Əsgəri təşkilat və Qızılbaş əyanları Hadisə

Əsgəri təşkilat və Qızılbaş əyanları

"Savaş başladıqda əsgərlərin hamısı birlikdə türk dilində "Yürü!" "Yürü!" "Yürü!" deyərkən dəhşətli nərələrindən hava titrəyir, səslər bir-birinə qarışır, sanki yerlə göy qovuşurdu"

5-ci yazı

XVII yüzilliyin ikinci yarısında Dərbənd şəhərindən İran körfəzinə və Ərəb İraqından Əfqanıstandakı Hilmend çayına qədər geniş əraziyə sahib olan Səfəvi imperatorluğunun müxtəlif hərbi-strateji əhəmiyyət kəsb edən məntəqələrində yerləşdirilmiş dövlət və Şah qoşununun ümumi sayının dövrün avropalı müəlliflər tərəfindən dəqiq müəyyənləşdirilməsi qeyri-mümkün idi. Ona görə də, onların Səfəvi qoşununun ümumi sayı haqqındakı məlumatları təxmini say göstəricisi kimi qəbul olunmalıdır. Engelbert Kempferlə eyni vaxtda Səfəvi ölkəsində olan Sanson da Səfəvi dövlətinin hərbi təşkilatı ilə maraqlanmış və gündəliyində bölgələr üzrə qoşunun sayını göstərmişdi: saray qoruyucuları – 14.000, Qəndəhar əyaləti – 12.000, Xorasan – 20.000, Mazandaran və Gilan – 15.000, Dərbənd və Şirvan əyaləti – 12.000, Azərbaycan – 20.000, İrəvan – 12.000, Luristan – 12.000, Ərəbistan sərhəddində – 15.000, Persiya və Kirman – 12.000. Cəmi: 144.000
XVI-XVII yüzilliklərin qaynaqlarında, xüsusilə dövrün Avropa ədəbiyyatında ordunun döyüş taktikası, hərbi musiqi və musiqi alətləri haqqında da qiymətli məlumatlar var. I Şah İsmayıldan sonra müharibələrdə qarşı tərəfin ordusunun hərəkət istiqamətində otlaqlar, tarlalar yandırılır, yaşayış məskənlərində əhalinin ərzaq ehtiyatı gizlədilir ya da məhv edilirdi. Səfəvi ordusu ilk vaxtlarda olduğu kimi, inam hissi ilə meydan savaşına girmir, süvari alaylar dağ aşırımlarında, keçidlərdə gizlənərək əks tərəfin ordusunun hərəkətini nəzarətdə saxlayır və qəti qələbəyə əmin olduqda çevik dəstələr hərbi əməliyyata başlayırdı. Engelbert Kempfer yazır: "Savaş başladıqda əsgərlərin hamısı birlikdə türk dilində "yürü!" "yürü!" "yürü!" deyərək dəhştli nərələrindən hava titrəyir, səslər bir-birinə qarışır və sanki yerlə göy qovuşur". O, yazır ki, hərbi musiqi alətlərindən İngiltərə şeypurlarına bənzər uzun və qısa, yəni müxtəlif borular üstünlük təşkil edir. Əslində müxtəlif ölçülü bu borular gərənay (qaraney) və zurna (zorney) idi. Hərbi musiqi alətlərindən müxtəlif ölçülü təbil və nağaraların, sincin də adı çəkilir. Engelbert Kempfer yazır ki, onların arasında enli, böyük sinclər də var. İki lövhədən ibarət olan sincin hər iki lövhəsinin dəstəyi var ki, həmin dəstəklərdən əllə tutub sinc lövhələri bir-birinə vurulur, nəticədə çox cingiltili səs əmələ gəlir.
Azərbaycan Səfəvi dövlətinin ordusu I Şah Abbasın həyata keçirdiyi hərbi islahatlar, yaratdığı yeni hərbi hissələrlə təkmilləşdirilib, möhkəmləndirilmişdi. Ancaq I Şah Abbasdan sonra, yəni onun varislərinin dövründə ordu getdikcə zəifləmiş və Şardenin yazdığı kimi, dövlətin maliyyələşdirdiyi qoşunun sayı da azalmışdı. Ordunun hərbi strukturunun pozulduğunu, sayının azaldığını hiss edən II Şah Abbas 1666-cı ildə qoşunun sayını, hərbi hazırlıq vəziyyətini müəyyənləşdirmək üçün hərbi parad keçirilməsi barədə hərbi rəislərə fərman vermişdi. Bu fərman əsasında təşkil edilən paradda hərbi rəislərin çoxu eyni alayı on-on iki dəfə paraddan keçirmiş və nəticədə ordunun sayı olduğundan çox çıxmış, ciddi nöqsanlar aşkar edilmişdi. Şah ordu başçılarına bu nöqsanları qısa müddətdə aradan qaldırmalarını tapşırdı. Ancaq ordu rəisləri Şahın buyruqlarını yerinə yetirmədilər. Nəticədə Şah Süleyman dövründə ordunun daha da zəifləməsi, ölkə daxili hərbi mühafizə xidmətinin pozulması ilə əlaqədar olaraq, oğurluq, soyğunçuluq, qətl-qarətlə bağlı kütləvi narazılıqlar başlanmışdı. Bu zaman ordunun əsgəri heyəti arasında da hərbi xidmətə etinasızlıq və narazılıqlar vardı. Ona görə ki, bir çox hərbi hissələrin məvacibini hərbi rəislər ancaq müharibə vaxtı ödəyirdilər. Digər tərəfdən isə Şardenin yazdığı kimi, dövlət və Şah tərəfindən xidmət müqabilində hərbçilərə ayrılan maaş ayrı-ayrı məntəqələrə yazılmışdı ki, hərbçi həmin məntəqənin kələntərinə müəyyən "hədiyyə" ödəmədən maaşını ala bilmirdi. Bu da narazılıqlara, hərbi xidmətə marağın azalmasına, nəticədə ordunun pozulmasına səbəb olurdu. Onu da göstərmək lazımdır ki, dövlət və şah tərəfindən əsgərlərə maaşla yanaşı, ancaq silah-sürsat verilirdi. Halbuki illik maaşı 400 livr olan süvari əsgər təkcə paltarına bunun iki misli qədər pul xərcləməli idi.
Əsgəri təşkilatda ləşgərnəvis qazı, vəzir, mustoufi kimi xüsusi hərbi mahiyyət kəsb edən orqanlar da fəaliyyət göstərirdilər. Bu orqanlar hərbi qulluq adamlarını, əsgəri heyəti qeydiyyata alır, nizam-intizam yaradır və əsgəri təşkilatın maliyyələşdirilməsi məsələləri ilə məşğul olurdu. Ləşgərnəvis qoşunun kargüzarı olub, vəzir vəzifəsinin astanasında durduğu güman edilir. "Xolde bərin" də I Şah Təhmasibin dövründə Mirzə Fətullah və İsa bəyin ali divan ləşgərnəvisi olduqlarını görürük. "Təzkirət əlmüluk "da ləşgərnəvisin hüquq və vəzifəsi haqqında müfəssəl məlumat var. Qaynaqda göstərilir ki, sərhəd əmirləri, hakimləri və sultanların say hesabına dair dəftərlər, yəni onların özlərinin və xidmətlərində olan hərbi qulluq heyətinin siyahısını o saxlayırdı. Bəylərbəyilər, mahal hakimi olan sultanlar, onların mülazimlərinin və ümumiyyətlə, istər mərkəzi və istərsə də yerli idarələrdə əsgəri təşkilatla bağlı olan bütün məmurların mənsəbləri, məvacibləri, həmesaleləri, soyurqallarına aid bütün fərmanlara, hökmlərə o möhür vurur, əsgəri heyətin qulluq fərmanlarını isə birbaşa özü tərtib edir, məvaciblərini də dəftərinə yazıb, yuxarı dövlət idarələrinə təqdim edirdi.
XV əsrdə Baharlı və Bayandur sülalələrinin hakimiyyəti illərində olduğu kimi, Səfəvilər dövründə də vilayətlərin ərazisindəki ordunun əsgəri heyəti ilə əlaqədar olan cinayət hadisələrinə qoşun qazısı adlı xüsusi məmurlar baxır və cinayət tərkibli məsələləri onlar həll edirdilər. Qoşunun bütün məvacib cədvəli də onların möhürü ilə təsdiq olunurdu. Qoşun qazısının möhürü olmadan həmin siyahı rəsmi sənəd hesab olunmurdu. İskəndər bəy Münşi Şah Müzəffərəddin Şirazidən söhbət açarkən yazır ki, o əvvəl Şirazda şeyx ül-islam olub, Sultan Məhəmmədin hakimiyyəti dövründə (1578-1587) saraya gətirilib qoşun qazısı vəzifəsinə təyin edilmişdi. Sultan Məhəmmədin ona xüsusi hörməti vardı. O, II Şah İsmayıl zamanında da qoşun qazısı vəzifəsində olmuşdu. Ancaq "Təzkirət əl-müluk"da göstərilir ki, İsfahana sədr təyin ediləndən sonra qərara alındı ki, buradakı qoşunla bağlı şəri işlərə şahın hüzurunda divanbəyi baxsın. Artıq bundan sonra İsfahandakı qoşun qazısının divanbəyi keşikxanasına gəlməsinə icazə verilmədi.
"Təzkirət əl-müluk"da qorçu vəziri haqqında qeyd edilir ki, səfərdə olan qorçuların xidmətə aid vəsiqələrini və başqa sənədləri, sipahsalarların və sərdarların qədim mülazimlər barədə yazdıqları vərəqləri yüksək hökumətin alicah vəzirlərinin hökmü və alicah qorçubaşının icazəsindən sonra möhürləyir ki, mərkəzi dəftərxanada qeydiyyata düşüb-çıxmada çətinlik olmasın. Qorçular, yüzbaşılar, qor yasovulları və sairənin hal və vəziyyətinə aid sənədləri də qorçu vəzirləri möhürləyərdilər. Yüzbaşılar, qor yasavulları, yaraq qorçuları və yeni qorçuların qulluq vərəqəsi, vəsiqələri yuxarıda adı çəkilən vəzirlər yanında saxlanılır. Vəzir qorçuların qulluq vəsiqələri, əlavə tiyul və maaş hökmlərini və onların ünvanını da yazırdı. Həm də hökmlər və fərmanlar sırasında məvacib, tiyul, həmesale, ənam, tənxah baratı və onlara aid sənədləri möhürləyərdilər. Vəzir bu idarənin mustoufisi ilə bərabər (padşahın) behiştə bənzər məclisində qorçuların sayını, san vəsiqələrini, tiyul, məvacib, həmesalesinin miqdarını ərz edirdi. Şah Təhmasibin dövründə Şamlı elinin Ərəbgirli oymağından olan Əliqulu bəy qorçuların vəziri idi. I Şah Abbas hakimiyyətə keçənə qədər o bu vəzifədə qalmışdı. Mirzə Fətulla isə qorçuların mustoufisi idi. Ondan sonra qorçuların vəzirləri bir qayda olaraq bu nəsildən təyin olunurdu.
İskəndər bəy Münşi Türkmanın "Tarix-i aləm arayi Abbasi" əsərində Ərəbgirli əsilzadələrinin fasilələrlə bu vəzifədə olmaları ilə yanaşı, Həmədan əsilzadələrindən Məlik bəyin də qorçu vəziri olması haqqında məlumat vardır. Türk və fars dillərində şeirlər yazan Məlik bəy Həmədanın Əsədabad kəndində anadan olmuş, gənc yaşlarında Xorasanda Abbas Mirzənin sarayında qulluq etmiş və Abbas Mirzə Şah olduqda onu da qorçu mustoufisi təyin etmişdi. Bir qədər sonra Məlik bəy qorçu vəziri olmuşdu. O, 1611-ci ildə vəfat etmişdi.
"Təzkirət əl-müluk" qeyd edilir ki, qorçu mustoufisinə tabe olan dörd nəfər mirzə fərdi qulluğa qəbul barədə verilmiş hökmlərin tarixini, məvacib, ənam, tiyul, həmesale, tələb miqdarı, qarovul dəftərini hazırlayırlar ki, burada qarovula üzürsüz səbəbə görə çıxmayanlar və onların buraxdıqları günlərin sayı da göstərilirdi. İdarə vəsiqələri, hazır-qaiblik təsdiqləri, işdən çıxarılma və vəfat vərəqələri mustoufi və onun mirzələrinin dəftərxanasında saxlanılır.
Mirzələrin yoxlama yekunları əsasında qulluqdan çıxanların məvacibi, qaiblik günləri və səfərdən qayıtma zamanın təfavüt hissəsi, vəfat edənlərin (qanunla) qərarlaşdırılmış həmesale və tiyulları hökumət nəfinə zəbt olunurdu. Qorçuların tələb, tənxah, tiyul və həmesale vəsiqələini, qorçu camaatının tiyul, həmesale, məvacib, barat hökm və fərmanlarını, mülazimlik hökmlərini mirzələr yazırdılar.
Bütün sənədlər hazırlandıqdan sonra onlar mustoufinin imza və möhürü ilə təsdiq edildi. "Təzkirət əl-müluk"da qorçularla yanaşı, qulam, tüfəngçi və topçuların da vəzr və mustoufilərinin statuslarının şərhi verilib. Faktiki olaraq, qorçu vəzir və mustoufisi kimi, qulam, tüfəngçi və topçu vəzir və mustoufisi də öz idarə səlahiyyətləri çərçivəsində eyni funksiyanı yerinə yetirir, hətta onların işçilərinin sayında ciddi fərq yox idi.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor