Azərbaycan Səfəvi dövləti beynəlxalq aləmdə Hadisə

Azərbaycan Səfəvi dövləti beynəlxalq aləmdə

I Şah Abbasın səyyahı türk dilində "xoş gəldin", "şəfa gəldin" deyə qarşılaması, divanxanada danışıqların türk dilində getməsi, sarayda türk dilinin əsas danışıq dili olmasının göstəricisi idi

Qulamlar Osmanlı dövlətindəki yeniçərilər kimi türk dilli idilər və bəzi tarixi əsərlərdə onların farslaşma zorunda qalmaları haqqındakı fikirlər ciddi elmi dəlillərə söykənmir. Türkiyə tarixçisi F.Sümərin unikal qaynaq materiallarına əsaslanaraq yazdığı kimi, qullar və oturaq əhaliyə mənsub tüfəngçilər Qızılbaşlara qarşı müvazinət ünsürü kimi yaradılsa da, köçəbə (yarımköçəri) Türk oymaqları əskidə olduğu qayda üzrə yenə də dövlətin ana dirəyi olub, öz nüfuzunu qoruyub saxlamışdılar. Daha sonra F.Sümər qeyd edir: "Dövlət xidmətindəki taciklər (iranlı, yaxud fars) heç bir zaman Səlcuqlu dövründə olduğu kimi, dövlətin siyasi həyatında mühüm rollar oynamamışdılar".
Qeyd olunduğu kimi, qeyri-türk soylu, ancaq türkdilli əmirlərin I Şah Abbasın islahatı ilə dövlətin idarəetmə orqanlarında işə cəlb olunmasını dövlətdə iranlılaşma prosesinin başlanması kimi qəbul etmək əslində düzgün deyil. Avropa dövlətləri tarixinin XVI-XIX əsrləri izlənilərkən hətta ayrı-ayrı ölkələrdə doğma dillərində danışmaq qəbahəti və idarəçiliyə başqa xalqlardan olan əsilzadələrin kütləvi cəlb olunması hallarına az təsadüf edilmir. Halbuki Qərb tarixçiliyində bu vəziyyət dövlətlərin milli mahiyyətini dəyişməsi kimi qəbul edilmir və yaxud bu məsələlərə heç toxunulmur. İ.P.Petruşevski yazır: "I Şah Abbasa qədər bəylərbəyi yalnız Qızılbaş tayfalarının adlı-sanlı əmirlərindən, yaxud şahzadələrdən təyin olunurdu. I Şah Abbasdan etibarən bəylərbəyi vəzifəsinə yeni qulam hərbi əsilzadə nümayəndələrindən də təyin etməyə başladılar".
Müəllifin bu fikri tarixi gerçəkliklərə uyğun gəlir. Lakin onu da qeyd etmək lazımdır ki, I Şah Abbasın özü 1605-ci ildə Türkman əmirlərindən Pirbudaq xanı Azərbaycana, 1607-ci ildə Qaramanlı əmirlərindən Zülfüqar xan Qaramalını Şirvana, 1606-cı ildə Qacar əmirlərindən Məhəmməd ibn Xəlil xan Ziyad oğlunu Qarabağa, 1606-cı ildə Qacarlardan Əmirgünə xan Qacarı Çuxur Sədə bəylərbəyi təyin etmişdi. XVII əsrin axırlarına qədər də belə olmuşdu. Beləliklə, Qızılbaş əmirlərinin Osmanlı yürüşlərinə son qoyulduqdan sonra yenə də Azərbaycan, Şirvan, Qarabağ və Çuxur Səddə yerli hakimiyyətləri bərpa olunur. Ancaq mərkəzləşmiş dövlət daxilində bəylərbəyilərin vilayətlərdə Qızılbaş tayfalarının hərbi qüdrətinə arxalanaraq öz hakimiyyətlərni möhkəmləndirmələri, onlarda irsi idarə meyllərinin güclənməsi Səfəvi şahlarının mənafeyinə uyğun deyildi. Buna görə də, XVII yüzillikdə Səfəvi hökmdarları vilayət aparatının dövlət asılılığını möhkəmləndirmək məqsədlə qulamlardan ibarət yeni hərbi əsilzadə nümayəndələrinin əyalətlərə bəylərbəyi təyin edilməsini təcrübədən keçirirdilər. Ancaq bu təcrübə özünü doğrultmamış və bu dövrdə bir sıra qulam əyanlarının müəyyən vilayətlərdə qısa müddətli hakimiyyəti də Səfəvi dövlətinin milli mahiyyətinə təsir göstərə bilməmişdi. Düzdür, İsgəndər bəy Münşinin verdiyi məlumata görə, qulamların yüksək hərbi zümrəsindən vilayət və mahal idarəçiliyində istifadə olunub və o, əsərində onlardan 15 nəfərinə xan və sultan titulu verildiyini yazıb. Digər tərəfdən qulam vilayət, yaxud mahala hakim göndərildikdə o, əvvəlcə həmin izibati vahid ərazisində yaşayan Türk-Qızılbaş tayfa və oymaqlardan birinə mir-e el (el, tayfa başçısı - əmiri) təyin olunmasa, orada öz vəzifəsini icra edə bilməzdi. Məsələn, İmamqulu xanın qardaşı Davud xan qulamların yüksək rütbəli əmirlərindən olub, Məhəmmədqulu xan Qacarın yerinə Qarabağ bəylərbəyi göndərildikdə, oradakı Qacar eli və oymağının mir-e eli vəzifəsinə də təyin olunmuşdu. Çərkəz Qazaq xan isə Şirvan bəylərbəyi olduğu zaman, həm də orada Qaramanlı, Çavuşlu tayfasının əmiri idi. Şirvanda Dərbənd və Şabrana hakim göndərilmiş Fərrux sultan həm də oradakı Bayat və Rumlu tayfasının da əmiri olmuşdu. 1628-ci ildə Novruz Sultan isə Qarabağda Cavanşir, Otuz iki elinə əmir təyin edilmişdi. Göründüyü kimi, Qarabağ və Şirvana hakim statusu ilə göndərilmiş qulam hərbi əsilzadə nümayəndələri vəzifədə olduqları vilayət, yaxud mahal ərazisindəki türk oymaqlarından birinin də əmiri olmuşdular. Ancaq İskəndər bəy Münşinin 1628-ci il siyahısında adlarını qeyd etdiyi 15 nəfər yeni hərbi əsilzadələrdən yalnız üç nəfəri (ikisi xan, biri sultan titulu ilə) müəyyən vaxtda Qarabağ, Şirvan, Dərbənd və Şabranda hökmranlıq ediblər. Onu da göstərmək lazımdır ki, qeyri-türk olan qulamlar Azərbaycan türk dilini bilmədən, Qızılbaş tayfalarının adət və ənənələrinə bələd olmadan, yerli tayfaların hərbi qüvvələrinə arxalanmadan hər hansı vilayət və mahalda hakim vəzifəsində işləyə bilməzdilər. Əslində, orta əsr Osmanlı yeniçəriləri kimi, Səfəvi qulamları da islam dinini, Qızılbaş adət-ənənələrini qəbul etmişdilər. Onlar Azərbaycan türk dilində danışır və fars dilini bilmirdilər. Bu barədə 1617-1627-ci illər arası Səfəvi dövlətində olmuş Pyetro della Valle yazır: "…müxtəlif millətlərdən olan qulamlar var ki, öz aralarında türk dilində danışırlar və farsdan bir şey bilmirlər".
Əvvəlki yüzillikdə ollduğu kimi, XVII əsrdə də Azərbaycan Səfəvi dövlətinin hərbi dayağı yenə də Türkman, Qacar, Qaramanlı, Şamlı, Ustaclı və başqa türk elləri olub, vilayət bəylərbəyi və mahal hakimləri onların əmirlərindən təyin edilirdi. Beləliklə, İsgəndər bəy Münşinin əsərində 1628-ci il siyahısı üzrə vəzifələrə təyinatla bağlı məlumatların obyektiv təhlili I Şah Abbas dövründə Səfəvi dövlətinin milli mahiyyətinin dəyişməsi və burada Türk-Qızılbaşların hakimiyyətinin zəifləməsi haqqında bu günə qədər tarixçilikdə mövcud olan fikirlərin yanlış olduğunu təsdiq edir. Tarixçilikdə Azərbaycan Səfəvi dövlətinin milli mahiyyəti ilə bağlı mövcud olan səhv və qeyri-ciddi fikirlərin əksini göstərən qaynaqlar az deyil. Təkcə onu göstərmək kifayətdir ki, XVII yüzilin 70-ci illərində fransalı səyyah Şarden yazır, Qızılbaşların nüfuzu o qədər güclüdür ki, hazırda çox mühüm dövlət vəzifələri və orduda rəhbərlik də onların əlindədir. I Şah İsmayılın başçılığı altında əhalinin müxtəlif kateqoriyalarından olan əxilər, qazilər, sufilərin hərbi-siyasi mücadilələrində qurulmuş Azərbaycan Səfəvi dövləti beynəlxalq aləmdə iki yüzillk bir vaxt ərzində öz nüfuzunu gücləndirib artırmış, qoruyub saxlamışdı.
Vahid dövlətçilik ənənəsi iqtisadi irəliləyişlə bağlı mülki, inzibati, hərbi idarəçiliyə, elmi-mədəni yüksəlişə geniş imkanlar yaratmışdı. Və Azərbaycan türk dili dövlət dili statusu qazanmış, I Şah İsmayılın Avropa monarxlarına Azərbaycan türk dilində yazdığı məktublar isə bu dili rəsmi diplomatiya dili səviyyəsinə yüksəldə bilmişdi. Artıq Səfəvilər zamanında rəsmi sənədlər də Azərbaycan türk dilində tərtib olunurdu.
Mirzə Abbaslının "Şah İsmayıl Xətainin ömür yolu miniatürlərdə" əsərindəki Bakı və Füruzguh qalalarının alınmasına aid miniatürlərdə top və tüfəng təsvirləri, "topçu" və "tüfəngçi" ifadələrinin dilimizdə XVI əsrin əvvəllərindən mövcud olduğunu isbat edir. I Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri, ozanları sevir, onları himayə edirdi. Elə buna görə də, dilinə, vətəninə bağlı el şairləri, aşıqları da onu sevir və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Onlardan I Şah İsmayılla eyni dövrdə yaşamış və onu özünün mürşid-i kamili adlandıran Dirili Qurban "Şah Xətayi" gəraylısında "Qoy var olsun türki zəban, Şah Xətayi, Şah Xətayi" misraları, onunla eyni dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən "Qılmazam vallahi türki-tacidarım tərkini" deməsi Şah İsmayılın etnik kimliyinin bəlli aynası olub doğma türk dilinə sevgisinin də parlaq təzahürüdür.
I Şah İsmayılın dövrünün tarixi gerçəkliklərini əsərlərində bəzən olduğu kimi əks etdirməyə cəhd göstərmiş, tarixçi İ.P.Petruşevski yazır ki, Səfəvilər sarayında və orduda bu vaxtlar Ön Asiyanın bütün türk dilli tayfalarına aydın olan Azərbaycan dili qəbul edilmişdi və bu ədəbi dil Azərbaycan sərhədlərindən kənarlara da yayılmışdı.
I Şah Təhmasibin Osmanlı şahzadəsi Sultan Səlimə, ingilis kraliçası Yelizaveta Tüdora yazdığı (1558-1603) məktublar türk dilində olub, bu dilin XVI yüzildə dövlət, saray diplomatiya dili olmasının bəlli göstəricisidir. Azərbaycan türk dili I Şah Abbasın da doğma dili idi və onun sarayında da əcnəbi ölkələrdən gəlmiş elçilərlə rəsmi diplomatic danışıqlar bu dildə aparılırdı. Bu barədə italiyalı səyyah Pyetro della Valle aydın məlumat verir. Bir müddət ispan donanmasında hərbi xidmətdə olmuş Pyetro della Valle dövrünün bilim adamı olan dostu Mario Skipanonun məsləhəti əsasında xüsusi tapşırıqla 1614-cü ildə İtaliyadan Fələstinə göndərilən diplomatik heyətlə yola düşüb İstanbul, Qüds, Dəməşq, Bağdad şəhərlərində olmuş və sonra isə Səfəvilər dövlətinə gəlmişdi. 1617-ci ildə Səfəvi sərhəddini keçən Pyetro della Valle Qızılbaş dəstəsi ilə qarşılaşdığını və onlara Qəsri-Şirin nahiyəsinin hakimi Kazım Sultanın başçılıq etdiyini göstərir. Yazır ki, bir müddət süvarilərlə yol getdik. Onların hamısı bir-biri ilə türk dilində danışırdı. Bu dil Səfəvi dövlətində fars dilindən daha çox işlənir, dövlət və hərb dilidir. O, bunun əsas səbəbini ordunun, əyanların, dövlət məmurlarının türk soyundan olmaları, aralarında bu dildə danışmaları, türk dilinin hərbi dil olması ilə izah edir. I Şah Abbas haqqında səyyah yazır ki, təbəələri ona çox inanır, başına and içir, Həmədanda bir nəfər digərinə müəyyən bir şey diləmək arzusunda olanda türk dilində "Şah Abbas muradını versin" deyirlər. İsfahan şəhərində olarkən türk dili məsələsi onu yenidən maraqlandırır. Yazır ki, burada türk dilində daha çox danışırlar, bu dil dövlət və başçıların dilidir. Səyyah türk dilinin bu üstünlüyünün başqa səbəblərini də göstərir. O yazır ki, Qızılbaş əsgərlərinin təmiz türk olması, qeyri millətlərin çoxluq təşkil etdiyi qulamların türkdən başqa dil bilməməsi, zabitlər və Şahın orduda göstərişi, əmrləri bu dildə verməsi türk dilini dövlət, saray, hərbi dil səviyyəsinə qaldırıb. I Şah Abbasın səyyahı türk dilində "xoş gəldin", "şəfa gəldin" deyə qarşılaması, divanxanada danışıqların türk dilində getməsi, I Şah Abbasın sarayında türk dilinin əsas danışıq dili olmasının gerçək göstəricisi idi. Şahın özü də Pyetronun yazdığına görə, doğma türk dilini mükəmməl bilməsi ilə fəxr edirdi. Türk dili dövlət və saray dilidir.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor