Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri Hadisə

Türk Qızılbaş əmirliyinin inzibati idarə sistemində yeri

3-cü yazı


I Şah İsmayılın 1505-ci ildə Qızılvəng monastırı haqqında verdiyi fərmana Çuxur-Səd hakiminin əməl etməsi haqqında göstərişi bu bəylərbəyiliyin XVI əsrin əvvəllərində təşkil olunduğunu göstərir. Çuxur-Səd bəylərbəyliyi barədə İ.P.Petruşevski yazır: "XVI əsrdə Çuxur-Səd (İrəvan) bəylərbəyiliyinə əmirlər həmişə Qızılbaş Ustaclı tayfasından təyin olunur və bu tayfanın obaları İrəvan vilayətində ulkalar alırdılar".
Qeyd etmək lazımdır ki, Ustaclı əmirləri ilə bərabər XVI əsrdə başqa Qızılbaş tayfa əyanlarının da Çuxur-Sədə bəylərbəyi təyin edilməsi barədə mənbələrdə məlumat vardır. H.923-933-cü (1517-1526-27) illərdə Rumlu eli əslzadələrindən Div Sultan Rumlu Çuxur-Səd bəylərbəyi idi. 1538-ci ildə isə burada Ustaclılardan Bədir xan bəylərbəyi olmuşdu. H.956-cı (1549) ildə vilayətdə yenə Rumlu əmirlərindən Hüseyn Sultan Rumlunun hakim olduğu göstərilir. Həsən bəy Rumlu yazır ki, Ərzurum hakimi İsgəndər paşanın qoşunu 1549-cu ildə Çuxur-Sədə hücum etdikdə, burada hakim Hüseyncan sultan Rumlu idi. O, mülazimləri dağınıq olduğuna görə İsgəndər paşa ilə döyüşə girməyi məqsədəuyğun hesab etməmişdi. Bu zaman onun vəkili Təbət Ağanın qarovula göndərdiyi iyirmi nəfər İsgəndər paşanın kürd silahlıları ilə qarşılaşmış, savaşda beş nəfər itirərək geri çəkilmişdilər. İsgəndər paşanın qoşunu İrəvanı tutub bazarını yandırır, ancaq az vaxtda geriyə - Vana çəkilmək zorunda qalır. Hüseyncan sultan Rumlu geri çəkilən Osmanlı qoşununu təqib edərək onlardan beş nəfər qətl edir. Bu hadisə Şaha çatdıqda dərhal İrəvana Çərəndab sultan Şamlınıın başçılığı altında yardım göndərir.
Həsən bəy Rumlu Zülqədər elindən olan Təbət Ağanın Hüseyincan sultan Rumlunun vəkili olduğunu qeyd edir ki, burada vəkil vilayət hakiminin canişini mənasını ifadə edir. Müəllifin Təbət Ağa Zülqədərin h. 964 (1556-1557)-cü ildə qiymətli töhfə və hədiyyələrlə Osmanlı sarayına elçi göndərilməsi barədə məlumatı onun dövrün nüfuzlu əmirlərindən olduğunu göstərir. Osmanlı hökmdarı Sultan Süleyman 1554-cü ildə Azərbaycana yeni hərbi yürüş təşkil etdiyi vaxtda da Hüseyn sultan Rumlu hələ vəzifədə qalırdı. Osmanlı ordusu İrəvana hücum etdikdə Hüseyn sultan Rumlu osmanlılar ilə qabaq-qabağa durmağın lüzumsuz olduğunu görüb, şəhəri tərk edir. Ona görə də Osmanlılar tezliklə İrəvanı tutur. Lakin nədənsə tezliklə də geri dönürlər. O, buna görə mərkəzə çağırılır. Yerinə Şahqulu Sultan Ustaclı Çuxur-Səd bəylərbəyi və hakimi təyin edilir. Əbdi bəy Şiraziyə görə isə Həmzə sultan Qazağın oğlu Şahqulu sultan Ustaclı 1551-ci ildə Məşhəd hakimi vəzifəsindən azad olunub, Çuxur-Sədə bəylərbəyi təyin edilmişdi.
H. 974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxur-Səd hakimi Şahqulu Sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona verib. Şahqulu Sultandan sonra oğlu Toxmaq xan ləqəbi ilə məşhur olan Məhəmməd xan Ustaclı İrəvan hakimi olmuşdu. İsgəndər Münşi göstərir ki, Məhəmməd xan Ustaclı II Şah İsmayılın hakimiyyəti dövründən Çuxur-Səd əmir əl-ümərası olub, h. 983-cü (1574) ildə Osmanlı hökmdarı Sultan Səlimin vəfatı, Sultan Muradın hakimiyyətə keçməsi münasibəti ilə əlaqədar olaraq çoxlu hədiyyə ilə İstanbula göndərilir. O, burada çox yaxşı qarşılanır və Sultan Murad ona min tümən xərclik verir.
Şah xan və sultanları elçi qismində xarici dövlətə göndərdikdə, həmin dövlətin başçısına qiymətli hədiyyələr aparırdılar ki, bunun yalnız bir hissəsi Şah xəzinəsindən götürülürdü. Onlar hədiyyənin qalan hissəsini idarə etdikləri vilayətin və mahalın gəliri hesabına əldə etməli, elçiliyin yol xərclərini də özləri çəkməli idilər. İsgəndər bəy Münşi yazır ki, İsmayıl Mirzə hakimiyyətə keçdikdən sonra əyanlarının çoxu orduda qulluq edən Ustaclılar təqib edilir, gecələr öz yataqlarında da rahat yata bilmirdilər. Ona görə ki, 1576-cı ildə I Şah Təhmasib vəfat etdikdən sonra şahzadələr arasında hakimiyyət uğrundakı çəkişmədə Ustaclı tayfasının ən nüfuzlu əmiri Hüseyn bəy Ustaclı başda olmaqla Ustaclılar şahzadə Heydərin tərəfindən çıxış etmişdilər. Bu zaman Ustaclı tayfasının mötəbər əmirlərindən olan Çuxur-Səd bəylərbəyi Məhəmməd xan Ustaclı Osmanlı dövlətindən Qəzvinə qayıdır, ancaq burada ona diqqət və iltifat göstərilmir. Bu zaman onun Çuxur-Səddəki ulkası alınıb Əbuturab Mirzəyə verilmiş və elə vilayətə də bəylərbəyi o təyin edilmişdi.
Sultan Məhəmməd hakimiyyətə keçdikdən sonra, 1578-ci il fevral ayının 14-də İrəvan, Şorəgil ulkasının Məhəmməd xan Toxmağa verilməsi və onun bura bəylərbəyi vəzifəsinə qoyması haqqında yeni fərman verib. Oruc bəy yazır ki, Sultan Məhəmməd, Məhəmməd xan Toxmağı Gürcüstan və Azərbaycanda olan qoşunların baş komandanı təyin edib, Həmədan, Gəncə, Təbriz, Maku, Naxçıvan, Mərənd, Ərdəbil, Sofiyan və Qaraağacın qorunmasını ona tapşırdı. Məlum olduğu kimi, 1580-ci ilin sentyabr ayında Sultan Muradın qoşunu Lələ paşa başda olmaqla Azərbaycana hücum etmiş və Cəfər paşa isə xeyli qoşunla İrəvana göndərilmişdi. Bu vaxt İrəvan hakimi Əmir Toxmaq xan osmanlılarla vuruşub, onlardan 400 nəfərinə ciddi müqavimət göstərdiyinə görə 1581-ci ildə Fərhad paşa başda olmaqla Qars yolu ilə Çuxur-Sədə yeni qoşun göndərilir. Çuxur-Səd bəylərbəyi Məhəmməd xan Toxmaq vəziyyəti Azərbaycan bəylərbəyi Əmir xan və Qarabağ hakimi İmamqulu xana bildirir. Nədənsə Əmir xan əsgəri yardımı gecikdirir və Məhəmməd xan Toxmaq azsaylı qoşunla Osmanlılarla vuruşda məğlub olub, Naxçıvana dönür və döyüşçüləri, uşaqları Əlincə qalasında yerləşdirir. Bəlkə də Təbrizin özü təhlükə qarşısında olduğuna görə Əmir xan Məhəmməd xan Toxmağa kömək edə bilməmişdi. Başqa tərəfdən isə kürd qarətçilərinin də Təbrizə hücumu gözlənilirdi.
Əmir xanın Təbrizi tərk etməməsi, Çuxur-Sədə yardım göstərməməsi bununla bağlı ola bilərdi.
Çuxur-Səd 1580-1604-cü illər arasında Osmanlı hakimiyyəti altında olmuşdu. 1604-cü ildə Qızılbaş ordusu İrəvanı azad etdikdən sonra I Şah Abbasın fərmanı ilə Əmirgunə xan Çuxur-Səd bəylərbəyi təyin olunur. O bu vəzifəyə keçməmişdən qabaq Qəzvinin darğası idi və 1603-cü ilin sentyabr ayında I Şah Abbasın qoşunu ilə Təbrizi Osmanlıların əlindən geri almaq uğrunda gedən vuruşmalarda adi bir əsgər kimi iştirak edib.
Əmirgunə bəy Qacar hələ əmirlik rütbəsi almamışdan qabaq, yəni 1603-cü ildə savaşlardakı igidliyinə görə Şahın etimadını qazanmşdı. Elə bu vaxt Şah onu Arasbara göndərib tapşırdı ki, Qarabağda Qacar oymağından və başqa el-ulusdan dəstə toplayıb Araz sahilini qorusun. H.1012-ci ilin şəvvəl ayında (mart 1604-cü ildə) Qızılbaş ordusu İrəvan qalası uğrunda vuruşarkən Əmirgunə Qarabağdan öz dəstəsi ilə bura gəldi. Onun dəstəsi İrəvanın köhnə qalasının Şərq tərəfindəki bürcü tutdu. İrəvan qalası fəth olunduqdan sonra vilayətə hökmranlıq Əmirgunə xana tapşırıldı.
Naxçıvan ulkası Maqsud Sultan Kəngərliyə, Kağızman və onun ətrafı isə Sədlu Sultana verildi. 1605-ci ildə Osmanlı ordusu yenidən İrəvana hücum etmək istədikdə I Şah Abbas Əmirgunə xana İrəvan əhalisini başqa yerə köçürməyə tapşırır və o, İrəvan camaatını Qaradağa köçürür. Osmanlı ordusu İrəvanı təhlükə altına aldığı zaman Maqsud Sultan Kəngərli Naxçıvan əhalisini Dizmar və Qaradağa, Təhmasibqulu bəy isə Culfa əhalisini İsfahana köçürdürlər. Həmin ilin qışında İrəvan hakimi Əmirgunə xan və Naxçıvan hakimi Maqsud Sultan Kəngərli Əlincə qalasında qışladılar. 1606-cı ildə I Şah Abbasın yeni hərbi cəhdləri ilə İrəvan qalası tamamilə azad olundu. Əmirgunə xan yenə də Çuxur-Səd bəylərbəyi və İrəvan hakimi olur. Qoçaqlığına görə Əmirgunə xana Göycə gölü ətrafında bir neçə kənd ulka verildi. 1607-ci ildə Zeynəl bəy Çors, Mustafa bəy isə Maku hakimi təyin olundular.
I Şah Abbas Əmirgunə xan Qacara İrəvan qalasının təmir olunmasını tapşırmışdı. İsgəndər bəy Münşi yazır ki, İrəvan qalası təmir edilərkən Əmirgunə xan və onun məmurları, mülazimləri Əlincə, Ordubad və Naxçıvanda çətin günlər keçirirdilər. O, öz məmurları ilə köçkünləri Azərbaycanın el, ulus və pərakəndə halda olan tərəkəmələri içərisindən toplayıb yenidən İrəvana gətirdi. İraq-i Əcəmdən Şah Abbasın əmri ilə Qacarın Ağcaqoyunlu oymağı, Musaoğlu, Səbat elinin hamısı gətirilib İrəvan və Şərurda yerləşdirildi. Yenidən Qızılbaş elləri öz qədim yurdlarına qayıtdılar. Əmirgunə xanın qoşunları Qars vilayətini də tutub bəylərbəyiliyə daxil etdilər. İsgəndər Münşi yazır ki, Əmirgünə xanın başçılığı ilə qalalar, şəhərlər bərpa olundu. Vilayətin iqtisadi həyatında tezliklə böyük irəliləyişlər başlandı.
1608-ci ildə İrəvanda Əmirgunə xan tərəfindən Cəlalilərə qonaqlıq verilmiş, ancaq Əmirgunə xan Cəlaliləri qarşılamağa getmədiyi üçün üzürxahlıq edib demişdi: "Qala kutvalları dövlətin inanılmış adamlarıdırlar. Padşahdan icazəsiz onun evi olan qalanı qoyub getməyə ixtiyarımız yoxdur. Buna görə də sizi qarşılamağa gələ bilmədim".
Buradan aydın olur ki, bəylərbəyi hökmranlıq etdiyi bəylərbəyilikdə nə qədər müstəqil olsa da, Şahın icazəsi olmadıqda mərkəzdən başqa yerə gedə bilməzdi. 1612-ci ildə İstanbulda Osmanlı-Səfəvi andlaşmasından sonra Salmasda iki dövlət arasında sərhədi təyin etmək və müqavilə əsasında Səfəvi dövləti tərəfindən sənədlərə möhür vurmaq Əmirgunə xana tapşırılmışdı. Sülh müqavilənaməsi əsasında demarkasiya
sənədlərini Osmanlı dövləti tərəfindən Məhəmməd paşa və sərhəd sancaqbəyiləri, Səfəvi dövləti tərəfindən isə Əmirgunə xan və bu tərəfin əmirləri möhürləmişdilər. 1617-ci ildə İrəvan qalası yaxınlığında Osmanlılara qarşı vuruşmada şücaət göstərdiyinə görə Şah Əmirgünə xanı "Sarı Aslan" adlandırmışdı. Şah Təhmasib dövrünün qorçusu Gülabi bəyin oğlu Əmirgunə xan (Sarı Aslan) Qacar tayfasının Ağcaqoyunlu elindən idi. Əmirgunə xan Qəzvin darğalığından Çuxur-Səd bəylərbəyiliyinə qədər yüksək vəzifəyə qalxa bilmişdi. 1625-ci il iyul ayında 0, Gürcüstanda vuruşmada möhkəm yaralanır. Qacar döyüşçüləri onu yaralı halda vuruş meydanından çıxarırlar. Bir müddət İrəvanda yaralarını müalicə etdirir. Lakin 1625-ci ilin axırlarında elə həmin yaradan da ölür.



Zabil Bayramlı
tarix üzrə elmlər doktoru,
professor