Azərbaycan Səfəvilər dövləti və saray təşkilatı Hadisə

Azərbaycan Səfəvilər dövləti və saray təşkilatı

1-ci yazı

Səfəvi dövlətinin mexanizmində hakimiyyətin həyata keçirilməsinin vasitəsi olan orqan və təsisatların özünəməxsus strukturu mövcud olub. Bu daha çox sosial-iqtisadi, milli xüsusiyyətlər, qismən də coğrafi amillə bağlı idi. Hakimiyyət orqanlarının quruluşu, statusu açıqlandıqda məlum olur ki, Səfəvi dövlət aparatı sadə struktura malik olmayıb. Dövlət strukturunda münşi əl-məmalik inşa divanının katibi olub, onun dəftərxanasında iyirmi səkkiz nəfər qulluqçu çalışırdı. Onlardan bir nəfəri münşi, qalanı mirzə idi. Münşi əl-məmalik müqərrəb ul-xaqan, yəni Şaha yaxın məmur olub, onun xüsusi məclisləri və dövlət şurasının iclaslarında vaqiyənəvislə birgə iştirak edirdi. Dəftərxanaya götürülən münşi və mirzələr münşi əl-məmalik tərəfindən yoxlanılır və məvacibləri müəyyən edilirdi. Sufilərin şəcərəsini və onlara verilən soyurqalları münşi əl-məmalik qeydiyyata alırdı.
Tiyul, həmesale, məvacib, qulluq haqqında verilən fərmanlara, divanbəyinin hökmlərinə o, tuğra çəkirdi. Qaynaqlarda münşi əl-məmalik "münşi-ye divane əla" ünvanı ilə də verilir. Mir Hüseyin bin Murtəza Hüseyn Astrabadi yazır ki, 1537-ci ildə "münşi-ye divane əla" vəfat etdikdən sonra bu vəzifəyə Əmir Zəkəriyyə Təbrizi Köcəcinin qardaşı oğlu Məhəmməd bəy təyin edilir.
Mərkəzi idarədə möhürdar da səlahiyyətli işlər müdirlərindən olub, rəsmi məclislərdə, məclisi əlanın iclaslarında iştirak edir, qızıl zəncirli Şah möhürü həmişə yanında olurdu. Sansonun yazdığına görə onda bu möhürdən başqa beş ədəd də başqa möhür vardı. Bütün rəsmi sənədlərə möhür vurulurdu. Pyetro della Valle yazır ki, Şah barmağında çox qiymətli üzük, yəni möhür də saxlayırdı ki, onun adından yazılan məktublar, fərmanlar onunla möhürlənirdi. Möhürdarın statusu haqqında "Təzkirət əlmüluk "da daha ətraflı məlumat var. Mənbədə göstərilir ki, keçmiş möhürdarın dəftərxanasından məlum olur ki, onun üç yüz altmış dörd tümən, min üç yüz altmış bir dinar Qum və başqa mahalda tiyulundan məvacibi olub. Bəzən onlardan tiyulları geri alınıb, əvəzində valilik və hakimlik verərmişlər. Bir çox hallarda isə möhürdarlıq vəzifəsi tiyulsuz verilib. Bu vəzifə böyük mənsəb olub, onu aparan şəxs şahın bütün məclislərində iştirak edirdi. Əvvəllər vəzirlərin, mustoufilərin və kələntərlərin vəzifəyə təyin olunmalarına aid fərmanlar, əmir, hakim və başqa əyanların soyurqal və tiyulu dəftərlərə qeyd edildikdən, möhürləndikdən sonra möhürdarın yanında olan mübarək Şah möhürü ilə də möhürlənirdi. Fərmanlara, onların ünvanları kənarında möhür vurulurdu. Son illərdə bu qaydaya əməl edilmirdi. Artıq hər kəs öz rüsumatını dəftərə yazılıb təsdiq edilən qərar üzrə alırdı.
"Təzkirət əl-müluk"da qeyd edilir ki, orduya, məmaliki məhrusəyə (qorunan ölkələr) təyin edilən əmirlər, vəzirlər, mustoufilər, ləşkərnəvislər və bütün mənsəb sahiblərinin vəzifəsinə aid hökmlərə, fərmanlara vurulan mübarək möhürün qarşısında kiçik şərəfi-nifad möhürü vurulurdu. "Təzkirət əl-müluk"da şərəfi nifad möhürünü vuran məmur "möhürdare şərəfe nifad" adı verillib. Məmaliki məhrusədə vali, hakim, böyük və kiçik vəzir məvacibi müqabilində hər tümənə üç yüz otuz kazbeki, soyurqal və maaflıqlara aid vəsiqələrdən hər tümənə beş yüz iyirmi dinar hesabı ilə 835 dinar qaydaya görə möhürdare şərəfe nifada verilirdi.
I Şah İsmayılın dövründən möhürdarlıq dövlət idarəçiliyində fəaliyyəti Şah tərəfindən xüsusi formada tənzimlənən dövlət aparatının həm səlahiyyətli, həm də başqa orqanlardan asılı olmayan ünsürü idi. Bu vəzifə bir qayda olaraq Qızılbaş-Türk əsilzadələrindən birinə tapşırıldı. "Xolde-bərin"də I Şah İsmayılla Ağqoyunlu Sultan Murad arasında baş vermiş döyüşlərdən (1503-1504) bəhs edilərkən türk Təkəli elindən Sarı Əlinin möhürdar olduğu göstərilib. Türkman əyanlarından Əmir bəy ibn Gülabi bəy ibn Əmir bəy Mosullu sonuncu Ağqoyunlu hökmdarları zamanında Diyarbəkr valisi ol ub, Qızılbaş ordusu 1508-ci ildə Zülqədər oğulları bəyliyi ilə döyüşərkən I Şah İsmayılın yanına gəlib tabe olub və qızılbaşlığı qəbul edib.
Şah ona xan titulu və möhürdarlıq mənsəbini verib. Əmir xan Mosullu Xorasana Təhmasib Mirzəyə lələ göndərilənə qədər (1515) bu vəzifədə olub. I Şah Təhmasibin hakimiyyətinin ilk illərində Təkəli elinin mötəbər əmirlərindən İbrahim xəlifə möhürdar vəzifəsində olmuş və 1531-ci ildə Şahın əmri ilə öldürülmüşdü. F.Sümər qaynaq materiallarına istinad edərək yazır ki, Səfəvi dövlətində çox mühüm vəzifə olan möhürdarlıq çox vaxt Zülqədər elinin əmirlərinə verilir və bu vəzifə onların əlində olurdu. 1531-1532-ci illərdə I Şah Təhmasib tərəfindən Mahmud sultan Zülqədərdən sonra möhürdar vəzifəsinə təyin edilən Şahqulu xəlifə Zülqədər uzun illər, daha doğrusu, 1558-ci ilə qədər bu vəzifədə olmuşdu. Həsən bəy Rumlu 1534-cü il hadisələrindən bəhs edərkən Mahmud bəy Zülqədərin də möhürdar olduğunu və onun elə həmin il atdan yıxılıb öldüyünü qeyd etmişdi. XVI əsrin 50-ci illərində Qoç Xəlifə adlı şəxsin də möhürdar olduğunu görürük. "Xolde-bərin" də 1576-cı ildə Zülqədər elindən Məhəmmədqulu xəlifənin və ondan sonra isə Qoçəli xəlifənin möhürdar olması haqqında məlumatlara təsadüf edilir.
Mənbələrdə göstərilir ki, möhürdarlıq daha mötəbər bir vəzifə olub, möhürdar Şahla gündəlik həmsöhbət olduğuna görə II Şah İsmayıl Qoçəli xəlifə adlı şəxsi möhürdarlıqdan azad etmiş, bu vəzifəni özünə daha yaxın hesab etdiyi əmisi oğlu İbrahim Mirzəyə vermişdi. I Şah Təhmasibin hakimiyyətinin son illəri və II Şah İsmayıl dövründə möhürdar Zülqədər əyanlarından Şahruh (bəy) xan Tatı oğlu olur. Sultan Məhəmməd hakimiyyətinin ilk ili Şahruh xan Tatı oğlu Zülqədəri Şiraza hakim göndərib möhürdarlıq vəzifəsini yenə də ona tapşırır. Şahruh xan Tatı oğlundan sonra möhürdar oğlu Eslemez xan olmuşdu. I Şah Abbas da sələfləri kimi bu vəzifəyə əsasən Qızılbaş-Türk əyanlarını təyin etmişdi. 1587-ci ildə möhürdar vəzifəsinə Zülqədər elindən Əliqulu sultan təyin edilir. Ancaq o, Mürşüdqulu xana qarşı çıxan əmirlərin arasında olduğundan yaxalanıb edam edilmiş, möhürdarlıq Nəcəfin böyük seyidlərindən Seyid bəy Kəmunəyə tapşırılmışdı. İsgəndər bəy Münşi 1591-ci il hadisələrindən bəhs edərkən Eslemes xan Zülqədərin yenə möhürdar olduğunu yazır.
I Şah Abbasdan sonra I Şah Səfinin də dövründə (1629-1642) möhürdar vəzifəsi Zülqədər əmirlərinə tapşırılırdı. I Şah Səfinin hakimiyyətinin dördüncü ilində möhürdar Zülqədər elinin Söklən obasından qorçubaşı Əmir xanın oğlu Abdulla bəy idi. O, vəfat etdikdən sonra 1638-ci ildə qorçubaşı Əmir xan Zülqədərin kiçik oğlu Rüstəm bəy möhürdar vəzifəsinə təyin edilir. "Təzkirət əl-müluk"da vaqiyənəvisin tuğra çəkdiyi dəftər və fərmanlara möhür vuran davatdarlarla yanaşı müqərrəb ül-xaqan olan ikinci bir davatdar haqqında da məlumat verilir. Qaynaqda ikinci davatdarın əsasən icarə sənədlərini möhürlədiyi qeyd edilir. İsgəndər bəy Türkmanın əsərində I Şah Abbas dövrünün tanınmış davatdarları haqqında məlumata təsadüf edilir. Müəllif 1591-ci il hadisələrindən bəhs edərkən Ustaclı elinin Cavuşlu obasından Siyamunoğlu Mehdiqulu xanın qardaşı Muradxan bəyin davatdar olduğunu yazır. O, qardaşı öldürüldükdən sonra Osmanlı ölkəsinə getmişdi. I Şah Abbas dövründə Qacarlardan Mehrab xan da bir müddət davatdar olmuş və ondan sonra bu vəzifə Lütfixan bəyə verilmişdi (80, 1008). I Şah Səfinin dövründə də bu vəzifə Qacar əsilzadələrinə tapşırılırdı. 1633-cü ildə Qacar elindən Kəlbəli xan adlı əyanın, II Şah Abbas dövründə Rəvan bəylərbəyi Abbasqulu bəy Qacarın oğlu Rzaqulu bəy Qacarın davatdar olması inşa divanında Qızılbaş-türklərin üstün mövqeyə malik olduqlarını və bu divanı öz əllərində saxladıqlarını göstərir.
Bütün mülazimlərin xidmət fərmanları sərxətnevis adlı məmur tərəfindən yazılır və onların hökm, fərman və vəsiqələrini möhürlədikdən sonra bu barədə aidiyyəti orqana məruzə edilirdi. Qulluq və mənsəb sahiblərinin tiyul, həmesale, baratının miqdarını qeyd etdiyi dəftəri, onlara aid fərmanları, hökmləri imzalayıb, təsdiq edib saxlamaq onun vəzifə borcu idi. O, divan ləşgərnəvisi ilə həmkarlıq edir, ancaq sipahsalara, başqa sərdarlara naib göndərildikdə bu məsələlərə qarışa bilməzdi. Mustoufi əl-məmalikin başçılığı altında xidmət edən zabitənəvis isə mustouif-ye mal və müfradənəvis də adlanırdı.
Oqtay Əfəndiyev qaynaq materiallarına istinad edərək yazır ki, zabitənəvisin ştatında olan mirzələr divana daxil olan pul məbləğini (vücuhat) qeydə alırdılar. "Təzkirət əl-mülak"da zabitənəvisin idarəsindəki işçilərin sayının on beş nəfərdən ibarət olduğu göstərilir. Mənbədə qeyd edilir ki, rahdarı, tənbəki satışından ödənilən vergilər, ölkədə ticarətlə məşğul olan hindlilərdən alınan səranə, əmlaki xassə istisna olmaqla məmaliki məhrusənin bütün tərpənən və tərpənməz əmlakı zabitənəvis idarəsində qeydiyyata alınırdı. Mənbələrdə sərxətnəvis, zabitənəvis və bu qəbildən olan bir çox vəzifələrə təyin olunmuş məmurların adlarına çox nadir hallarda təsadüf edilir və adı çəkilən məmurların isə soy adı adətən göstərilmədiyinə görə onların etnik kimliyini müəyyənləşdirmək mümkün deyil. Məsələn "Xolde bərin" də I Şah Təhmasib dövründə Əhməd bəyin ali divan zabitənivisi olduğu qeyd edilib, ancaq onun soy adı göstərilməyib.
Ali divanda mühüm vəzifə olan toucih haqqında O.Əfəndiyev dövrün yerli və Qərb ədəbiyyatına əsaslanaraq yazır ki, "toucih" ödəniş idarəsi olub, tədiyyələrin əksəriyyəti, alıcılara torpaq üçün verilən pullar və digər gəlir mənbələri təxsisatlarla ödənildiyindən "sahib-i toucih"ə təxsisatlar sahibi kimi baxmaq olar. "Təzkirət əl-müluk"da yazılır ki, o bütün maliyyə idarələri ilə əməkdaşlıq edir və onların idarələrindəki hər bir maliyyə vəsiqəsini imzalayırdı. Mirzələrinin sayı on iki nəfər idi. Onlardan hər birinin məşğul olduğu sahəyə aid dəftəri vardı. Ali divan mənsəbləri, mülazimlik, tiyul, məvacib, həmesale, maaflıq, soyurqal, vəzifə və sairəyə aid olun bütün hökm, fərman və icazənamələri sahib-i
toücih idarəsi də qeydiyyata alırdı. Büyutat sahibcəmləri və təhvildarlarının hesablarından başqa, məmaliki məhrusənin bütün maliyyə hesabları toücih idarəsi işçiləri tərəfindən yazılır və onların rəisləri təsdiq edirdi. Hökmlər və fərmanlar üzrə xassənin bütün vergi ödəyənlərinin və təhvildarlarının mühasibət sənədləri sərkare xassə tərəfindən təsdiq olunduqdan sonra dəftərxana sənədləri təsdiq üçün ali divan toücihinə də təqdim olunur. Həmesale və sairəyə aid təsdiqlər hamısı sahibi toücihin mirzələri tərəfindən qeydə alınıb imzalanmalı idi. Dövlət mənsəblərinin rüsumatına aid göstəriş vermək, çobanbəyi və miqdarı dəyişməkdə olan başqa pulları almaq barədə buyruqları təmin etmək, həmin idarəyə aiddir. Dünyanı fəth edən padşahın təlimatları bu idarədə saxlanılırdı. Qoşunun sayı və qorunan ölkələrin hakimlərinin gəlirlərinin miqdarı da bu idarədə təyin edilirdi. I Şah Təhmasibin dövründə Əbuturab Nətənzi ali divanın sahibi toucihi idi.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor