Qida zəhərlənməsi halları artıb Hadisə

Qida zəhərlənməsi halları artıb

İmran Abdullayev: "Araşdırma zamanı söylənilənlər diaqnozla üst-üstə düşmür"
Adil Qeybulla: "Qida zəhərlənmələri daha çox qidalar düzgün saxlanılmadıqda özünü göstərir"
Eyyub Hüseynov: "Ölkədə ərzaq və qida təhlükəsizliyi ilə bağlı qanun işləmir"

Son illər əhali arasında qida zəhərlənməsi halları artıb. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, cari il başlayandan əhali arasında 197 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 216 nəfər zərər çəkib. Onlardan 76 hadisə mart ayı ərzində baş verib. Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin fikrincə, qida zəhərlənməsi hallarının artmasının əsas səbəbi məişət şəraitində hazırlanan qidaların düzgün saxlanılmaması ilə bağlıdır. Onun sözlərinə görə, qida zəhərlənməsindən qorunmaq üçün ərzaqların və qidaların saxlanma qaydalarına riayət etmək lazımdır.
İmran Abdullayev deyir ki, bəzən evdə soyuducunun tez-tez açılıb bağlanması soyudulma sisteminə təsir göstərir. Nəticədə soyuducu yaxşı soyutmur, onun temperatur rejimi düzgün olmur. Soyuducuda saxlanılan məhsulun çıxarıldıqdan sonra bir neçə saat kənarda saxlanılması, daha sonra yenidən soyuducuya qoyulması da düzgün deyil. Çünki bu, məhsulun keyfiyyətinin aşağı düşməsinə təsir göstərir. Bütün bunlar isə öz növbəsində qida zəhərlənməsi hallarının baş verməsinə imkan yaradır. Bölmə müdiri bildirir ki, soyuducuya qoyulmuş bəzi qidaları yemək istədikdə onları 80-90 dərəcəyə qədər qızdırmaq lazımdır. Buna riayət edilmədikdə və qida yaxşı qızdırılmadıqda mikroorqanizmdə olan mikrobların inkişafına şərait yaranır. İ.Abdullayev hesab edir ki, qida zəhərlənmələrinin sayını azaltmaq üçün əhali arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır.
İmran Abdullayev onu da bildirib ki, zəhərlənmə halları şadlıq sarayları, restoran kimi ictimai-iaşə obyektlərindən daha çox evlərdə baş verib: "458 zəhərlənmə hadisəsinin demək olar ki, hamısı evlərdə baş verib. Ev sahiblərinin 95 faizi düzgün məlumat verməkdən yayınır. Çox vaxt həqiqəti gizlədirlər, deyirlər ki, mağazadan tort, çipsi və s. almışdıq. Ancaq araşdırma zamanı söylənənlər diaqnozla üst-üstə düşmür. Məlum olur ki, qazan yeməyi yeyilib, yaxud 1-2 gün əvvəl hazırlanmış salat olub. Ev sahibləri zəhərlənmə halları zamanı həqiqəti gizlətməməlidirlər. Həm də nəzərə almalıdırlar ki, qanunda evdə qidadan zəhərlənmə ilə bağlı məsuliyyət nəzərdə tutulmayıb. Bizim də məqsəd sadəcə, zəhərlənmənin səbəbini müəyyənləşdirmək və bu səbəblərin aradan qaldırılmasına, gələcəkdə belə halların baş verməməsinə çalışmaqdır".
Professor Adil Qeybullanın sözlərinə görə, ərzaqlar ehtiyatla saxlanmalı və son istifadə tarixi yoxlanılmalıdır, əks halda qida zəhərlənmələri qaçılmaz olur: "Qida zəhərlənmələri daha çox qidalar düzgün saxlanılmadıqda özünü göstərir. Ona görə də qidaların saxlanılması şərtlərinə əməl edilməlidir. Qida zəhərlənmələri daha çox şadlıq evlərində və insanların kütləvi şəkildə toplaşdığı yerlərdə olur. Ona görə də qidaların saxlanılma şəraitinə nəzarət edilməlidir".
Ekspertlər yay aylarında qida zəhərlənmələrinin qarşısını almaq üçün tövsiyə edirlər ki, yemək hazırlayarkən qaynayana qədər qızdırmaq lazımdır. Yemək bişirildikdən sonra bir saat ərzində yeyilməli, yeməklər və içkilər ağzıaçıq saxlanılmamalı, meyvə-tərəvəz isti su ilə yuyulmalı, konserv yeməklərinin hazırlanmasına xüsusi diqqət yetirilməlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov statistik rəqəmlərin zəruri olduğunu, lakin kafi olmadığını bildirib: "Beş il bundan qabaq nazirlik tərəfindən heç bir açıqlama verilmirdi. Təşkilatımızın KİV-lə apardığı işlər sayəsində artıq bununla bağlı məlumat təqdim olunmağa başlayıb. Ona görə kafi deyil ki, ümumdünya göstəricilərindən iki yüz əlli dəfə az olan rəqəm göstərilir. Məsələn, Avstraliyada 50 milyon insan yaşayır. Bu ölkədə hər il beş milyon adam zəhərlənmə diaqnozu ilə qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistika ilə Azərbaycanda dövlət qurumları tərəfindən açıqlanan göstəricilər uyğun gəlmir. Səhiyyə Nazirliyi heç bir yoxlama aparmadan hər bir istehsalçıya gigiyenik sertifikat verir. Vətəndaşların zəhərlənmə faktı nazirlik tərəfindən qeydə alındıqda, buna səbəb olmuş qida və ya ərzaq növünün adı da açıqlansa, bu zaman ona verilmiş gigiyenik sertifikat da məlum olacaq. Yəni sahibkarda günah varsa, onun istehsal etdiyi və yaxud xaricdən gətirdiyi məhsulda nöqsan aşkarlanıbsa, belə olan halda onun gigiyenik sertifikatı necə əldə etdiyi də aydın olacaq. Qeyd olunur ki, zəhərlənmə nəticəsində bir nəfər ölüb. Amma indiyədək nöqsan aşkar edilən kütləvi istehsal məhsulunun adı və yaxud yeri nazirlik tərəfindən heç vaxt açıqlanmayıb. Hər dəfə qeyd olunub ki, istehsalçının məsuliyyətsizliyi və diqqətsizliyi nəticəsində belə hallar baş verib. Yəni bir növ sahibkarların üzərinə qoyulub. Nə qədər ki, müstəqil ekspertiza ilə məşğul olan və sertifikat verən orqanlar bir-birindən ayrı olmayacaq, belə hallar baş verəcək. İnsan zəhərlənərkən təcili yardım çağırılır, profilaktik iş aparılır, bununla da hər şey bitmiş sayılır. Lakin ekspertiza aparılmır ki, bu nədən baş verib. Hələ də ölkədə bunun kimi ciddi problemlər var. Satışdan çıxarılan təhlükəli malların sonrakı taleyi barədə məsələ qaranlıq olaraq qalır, tamamilə məhv edilməsi barədə ictimaiyyətə heç bir məlumat verilmir. Yəni bunların regionlara aparılıb əhaliyə satılması hallarının baş verməməsinə kim zəmanət verə bilər. Ümumiyyətlə, ölkədə ərzaq və qida təhlükəsizliyi ilə bağlı qanun işləmir, demək olar ki, yox dərəcəsindədir. Bütün bunlar isə anormal vəziyyətin yaranmasına gətirib çıxarır".
Qeyd edək ki, hələ 1995-ci ildə Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun qəbul olunub. Azərbaycan BMT-nin istehlakçıların hüquqlarının qorunmasına dair sənədinə qoşulub. Eyni zamanda ölkə Avropa qonşuluq prinsipi çərçivəsində ərzaq mallarının təhlükəsizliyinin qorunması və standartlara cavab verməsi öhdəliyini öz üzərinə götürüb. "Ancaq Azərbaycan qida təhlükəsizliyi ilə bağlı digər sənədləri də ratifikasiya etsə də, ölkədə qidaların təhlükəsizliyi təəssüf ki, təmin olunmur. İstehlakçıların hüquqlarının qorunması haqqında qanunun qəbulundan sonra ona 6 dəfə dəyişiklik edilib. Lakin bu dəyişikliklər istehlakçıların xeyrinə olmayıb, əksinə onların hüquqlarını məhdudlaşdıran maddələr qanuna əlavə edilib. Eyyub Hüseynovun bildirdiyinə görə, ərzaqlara verilən keyfiyyət sertifikatları malın təhlükəsizliyini təmin etmir: "Əslində, mallara sertifikat verən qurum tamamilə müstəqil olmalıdır. Lakin hazırda Azərbaycanda belə bir qurum yoxdur. Dövlət həm yoxlayır, həm nəzarət edir, həm də sertifikat verir. Ona görə də ölkədə təhlükəli mal çoxdur".
Ekspertin fikrincə, görülən tədbirlər ərzaq təhlükəsizliyinin tam təminatına nail olmağa hələ imkan vermir. Onun fikrincə, bazara keyfiyyətsiz məhsulun daxil olmasının qarşısını almaq məqsədilə idxalda və istehsalda keyfiyyətə nəzarət daha da gücləndirilməli, məhsul istehsalı üçün xammalın və avadanlığın keyfiyyəti yüksəldilməlidir. AİB sədri Azərbaycanda istehlakçı siyasəti olmadığından hazırda bu prosedurların tətbiq edilmədiyini bildirir.
Eyyub Hüseynovun sözlərinə görə, hazırda paytaxtda ancaq şadlıq evləri və restoranlar üçün işləyən gizli sexlər də fəaliyyət göstərir. Həmin qeyri-qanuni sexlərdə araqlar, sərinləşdirici içkilər, şirələr və qida məhsulları istehsal edilir. Saxta məhsulların ən çox realizə olunduğu yer isə restoran və şadlıq evləridir: "Ölkədə müstəqil ekspertiza, müstəqil laboratoriyalar yoxdur. Satılan malların 95 faizinin qaiməsi yoxdur, buna görə də, qida zəhərlənmələrinin baş verməsi təbiidir".
Eyyub bəy onu da bildirir ki, "bir sıra xarici ölkələrdə istehlakçı restoranda quraşdırılan monitorlar vasitəsilə mətbəxdə görülən işləri, yeməklərin hazırlanması prosedurunu izləyə bilir. Azərbaycanda isə bu şəkildə, yəni "açıq mətbəx" prinsipi ilə işləyən restoranlar barmaqla sayılacaq qədər azdır. Mətbəxləri istehlakçıların üzünə bağlamaq, orada baş verənləri gizləmək nadanlıq əlamətidir".
İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyətinin eksperti Sənan Kərimovun sözlərinə görə, rəsmi mənbələr ötən ilin yay aylarında 283 qida zəhərlənməsi olduğunu bildirir. Qeyri-hökumət təşkilatları isə 616 belə hal qeydə alıblar. Maarifçilik işi zəif olduğu üçün qida zəhərlənmələri bəzi hallarda ölümlə də nəticələnə bilir: "Dövlət institutları bu sahəyə lazımi maraq göstərmir. Belə ki, müstəqillik illərində ölkədə yeyinti məhsullarının keyfiyyəti üzrə bir menecer də hazırlanmayıb. Bu sahədə institut bir yana, texnikum da yoxdur. Standartlaşdırma Komitəsi və İqtisadi İnkişaf Nazirliyi formal olaraq mağazaları və anbarları yoxlayır. Əslində torpağın kultivasiyasından başlamış bütün texnoloji zəncir yoxlanmalıdır".
Un məhsullarının nümunəsində ekspert bildirib ki, ölkədə beynəlxalq standartlara uyğun, keyfiyyətli çörək yoxdur: "Fermerlərin taxıl saxlanması şəraiti da məqbul səviyyədə deyil. Bir kisə un 18 manata qaldırılıb, onlarda 50 kq un olmur. Standarta görə, 100 kq undan 130 kq çörək bişirilir. Amma su, duz, başqa inqridientlər qatılmaqla daha çox çörək bişirilir. Çörəkdə qırmızı qabıq yaransın deyə naməlum mənşəli yağ çəkirlər. Xəmir uzun müddət turşuyur. Elementar sanitar normalara əməl olunmur".
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun sözlərinə görə, Azərbaycana idxal olunan məhsulların bir çoxunda insan orqanizmi üçün zərərli olan konservantlar mövcuddur.
Beləliklə, yuxarıda adlarını çəkdiklərimizdən başqa, Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri, Gigiyena-Epidemiolgiya mərkəzləri də mütəmadi yoxlamalar aparır, saxta məhsul aşkarlayır, lakin problem hələ də ortadan qalxmır. Aşkar olunan saxta məhsullardan azı 10 qat artığı yenə də mağaza və bazarlarda açıq şəkildə satılır.

Ülviyyə Tahirqızı