraz yaranır. Amma elə şəxsiyyətlər də var ki, onların portretini yaratmaq üçün politranın da, sözün də rəngləri yetərli olmur. Nə qədər mahir fırça, yaxud söz ustası olursansa ol, yenə də sonunda yaratdığın obrazın əyər-əskiyindən qaçmağa, üzünü gizlətməyə, gözünü yayındırmağa çalışırsan. Belə insanların sayı, nəinki Azərbaycanda, bəlkə də bütün Türk Dünyasında barmaqla sayılan qədərdir...
Əli bəy Hüseynzadə haqqında yazmaq qərına gələndə xeyli düşündüm. Azərbaycanın, Türk Dünyasının ideoloji yol xəritəsini yaradan bir insan haqqında nə yaza bilərəm? Xidmətlərinin yer aldığı ensklopedik məlumatlar, haqqında Azərbaycanda və Türkiyədə yazılan əsərlər, araşdırmalar belə Əli Turan şəxsiyyətinin kölgəsində nəzərə çarpmır, onun böyüklüyünü, nəhəngliyini ifadə edə bilmir... Və mən bir neçə min işarəlik yazımla bu KƏŞF OLUNMAMIŞ DÜHAnın qırmızı imperiyanın qaranlıqlarından boylanan mükəmməl portretinə necə işıq tutacağam? Bilmirəm...
Əli bəy Hüseynzadənin əsərlərini, haqqında yazılanları varaqlayıram.
Rəfiq Zəka Xəndanın Böyük Ustada həsr etdiyi və 1994-cü ildə işıq üzü görən kitabı "Unudulmuş düha" adlanır.
Kitabı yenidən varaqladım... və Əli bəy Hüseynzadənin unudulmuş deyil, KƏŞF OLUNMAMIŞ DÜHA olduğu qənaətinə gəldim.
Əslində Əli bəy Hüseynzadə heç zaman unudulmayıb. Azərbaycan qırmızı imperiyanın məngənəsində boğulduğu dönəmdə onu qardaş Türkiyədə vaxtaşırı xatırlayıblar. "Dəyərləndiriblər" yaza bilməyəcəyəm... Çünki Əli bəy Hüseynzadənin Türkiyəyə və Türk Dünyasına verdiklərinin müqabilində ona verilən dəyər o qədər miskin görünür ki, bu haqda yazmağa belə lüzum görmürəm. Əli bəydən yetərincə yararlanıblar, adını çəkiblər, istinad ediblər, amma layiq olduğu dəyəri verməyiblər. Onun türkçülüyün atası olduğunu etiraf etməyə cəsarətləri və böyüklükləri çatmayıb.
Türkiyənin tanınmış ədəbiyyat araşdırmaçısı və şairi Əli Canip Yöntem 1962-ci ildə Əli bəy Hüseynzadə haqqında dərc etdirdiyi məqaləsində yazır: "Ziyanı (Ziya Göyalp nəzərdə tutulur - E.M.) türkçülük sahəsində oyandıran ikinci şəxs Hüseynzadə Əli bəy olmuşdur. Bu oyanış qarşı-qarşıya görüşüb tanış olmaqla deyil, Əli bəy Hüseynzadənin daha əvvəl Bakıda nəşr etdiyi "Füyuzat" və digər dərgiləri oxumasından hasil olmuşdur".
Əli bəy Hüseynzadənin "Türkçülüyün əsasları"nı yazan Ziya Göyalpı türkçülüklə bağlı oyandıran ikinci şəxs olduğunu iddia edən Əli Canip Yöntem elə həmin məqaləsində özünü təkzib edir. Bəlli olur ki, Əli Canip Yöntemin Ziya Göyalpın birinci müəllimi kimi təqdim etdiyi Abdulla Cevdet "Türçülüyün əsasları" əsərinin müəllifinə sadəcə fransızca öyrənməyi məsləhət görüb və onu fransız filosoflarının əsərləri ilə, xüsusilə də fransız filosofu və sosioloqu Emil Dürkhaymın araşdırmaları ilə tanış edib: "Əli bəy Hüseynzadə Selanikə gəldiyi zaman Qustav Lebonu (Fransız sosialogiya məktəbinin banisi - E.M.) oxuyurdu. Ziya Göyalp isə o zaman Berqson (Fransız filosofu Henri Berqsonu nəzərdə tutur - E.M.) və Emil Dürkhaym (Fransız sosioloqu və filosofu - E.M.)) ilə məşğul olurdu. Ziya mütamadi olaraq Əli bəyə deyirdi ki, "Dürkhaymı al, Qustav Lebon sistemsiz bir adamdır, filosof deyil"." Ziya Göyalpın iddialı məsləhətinin qarşılığında nəzakətlə davranan Əli bəy Hüseyzadə günlərin birində Emil Dürkhaymın əsərlərindən birini alıb gətirir və Ziya Göyalpa adı çəkilən fransız filosofi haqqında qənaətinin tamamilə yanlış olduğunu sübuta yetirir...
Təəssüf ki, Ziya Göyalp da "Türkçülüyün əsasları" kitabında Türkçülüyün gerçək atasına onun layiq olduğu dəyəri verə bilməyib. Göyalpa görə, türkçülüyün ataları Sultan Əbdülhəmidin zamanında əsası qoyulan İstanbul Universitetinin professoru Əhməd Vaqif Paşa və Osmanlının hərbi məktəblər üzrə dövlət naziri Süleyman Paşadır.
Halbuki nə Əhməd Vaqif Paşa, nə də Süleyman Paşa türkçülüyün elmi-nəzəri əsasları ilə bağlı nəinki hər hansı bir əsər, hətta tezis belə yazmayıblar. Sadəcə, Osmanlı adlanan dövlətin ərazisində yaşayan toplumun türk, onun danışdığı dilin isə türk dili olduğunu yazıblar. Əhməd Vaqif Paşa "Türklərin soy ağacı" kitabını Şərqi Türküstan türkcəsindən İstanbulda danışılan və ərəb, fars, türk dillərinin qarışığından ibarət ləhcəyə tərcümə edib, "Osmanlı ləhcəsi" adlı lüğət kitabı hazırlayıb. Süleyman Paşa isə "Dünya tarixi" adlı əsərində Osmanlı tarixçilərinin arasında ilk dəfə Çin mənbələrinə istinad edərək türklərin mifik qəhrəmanı və hökmdarı Oğuz xanın Göytürk imperiyasının qurucusu Mete xan olduğunu yazıb.
Şübhəsiz ki, hər iki şəxsin xidmətləri türkçülüyün elmi-nəzəri sistem olaraq formalaşmasında, ümmətçilikdən millətçiliyə aparan yolda xələflərinin daha inamlı addımlamaları üçün mühüm əhəmiyyət daşıyır. Lakin bütün bunlar onların "türkçülüyün atası" adlandırılmaları üçün yetərli deyil.

Türkçülüyün gerçək atası


Əli bəy Hüseynzadənin "Türklər kimdir və kimlərdən ibarətdir?" silsilə məqalələri türkçülüyə sistemli və elmi yanaşmanın hörmətli Ziya Göyalpdan başlaması barədə iddiaların da əsassız olduğunu sübuta yetirir. Əli bəyin 1905-ci ildə Tiflisdə irəli sürdüyü fikir - tükçülüyün ideoloji təməlini və ana xəttini təşkil edən "Türkləşmək, islamlaşmaq, müasirləşmək" modeli bu böyük dühanın sistemli və uzaq hədəflərlə hesablanmış strateji dünyagörüşünün göstəricisi kimi qiymətləndirməlidir.
Əli bəy Hüseynzadə "Türklər kimdir və kimlərdən ibarətdir?" silsilə məqalələrində türkçülüyü məhdud etnik anlayış çərçivəsindən çıxararaq mədəniyyət səviyyəsinə qaldırır, onu vahid bir sistem halına gətirir, türk çoxluğuna və türk coğrafiyasında məskunlaşan etnik qruplara birgəyaşayışın yollarını göstərir.
İqtibas: "Millət nə irqə, nə qövmə, nə coğrafiyaya, nə siyasətə, nə də iradəyə bağlı bir topluluq deyildir. Millət dil, din, əxlaq və bütün gözəl sənətlər - estetika baxımından ortaq olan, yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət bir zümrədir (Əli bəy Hüseynzadə "Türklər kimdir və kimlərdən ibarətdir?"".
Ziya Göyalpa görə də, etnik qruplara məxsus harsların inteqrasiyası böyük türk mədəniyyətinin yaranmasına səbəb olub və bu mədəniyyətin daşıyıcısı olan hər bir kəs irqindən asılı olmayaraq türk millətinin nümayəndəsi sayılır.
Qeyd edim ki, Əli bəy Hüeynzadənin "Türklər kimdir və kimlərdən ibarətdir?" silsilə məqalələri 1905-1906-cı illərdə nəşr olunan "Həyat" qəzetində dərc edilib. Ziya Göyalp isə türkçülüklə bağlı ilk məqalələrini Əli Bəy Hüseynzadə ilə tanışlıqdan sonra, 1911-ci ildən etibarən qələmə almağa başlayıb. Haqqında söz açdığımız "Türkçülüyün əsasları" əsərini isə 1923-cü ildə yazıb. Bu baxımdan, Ziya Göyalpın həm "Türkçülüyün əsasları", həm də "Türk mədəniyyətinin tarixi" əsərlərinin, xüsusilə də "hars (kiçik etnik qrupların mədəniyyəti) və "mədəniyyət" anlayışları ilə bağlı araşdırmalarının məhz Əli Bəy Hüseynzadənin məqalələrindən və əsərlərindən qaynaqlandığı zərrə qədər də şübhə doğurmur.
Əli bəy Hüseynzadənin məqalələrinin az qala hər cümləsi bir elmi araşdırmanın mövzusudur. Əli bəy türkçülüyün mahiyyətini əks etdirən, bu ideyanın türk millətinin mövcudluğu və inkişafı üçün yol xəritəsi olduğunu sübuta yetirən fəlsəfi, sosioloji və siyasi tezislərlə çıxış edir. İrəli sürdüyü tezislərin şərhini isə öz davamçılarının, tələbələrinin öhdəsinə buraxır.
Əli bəyin Uca Türk Millətinə miras qoyduğu türkçülük ideyası, böyük ustadın ifadə etdiyi kimi, "türk millətininin yüksəlişinə xidmət edir". Onun təqdim etdiyi milli tərbiyə və inkişaf sistemi başqa millətlərin əzilməsi və aşağılanması üzərində qurulmayıb, irq birliyini deyil ortaq mədəniyyəti ehtiva edir. Bu yanaşma isə şübhəsiz ki, kiçik etnik qrupların və onların mədəniyyətlərinin qoruyucusu, hamisidir. Çünkü atlarının dırnağı ilə vardığı hər yerə mədəniyyət gətirən Türkün ruhundan, sistemli dünyagörüşündən qaynaqlanır.
Bu yazıda Əli Bəy Hüseynzadədən və Ziya Göyalpdan gətirdiyim iqtibasları müqayisəli şəkildə təqdim etməkdə məqsədim adları Türk Millətinin ortaq tarixinə qızıl hərflərlə yazılmış bu iki dühanı qarşı-qarşıya qoymaqdan ibarət deyil, tarixi həqiqətə ayna tutmaq, türk əxlaqından çıxış edərək hər kəsin haqqının özünə verilməsinə azacıq da olsa dəstək olmaqdır.
Əli Bəy Hüseynzadə Türkçülüyün Atası, bu gün mövcud olan türk dövlətlərinin milli inkişaf yolunu, strateji hədəflərini yazan, Böyük Türk Birliyinin ideoloji asaslarını yaradan dühadır! Həm də haqqı verilməyən və məhz bu səbəbdən də KƏŞF OLUNMAMIŞ DÜHA!

Yazı Azərbaycan Mətbuat Şurasının və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin "Əli bəy Hüseynzadə və Türk Dünyası" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur