“Böyük Ermənistan” xülyası Hadisə

“Böyük Ermənistan” xülyası

Azərbaycan Demokratik Cümhuriyyətinin naziri olmuş Əbdüləli bəy Əmircan erməni vəhşilikləri ilə bağlı kitab yazmışdı

XX yüzilin əvvəllərində (1907) ermənilərin yazdığı "Erməni-türk qırğınları" kitabında göstərilir ki, İrəvan quberniyasının ərazisində olan 1301 kəndin 959-da azərbaycanlılar yaşayıb. Tarixçi İsrafil Məmmədovun sözlərinə görə, "ermənilər etiraf edirlər ki, həmin dövrdə yaşayan azərbaycanlıların sayı 352 min nəfər olub. Əslində soyqırıma məruz qalan türklər olub. Hələ I Dünya Müharibəsindən əvvəl Fransanın Türkiyə ilə ərazi məsələsində anlaşılmazlıq vardı. Atatürk Türkiyə Cümhuriyyətini qurduqdan sonra fransızlar da Türkiyəni tərk etməyə məcbur oldular. O zamandan Fransanın Türkiyəyə olan acığı soyumaq bilmir. Tarixən də Fransada erməni lobbisi güclü olub. Məsələ burasındadır ki, tarixdən məlum olan Səlib yürüşlərinin qarşısını alan Türkiyədir. Həmin nifrət Türkiyəni sevməyənlərin içində hələ də qalır. Vaxtilə Los-Ancelosdakı universitetdə "Erməni dili və erməni tarixi" kafedrasının müdiri Riçard Ovanesyan deyirdi ki, soyqırımını etiraf etdirmək irəliyə doğru ilk addımımızdır. Guya ki, vaxtilə Türkiyədən didərgin düşmüş ermənilər artaraq 5-7 milyon nəfərə çatıb. Ermənilər hələ də ümid edirlər ki, həmin o didərgin düşmüş soydaşları Türkiyəyə qayıdaraq təzminat almalı və orada erməni dövləti qurmalıdırlar".
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ilk maliyyə naziri olmuş Əbdüləli bəy Əmircan Rusiya Azərbaycanı işğal etdikdən sonra, yəni 1920-ci ilin aprelindən sonra Türkiyəyə mühacirət etməyə məcbur olmuşdu. Əbdüləli bəy ermənilərin Qarabağdan Bakıya, oradan da İstanbula qədər törətdikləri qətliamları - zülmləri, vəhşəti görmüş, yaşamış və "Böyük Ermənistan xəyalı və Qarsdan Qarabağa qədər erməni vəhşəti"
adlı kitab yazmışdı. Əbdüləli bəy bu kitabında ermənilərin kimliyi və Osmanlı imperatorluğu zamanı onların durumu, daşnak və erməni kilsələrinin türkə qarşı hədyanlarının davamlı şəkildə səy göstərməsindən və bunu reallaşdırmasından, eləcə də digər məsələlərdən danışır. Kitab rusların ermənilərdən bir alət kimi istifadə etməsi məsələsi ilə başlayır. Əbdüləli bəy bildirir ki, 1870-ci illərdə II Aleksandr zamanında çar hökumətində əslən erməni olan Delyanov adlı bir şəxs maarif naziri vəzifəsinə təyin edildi. Həmin bu erməni əlaqələrindən istifadə edərək çar ordusuna çoxlu sayda erməni əsgərlərini daxil etdirə bildi. Məhz bu dövrdən başlayaraq ermənilər türklərə qarşı daha açıq şəkildə hücuma keçməyə başladılar. 1877-78-ci illərdə baş vermiş rus-türk müharibəsi zamanı həmin bu erməni qüvvələri türklərə qarşı amansızlıqları ilə seçiliblər.
I Dünya Müharibəsi zamanı ermənilər "Böyük Ermənistan xəyallar"ını gerçəkləşdirməyə cəhd edirlər. Əbdüləli bəy yazır ki, artıq 30 il müddətində rus ordusunda əsgərlik edən erməniləri müharibəyə çağırırlar. Onlar I Dünya Müharibəsinin başlanması xəbərini böyük bir sevinclə qarşılayırlar. Ermənilər düşünürdülər ki, Balkanlardakı müharibədən sonra özünə gəlməyən Türkiyəni bu zaman daha da halsızlaşdırmaq mümkün olacaq, bu isə onların xülyalarının gerçəkləşməsinə yol açacaq: "Əsgəri xidmətə çağırılan ermənilər türk kəndlərini yağmalamağa başladılar. Ermənilər qonaq qaldıqları evlərdə nə görürdülərsə, talan edirdilər. Bu vəziyyəti anlamayan türklərə ermənilər həyasızcasına "Müharibədən dönən zaman əşyalarınızı qaytaracağıq" - deyə hırıldayırdılar. Ermənilər doğrudan da qayıtdılar, ancaq onların gətirdikləri yalnız bomba və tüfənglər oldu. Ermənilərin qayıtdığı zaman ilk işləri də türklərin üzərinə hücum idi. Silahsız türklərə qarşı həyata keçirilən bu alçaq təcavüz nəticəsində çoxlu sayda türk öldürüldü. Ermənilər Anadoludakı türklərə qarşı ən vəhşi üsullara əl atırdılar. Onlar hamilə qadınları süngü ilə öldürür, qarınlarını cırır, yeni doğulmuş körpələri havaya ataraq süngüyə keçirirdilər. Mən onların Bakıdakı vəhşiliklərini gözlərimlə gördüm".
"Ermənistan" adlı qondarma dövlətin ərazisinin 94 il əvvələdək başdan-başa Azərbaycan türklərinin dədə-baba torpağı olduğu hamıya gün kimi aydındır. İndi o yerlərdə bir nəfər də olsun, soydaşımız yaşamır: o yerlər, o təbiət qətiyyən erməni ruhu üçün yaranmayıb.
Araşdırmaçı Tacir Səmimi "Ermənistan" adlandırılan əzəli türk məskənində anadan olub, orada boya-başa çatıb: "Ermənilər çox zaman gəldikləri yerlərə qayıtmaq istəyirdilər, ancaq onlara imkan vermirdilər. Onları köçürənlər erməniləri aldadırdılar ki, getdiyiniz yerdə hər cür şəraitiniz olacaq. Məqsəd bu və ya digər bölgədə Azərbaycan türklərini sıxışdırıb çıxarmaq hesabına ermənilərin çoxluğunu yaratmaq idi. Ta çarizm dövründən başlayaraq bu yerlərin türksüzləşdirilməsi ideyasının zaman-zaman gerçəkləşdirilməsinə başlandı. Ermənilər Arpa gölünün ərazisini genişləndirməklə türksüzləşdirmə yönündə daha bir mübarizə metodu tapdılar. 1940-cı illərdə edilən bu cür əməllər sayəsində Arpa gölünün ərazisi xeyli böyüdü, əkin yerləri suyun altında qaldı, əhalinin dolanışığı çətinləşdi. Məqsəd soydaşlarımızın o yerlərdən perikdirilməsi idi. Təsadüfi deyil ki, nə qədər soydaşımız dədə-baba torpaqlarını tərk edib Azərbaycana, eləcə də başqa ərazilərə üz tutdular".
Qızılqoç 1918-20-ci illərdə erməni vəhşiliyi nəticəsində tamamilə məhv olub. Tamamilə müqavimətsizlik yaratdıqdan sonra o yerlərdə erməniləri yerləşdirməyə başladılar. Ermənilər həmin ərazidə türk ruhuna aid nə vardısa, vəhşicəsinə sildilər. Bu, bir soyqırım hadisəsi idi. Hər şeydən əvvəl o yerlərdəki toponimlərin heç biri ermənicə deyil, xalis türkcə idi. İndi "Ermənistan" adlanan ərazilərin hər yerində Azərbaycan türkləri yaşayırdılar. Təəssüf ki, soydaşlarımızın arasında əlaqə yox idi. Başımıza gələnlərdən heç vaxt dərs almadıq. Orada Azərbaycan türkü ara sakitləşən kimi həmişə başını aşağı salıb gündəlik güzəran qayğıları ilə məşğul olub. Daha fikirləşməyib ki, erməni ona yeni-yeni fitnələr hazırlayır. Erməni heç vaxt dinc durmayıb, indi daha da azğınlaşıb. Ermənilər 1988-ci il hadisələri zamanı 200-dən çox soydaşımızı amansızcasına qətlə yetirmişdilər. Vəhşilərin bu hərəkətlərindən soydaşlarımız təbii ki, qorxuya düşmüşdülər. Soydaşlarımız uzun müddət mühasirə vəziyyətində qalmışdılar. Ətraf ermənilərin isə hamısı silahlı idilər".
1988-ci ildə Qərbi Azərbaycandan - tarixi dədə-baba torpaqlarından soydaşlarımızın sonuncu köç dalğası başlandı. 200 mindən çox Azərbaycan türkü deportasiyalara, hər cür zülm-zillətə, qətl-qarətə məruz qaldı. O yerlər başdan-binadan türk ruhu üçün yaranmışdı. İndi miskin erməni özünü həmin yerlərin yiyəsi kimi aparır. Bu mənada T.Səmiminin "Qədim Oğuz Yurdunun Düzkənd kəndi" adlı kitabında itirilmiş, qürbətdə qalan yurd yerlərindən söz açılır.
"Erməni xasiyyəti", "Yediyar" kimi hekayələr ermənilərdən, onların murdar xislətindən, zülm və qəddarlığından bəhs edir.
"Ermənistan" adlanan tarixi türk ərazilərində yaşamış soydaşlarımızın tarix boyunca üzləşdikləri fəlakətlərlə, ümumən o ellərin tarixi ilə bağlı dəyərli araşdırmalar müəllifi Əziz Ələkbərli xalqımızın yüzillər boyunca məruz qaldığı soyqırım və deportasiya fəlakətlərini sistemli şəkildə araşdırır: "Məqsəd son iki yüz ildə Qafqazda azərbaycanlıların soyqırımı və deportasiyası məsələsinin bütün aspektlərini araşdırmaq, öyrənmək, ümumiləşdirmək, Azərbaycan və dünya ictimaiyyətinə bu məsələ ilə bağlı bütün tarixi həqiqətləri çılpaqlığı ilə çatdırmaqdır. Daha bəsdir, qoy həm öz xalqımız, həm də bütün dünya kimin kim və nəyin nə olduğunu görsün, bilsin, nəticə çıxarsın. Xalqımızın özünün yaxın və uzaq tarixi ilə bağlı bütün həqiqətləri ortaya qoymağa kifayət qədər elmi, kadr və texnoloji potensialı var. Xalqımızın deportasiyası və soyqırımı məsələsinin elə bir cəhəti yoxdur ki, ona tam aydınlıq gətirilmiş olsun. Birincisi, bütün rəsmi və qeyri-rəsmi sənəd və yazılarda xalqımızın soyqırımından danışılarkən "iki yüz ildən çox", "iki yüz ilə yaxın", "yüz ildən artıq" deyə onun dəqiq tarixi şübhə altına alınır. Belə çıxır ki, biz soyqırımından danışırıq, ancaq hələ onun dəqiq tarixini bilmirik. Dəqiq tarixini bilmiriksə, deməli, nədən danışdığımızı da bilmirik. Halbuki bu soyqırımının dəqiq tarixi - ili, ayı, günü məlumdur. 1988-ci ildə qərbi azərbaycanlı soydaşlarımız doğma yurdlarından qovularkən neçə nəfəri ermənilər tərəfindən qətlə yetirilib? Sənədlər müxtəlif rəqəmlər göstərir: 216, 226, 300, hətta 500 nəfər. 1988-ci ildə soydaşlarımızın ictimai və fərdi təsərrüfatlarda nə qədər əmlakı onların əlindən zorla alınıb və əvəzi ödənilmədən ermənilər tərəfindən mənimsənilib? 1988-ci ildə Qərbi Azərbaycanda neçə tarixi abidəmiz, pir-ocaq-ziyarətgah və qəbiristanlıqlarımız sahibsiz qalıb?"
1918-1920-ci illərdə türklərin soyqırımı dövründə Ermənistanın indiki ərazisində yaşayan 575 min soydaşımızın 565 mini qırılıb və qovulub. Bu rəqəmi Z.Korkordyan "Sovet Ermənistanının əhalisi - 1831-1931" kitabında təsdiq edir. 1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir az artıq Azərbaycan türk əhalisi qalmışdı. 1922-ci ildə yenidən indiki Ermənistan ərazisinə, yəni öz dədə-baba torpaqlarına 60 min Azərbaycan türkü qayıtdı. Həmin dövrdə artıq orada yenidən məskunlaşmağa başlayan soydaşlarımızın sayı 72 min 596 nəfər oldu. Zəngəzur qəzasında o dövrdə 100-dən artıq kənd dağıdılmış, 50 mindən artıq azərbaycanlı Azərbaycan kəndlərinə pənah gətirmişdi. Sadə hesablamalara görə, təkcə həmin qəzada yaşayan soydaşlarımıza ümumilikdə 1 milyard manat dəyərində zərər vurulmuşdu. 1948-1953-cü illərdə Ermənistanda yaşayan soydaşlarımızın mərhələli şəkildə dədə-baba torpaqlarından deportasiya olunmasına qərar verildi. Stalin rejiminin qılıncının dalının və qabağının kəsdiyi bir zamanda 100 min Azərbaycan türkü guya "öz istəyinə" əsasən o vaxtkı Azərbaycan SSR-in Kür-Araz ovalığına "könüllü" şəkildə köçürülürdü. Ancaq bu, bir xalqın sözün əsl mənasında soyqırıma məruz qalması demək idi. Köçürülmə prosesində minlərlə soydaşımız şəraitin çətinliyinə dözməyərək məhv oldu. Həhayət, 1988-1989-cu illərdə indiki Ermənistan ərazisindən 10 minlərlə soydaşımız soyqırıma və deportasiyaya məruz qaldı. Bu, bəşər tarixində misli-bərabəri olmayan bir cinayət aktı idi. İ.Məmmədovun fikrincə, bu sahənin tədqiqatçıları şübhəsiz, gələcəkdə sübut edəcəklər ki, 1988-1989-cu illərdə Ermənistandan qovulmuş Azərbaycan türklərinin sayı müxtəlif mənbələrdə göstərildiyi kimi 200 min deyil, daha çoxdur.

Uğur