Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları Hadisə

Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları

5-ci yazı

Qeyd olunduğu kimi qaynaqlarda baş vəzir əmire divan, sahibi divan və hətta vəkil ünvanı ilə yazıya alınıb. I Şah İsmayıl və I Şah Təhmasibin dövründə vəkil əslində vəzirə sinonim kimi də qaynaqlarda göstərilir. Eyni zamanda onu da göstərmək lazımdır ki, bu dövrdə vəkil titul, yaxud mənsəb kimi də baş vəzir vəzifəsinə əlavə edilirdi. I Şah İsmayıl h. 914-cü (1509) ildə Əmir Nəcməddin Məsudini baş vəzir təyin edib, ona vəkalət mənsəbi vermişdi. Şahın fərmanına görə heç bir əmirin divanda Əmir Nəcməddinin işlərinə qarışmağa ixtiyarı yox idi. Həm də bütün fərman və hökmlərdə o, bütün dövlət əmirlərindən fərqli olaraq ən yuxarıda möhür vurmalı idi. Ona ölkənin mülki və iqtisadi məsələlərinin həllində tam sərbəstlik verilmişdi. Əmir Nəcməddin 1510-cu ildə Təbriz şəhərinin 8 fərsəhliyindəki Xamnədə vəfat etmişdi. I Şah İsmayıl 1510-cu ildə Əmir Yarəhməd Xuzanini baş vəzir təyin edib, vəkalət mənsəbini də ona tapşıraraq, həm də ona "Nəcmi sani" (ikinci Nəcmi) ayamasını vermişdi. Nəcmi Sani isə 1512-ci ildə Buxara yaxınlığında Qicduvanda özbək əmirləri ilə savaşda öldürülmüşdü.
Xandəmir yazır ki, hələ 1510-cu ildə Şah Xacə Seyfəddin Bitikçini xassə əmlakına vəzir təyin edib ona Şahın bütün fərmanlarına möhür vurmaq hüququ da vermişdi. Nəcmi Saninin vəfatından sonra isə "vəkaləti nəfsi nafisi humayu"nun (Şahın dəyərli ruhunun vəkili, yəni sahib-i ixtiyar) bütün işləri də Xacə Seyfəddin Bitikçiyə tapşırılmışdı. Divan işlərində geniş hüquqlar verilən Xacə Seyfəddin sahibi divan, yəni baş vəzir səlahiyyətini icra edirdi. Xandəmir yazır ki, 1514-cü ildə I Şah İsmayıl Mirzə Şahhüseyni "etimadəddövlə" "vəkil əs-sltənə" vəzifəsinə təyin etdi. Baş vəzir təyin olunması haqqındakı hökmdə ona dövlətin idarə olunmasında sərbəstlik verilməklə yanaşı, bütün vəzirlərin, əmirlərin, əyanların da ona tabe olmaları göstərilmişdi. Mirzə Şahhüseyndən sonra Xacə Cəlaləddin Xandəmir Təbrizi (Xacə Cəlaləddin Məhəmməd Göcəci-Z.B.) 1524-cü ildə baş vəzir təyin edilmişdi. Onunla ortaq vəzir, həm də "sahibi divan" olan Qazı Cahan Qəzvini 1525-ci ildə əmir əl-üməra Div sultan Rumlu tərəfindən həbs edilir. Qazi Caha Qəzvinidən sonra ali divana nəzarət Mir Cəfər Savəçiyə tapşırılır.
1532-ci ildə Mir Cəfər Savəçinin yerinə Əhməd bəy Nurkamal ali divana vəzir təyin edilir. 1534-cü ildə Mir Qiyasəddin Xuzani İsfahani və Xacə Muinəddin Əli ali divanın vəzirləri oldular. Ancaq 1535-ci ildə baş vəzir vəzifəsinə əslən qəzvinli olan Qazı Cahan əl-Hüseyni təyin olunur. XVI yüzilin 50-ci illərində Köcəci nəslindən Əmir bəy Köcəcinin "vəzir-e divane ali" olması və ona qədər və ondan sonra baş vəzir vəzifəsinə təyinatlar təhlil edildikdə məlum olur ki, baş vəzirlərin sırasında Təbriz əsilzadələri az olmayıb.
Məsum bəy Səfəvi 1546-1547-ci illərdə Şeyx Səfi məqbərəsi vəqf əmlakının mütəvəllisi, 1559-1560-cı illərdə isə "Vəkalət-i Şahi din-pənah", yəni divan əmiri olub, vəzir vəzifəsinə yüksəlmişdi. O, Şeyxavənd boyundan olub, həm də I Şah Təhmasibin oğlu Heydər Mirzənin də lələsi idi. Bir müddət baş vəzir vəzifəsində olmuşdu. 1573-1574-cü illərdə bu ali mənsəb Xacə Cəmaləddin Əli Tərizi ilə Mir Seyid Hüseyn Fərəhaniyə verilir və hər birinə 500 Təbriz tüməni məbləğində maaş təyin edilir. Onların hər ikisi bu vəzifədə bir il qaldılar. Soy adlarından göründüyü kimi, Xacə Cəmaləddin Təbrizli, Mir Seyid Hüseyn isə Fərah seyidlərindən idi.
1576-cı ildə isə mustoufi əl-məmalik Mirzə Şükürulla İsfahani ali divanın vəziri oldu. II Şah İsmayıl elə həmin ildə onu tutduğu vəzifədən azad edib, I Şah Təhmasibin hakimiyyətinin son illərində nazir-i büyutat olmuş Mirzə Salman Cabiri İsfahanini ali divana baş vəzir təyin edir. Məhəmməd Xudabəndənin dövründə də baş vəzir olan Mirzə Salman qızını onun oğlu Həmzə Mirzəyə nişanlayıb, oğlu Mirzə Abdullanı da şahzadəyə vəzir təyin etdirib baş vəzir kimi mövqeyini möhkəmləndirmişdi. O, Qızılbaş-Türk əmirləri arasında narazılıq yaradaraq dövlət hakimiyyətini xeyli zəiflədə bilmişdi. Mirzə Salmanın Mirzə Nizam adlı oğlu da şahzadənin "həmsöhbət" və müşaviri idi. Xorasanda Qızılbaş-Türk əmirləri arasında fitnə-fəsad törədən Mirzə Salmanın siyasəti dövlətçilik üçün son dərəcə qorxulu idi, Herat hakimi Əliqulu xan Şamlının anası (Həmzə Mirzənin süd anası), Həmzə Mirzənin vəziri Hüseyn bəy və bir çox görkəmli qızılbaş əmirləri onun xəyanətinin qurbanı olmuşdular. Baş vəzirin fitnə-fəsadının mahiyyətini başa düşən qızılbaş gəncləri onu 1583-cü ildə Heratda Sultan Hüseyn mədrəsəsində ələ keçirdilər və ona ilk zərbəni Məhdi Ülyanın qohumlarından Təhmasib bəy Mosullu vurdu. Mirzə Salman və onun hər iki oğlunun əmlakı müsadirə olundu.
İsgəndər bəy Münşinin yazdığına görə əlahəzrət I Şah Abbasın dövründə onun təlimatı əsasında altı vəzir-e əzəm olmuşdu. Belə ki, o, hakimiyyətə gəldikdə (1587) "vəzir-e divan-I ali" Mirzə Salmanın oğlu Mirzə Abdullaya vəd edilmiş, hətta bu barədə buyruq verilsə də vaxtilə Mürşüdqulu xanın vəziri olub, Torbət qalasında qətl edilən Mirzə Əhmədin xidmətləri nəzərə alınıb, dövlət üzərində haqqı olduğuna görə onun oğlu Mirzə Şahvəli vəzir təyin edilir. Mirzə Şahvəlini kiçik yaşlarından Mürşüdqulu xan öz himayəsinə götürüb təlim və tərbiyəsi ilə məşğul olmuş və onun vəzirlik mənsəbinə yüksəlməsində də Mürşüdqulu xanın rolu olmuşdu. 1588-ci ildə ali divana baş vəzir Mirzə Məhəmməd Kermani təyin edilir. O, anası tərəfdən Təbrizin Köcəci seyidlərindən idi. 1588-ci ildə qətl olunur. 1589-cu ildə Şah Qəzvinə gəlir və burada Mirzə Lütfulla Şirazini "vəzir-i divan-i ali" təyin edir.
I Şah Abbas hakimiyyətinin beşinci ilində Mirzə Lütfullanı tutduğu vəzifədən azad edir Hatəm bəy Ordubadini təyin edir. Ona etimadəddövlə fəxri adı da verildi. "Zeyl-i tarix-i alamara-yi Abbasi" də göstərilir ki, Hatəm bəy Ordubadi dövrünün məşhur alimi və ustadı rəhmətlik Xacə Nəsrəddin Tusinin (1201-1274) nəslindən olduğu hesab edilir və elə buna görə də Nəsiri soyadını daşıyırdı. Bu mənbədə də Hatəm bəy Ordubadinin savadlı, xeyirxah, insanpərvər, haqqın, ədalətin, düzgünlüyün tərəfdarı olduğu qeyd edilmişdi. O, iyirmi il Azərbaycan Səfəvi dövlətinin baş vəziri vəzifəsində işləyir, 1610-cu ildə Urmiyanın Dümdümə qalası yaxınlığında əhvalı pisləşdiyinə görə Təbrizə gətirilir və burada vəfat edir. Onu Məşhəddə dəfn etmişdilər. Hatəm bəy Ordubadi vəfat etdikdən sonra onun yerinə etimadəddövlə vəzifəsinə oğlu Mirzə Əbutalıb təyin edildi. O, 1610-1621-ci illərdə ali divan vəziri olmuşdu.
1621-ci ildə bəzi etibarsız işlərinə görə vəzifədən azad edilmişdi. Ondan sonra Şahəli Mirzə ibn Abdulla xan Ustaclının oğlu Salman xan beş il ali divanın vəziri oldu. Vəzir- ı divan-i ali və etimad əd-dövlə Salman xanın atası Şahəli Mirzə Ustaclı I Şah Təhmasibin bacısı oğlu idi. Salman xandan sonra "vəzarəte divan-i ali" vəzifəsinə təyin olunan Xəlifə sultan ibn sədr Mir Rəfiəddin Məhəmməd ibn Mir Şücaəddin məşhur seyid nəslindən olub, atası da Şah Abbasın yaxın qohumu idi. Beləliklə, bu faktlar I Şah Abbasın dövründə dövlətin iranlılaşması, yəni fars ünsürlərinin kütləvi şəkildə dövlət qulluğuna cəlb edilməsi haqqında bəzi elmi ədəbiyyatlarda mövcud olan fikirlərin tarixi gerçəkliklərdən çox uzaq olduğunu göstərir. İsgəndər bəy Münşinin əsərindən əldə etdiyimiz məlumatı yekunlaşdırdıqda məlum olur ki, I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629) altı nəfər ali divan vəzirindən üç nəfər türk əyanı, iki nəfər seyid, yalnız bir nəfər fars ünsürü olmuşdu.
I Şah Səfinin dövründə 1632-ci ildə etimadəddövlə Xəlifə sultan tutduğu vəzifədən azad edilir. Baş vəzir vəzifəsinə Xacə Nəsrəddin Tusinin nəslindən olan Talıb xan (Mirzə Əbutalıb) bin Hatəm bəy Ordubadi Nəsri təyin edildi. O, 1621-ci ildə baş vəzir vəzifəsindən azad edildikdən sonra 1632-ci ilə qədər vaqiyənəvis vəzifəsində çalışmışdı. Talıb xan 1635-ci ildə ölüm cəzasına məhkum edilmiş və ali divanın baş vəziri "Sarı Tağı" ayaması ilə məşhur olan Mirzə Məhəmməd Tağıya verilmişdi. O, 1645-ci ilə kimi Səfəvi dövlətinin baş vəziri olmuşdu.
"Abbasnamə" də h. 1054 (m. 1644)-cü ildə mülki bürokratik aparatın başçısı baş vəzir Mirzə Məhəmməd Tağı haqqında verilən məlumatdan aydın olur ki, II Şah Abbasın hakimiyyətinin ilk illərində dövlət işləri üzərində nəzarəti baş vəzir və qorçubaşı Canı xan Şamlı ələ keçirmişdi. Tezliklə onların arasında yaranan ixtilaf mərkəzi hakimiyyəti getdikcə zəiflətməyə başlayır. Bu zaman Canı xana baş vəzirin ona qəsd hazırlaması barədə xəbər çatdırılmışdı. Bu xəbərdən ehtiyat edən Canı xan Şamlı baş vəziri aradan götürmək üçün Kuhgiluyənin sabiq bəylərbəyi Nağdı xan Şamlı, Şirvanın sabiq bəylərbəyi Ərəb xan Ağzıvaroğlu Şamlı, cəbbədərbaşı (dövlətin silah və sürsat ehtiyatının rəisi - Z.B.) Əbülfəth bəy, tirkamun qorçusu Abbasqulu bəy Ustaclı və Əlimirzə bəy Şeyxavəndlə gizli razılığa gəlib 20 şaban h. 1055 (m. 1645)-ci ildə onu qətl etdilər. Şah qəsdçilərin digər cinayət də törədə biləcəkləri və yaxud qaçacaqlarından ehtiyat etdiyinə görə bildirdi ki, baş vəzirin günahkar olduğu müəyyən edilsə onlar bağışlanılacaq.
II Şah Abbas çox yaxşı bilirdi ki, onların dərhal cəzalandırılması ara müharibələrinə səbəb ola bilər. Elə buna görə onları vədlərlə arxayın edib, vəziyyətə nəzarəti ələ aldıqdan sonra 22 şaban 1055 (m. 1645)-ci ildə qəsdçilərin dərhal öldürülməsi haqqında göstəriş verildi. Qorçubaşı Nağdı xan, Ərəb xan, Əlimirzə bəy Şeyxavənd, Abbasqulu bəy, Əbülfəth bəy qətl olundular. Şah qəsdçilərin mərkəzdə və yerlərdə vəzifələrdə olan yaxın qohumlarına da güzəştə getmədi. Nağdı xanın Şamlı Kuhgiluyədə bəylərbəyi olan oğlu Zeynal xan baş vəzirin öldürüləcəyini bildiyinə və mərkəzə vaxtında xəbər çatdırmadığına görə həbs edildi. Canı bəyin Xorasanda sərdar olan qardaşı Qara xanı da həbsxanaya saldılar. I Şah Abbas dövrünün məşhur qızılbaş əmirlərindən Əmirgünə xan Qacarın Ağası bəy ayaması ilə məşhur olan Gülabi bəy adlı oğlunun da qəsdlə əlaqəsi olması güman edildiyinə görə öldürülməsi barədə Qılıc bəy Ördəkliyə (Ördəkli Türkmən eli obasıdır - Z.B.) göstəriş verilmişdi. Şahın göstərişi ilə baş vəziri öldürənlərin əmlakları da müsadirə olundu. II Şah Abbasın qətiyyətli daxili siyasəti sayəsində ixtilaflara son qoyuldu, mərkəzi hökumət möhkəmləndirildi və hakimiyyətdə onun şəxsi nüfuzu daha da gücləndi.
Şah dərhal yeni təyinatlar barədə fərmanlar verdi. Belə ki, I Şah Abbasın damadı, dövrünün məşhur bilim adamı Xəlifə sultan 23 şaban 1055-ci ildə (m. 1645) baş vəzir təyin edilir. O, I Şah Abbas və I Şah Səfi (1629-1642) dövründə də fasilələrlə baş vəzir vəzifəsində işləmişdi. Onun Səfəvi Şahlıq sülaləsinə, yəni Şeyxavəndə qohumluğu dövrün digər mənbələrinin verdiyi məlumatlarla təsdiq edilir. İsgəndər bəy Münşi yazır ki, Xəlifə sultan ibn sədr Mir Rəfiəddin Məhəmməd ibn Mir Şücaəddin məşhur seyid nəslindən olub, atası I Şah Abbasın yaxın qohumu idi.
H. 1063 (m. 1653)-cü ildə Xəlifə sultan vəfat edir və onun mənsəbi naziri biyutat Məhəmməd bəyə tapşırılır.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor