“Media vasitəsilə milyonların fikrini manipulyasiya etmək olar” Hadisə

“Media vasitəsilə milyonların fikrini manipulyasiya etmək olar”

Novruz Məmmədov: "Təbliğatla bütöv bir cəmiyyətin "beynini və qəlbini yumaq" mümkündür"

"Media vasitələri qlobal miqyasda insanların həyat tərzinə, düşüncəsinə, siyasi və iqtisadi proseslərə və mədəniyyətə ciddi təsir edirlər. Bu üsuldan Qərb ictimai rəyi idarə etməkdə geniş miqyasda yararlanır. Beləliklə, müasir təbliğat və təşviqat vasitələri ilə bütöv bir cəmiyyətin "beynini və qəlbini yumaq" mümkündür. Deməli, milli dövlət üçün mədəniyyət sistemini qorumaq və inkişaf etdirmək ilk növbədə siyasi məsələdir".
APA-nın məlumatına görə, bu, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "Heydər Əliyev və yeni cəmiyyət modeli" konfransı üçün təqdim etdiyi məruzədə yer alıb.
N. Məmmədov bildirib ki, qloballaşan dünyada əsas təsir vasitələri mədəniyyətlərin tranziti kanalları, yəni mediadır: "Media vasitəsilə milyonların fikrini manipulyasiya etmək olar. Sosialist düşərgənin dağılması ilə həmin tendensiya daha da güclənib. Təsadüfi deyil ki, məhz keçən əsrin 90-cı illərinin əvvəllərində qlobal miqyasda fəaliyyət göstərən bir neçə informasiya vasitəsi formalaşdı. Onlardan CNBC, BBC World News, Euronews, Bloomberg TV, Al-Jazerra və başqalarını göstərə bilərik. Həmin prosesin vüsət almasının geosiyasi şərtləri aydındır. Müxtəlif sahələrdə çalışan insanların anında informasiya almaq ehtiyacı ödənməlidir. Deyək ki, bizneslə məşğul olan adamın uğur qazanması, həmçinin transmilli təşkilatların dünya miqyasında fəaliyyəti qlobal səviyyədə informasiya vasitələrinin fəaliyyətindən birbaşa asılıdır".
N. Məmmədov qeyd edib ki, bu gün beynəlxalq aləmdə baş verən mürəkkəb, narahatlıq doğuran proseslərə diqqət yetirərkən görünür ki, ən mühüm nəticə müstəqilliyini qazanmış dövlətin sabitliyidir: "Bu sabitlik eyni zamanda ölkənin dinamik inkişafını da təmin edə bilirsə, onda onu dövlətin öz gələcəyini təmin etmək üçün əldə etdiyi böyük tarixi nailiyyəti hesab etmək olar".