Aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir Hadisə

Aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir

Hər bir ölkənin və xalqın problemlərinin ən optimal yolu iqtisadi və sosial tərəqqidən keçir. Hər bir dövlətin tərəqqisinin sürətləndirilməsində, həmçinin iqtisadi inkişafın əsas məqsədi sayılan sosial rifahın davamlı yüksəlişinin təmin edilməsində mövcud əmək potensialından və resurslarından səmərəli şəkildə istifadə edilməsi, bununla bağlı məqsədyönlü siyasətin həyata keçirilməsi mühüm rol oynayır. Sosialyönümlü iqtisadi siyasət isə əhalinin faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, sosial müdafiədə səmərəlilik prinsipinə üstünlük verilməsi, əlillərin, aztəminatlı ailələrin və bu qəbildən olan digər şəxslərin həyat səviyyəsinin yüksəldilməsinə lazımi şəraitin yaradılması ilə xarakterizə olunur. Bu baxımdan ölkəmizdə 1993-cü ildən etibarən vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi, işçi qüvvəsinə tələbatın stimullaşdırılması, səmərəli işgüzarlıq mühitinin formalaşdırılması, struktur islahatlarının dərinləşdirilməsi və digər məqsədəuyğun fəaliyyətlər reallaşdırılıb.
Xatırladaq ki, 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına uğurla keçid sürətləndi, iqtisadiyyatın tarazlı inkişafının təmini sahəsində kompleks tədbirlər reallaşdırıldı. Onun rəhbərliyi ilə dəqiq elmi təhlillərin aparılması və qabaqcıl dünya təcrübəsinin tətbiqi nəticəsində bazar iqtisadiyyatı şəraitində effektiv sosial siyasətin və sosial ədalət prnisipinin həyata keçirilməsi, əmək qabiliyyətli hər bir insana layiqli iş şəratinin yaradılması, əhalinin yüksək sosial müdafiəsi, məşğulluq probleminin uğurlu həlli və digər məsələlər öz çözümünü tapdı. Heydər Əliyev sosialyönümlü milli iqtisadiyyatın qurulması üçün mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi baza yaratdı. Təkcə 1993-2003-cü illərdə Heydər Əliyev tərəfindən ölkədə sosial sahədə inkişafın təmin olunmasına xidmət edən 60-dan atıq sənəd imzalandı. "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında", "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında", "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" və digər fərman və sərəncamların qəbul edilməsi, 1994-cü ildə 9 May tarixinin Azərbaycanda yenidən "Qələbə günü" kimi rəsmiləşdirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar oldu. Heydər Əliyevin sayəsində dövlət siyasətində əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioret istiqamətlərdən birinə çevrildi. Bu baxımdan əhalinin sosial müdafiəsi ilə bağlı qanunvericilik bazasının güclənməsi istiqamətində atılan növbəti mühüm addımlardan biri də onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitutsiyası oldu. Çünki bu sənəddə dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyət növlərinə əsaslanaraq xalqın sosial rifahının yaxşılaşdıılması təsbit edilir.
Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biri də ölkəmizin ərazi bütövlüyü və Konstitutsiya quruluşu uğrunda fiziki sağlamlığını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması idi. Hələ 1997-ci ilin noyabrın 15-də Bakının 6-cı mikrorayonunda əlil və şəhid ailələri üçün inşa edilmiş 81 mənzilli binanın açılışında iştirak edən ulu öndər əlil və şəhid ailələrinin mənzillə təminatı işlərinin daim diqqətdə saxlanılacağını bildirmişdi. Məhz 1997-ci ildən 2012-ci ilin sonunadək 5 minə yaxın əlil və şəhid ailəsi mənzillə təmin edildi. 1997-ci ildə 81 mənzil inşa olunduğu halda, 2013-cü ildə bu rəqəm 715 oldu. Bundan əlavə 1993-cü ildən başlayaraq, müharibə əlillərinin minik avtomobilləri təminatına başlanıldı. İndiyədək 4206 nəfər Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlilli dövlət hesabına minik avtomobili ilə təmin edilib. Sosial cəhətdən həssas qruplardan olan əlillərə, müharibə veteranlarına diqqət və qayğını daim artırılması baxımından prezident İlham Əliyevin imzaladığı və əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsini, həmçinin müharibə əlillərinə və veteranlarına dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasını nəzərdə tutan 17 və 18 mart 2014-cü il tarixli 4 fərman və 1 sərəncam da təqdirəlayiqdir. Məhz sözügedən sənədlərin icrasına başlanılması nəticəsində aprel ayının 1-dən etibarən əmək pensiyası almayan və I qrup əlilliyə görə 67 manat sosial müavinət alan 14 min 620 nəfərə əlavə olaraq 60 manat Prezident təqaüdü verilir. Ümumilikdə bu vəsait 127 manat olmaqla 125 manat səviyyəsində olan yaşayış minimumunu üstələyib. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş 11 min 821 nəfərə təyin olunan Prezident təqaüdlərinin məbləği bu təbəqələrdən olan 871 nəfər I qrup əlil üçün 110 manatdan 150 manata, 8905 nəfər II qrup əlil üçün 85 manatdan 130 manata və 2045 nəfər III qrup əlil üçün 60 manatdan 100 manata çatdırılıb. Əmək pensiyası almayan müharibə veteranlarına güzəştlərin əvəzində aylıq olaraq ödənilən 37 manat kompensasiyanın məbləği isə aprelin əvvəlindən 45 manata çatdırılıb. Bütün bunlar isə əhali kontingentinin rifahında müsbət dəyişikliklər yaratmaqdadır.
Bu ilin aprelin 30-da dövlət başçısının imzaladığı və Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə dövlət qayğısının artırılmasını və Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla tam təmin edilməsini nəzərdə tutan sərəncamlar da tarixi bir əhəmiyyət daşıyır. Çünki Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan 667 nəfər və Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş 11 nəfər olmaqla ümumilikdə 678 nəfərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği 55 manatdan cari ilin may ayının 1-dən 81,8 faiz artırılaraq 100 manata çatdırılır. Bundan başqa, 293 nəfəri Böyük Vətən müharibəsi əlili, 141 nəfəri hərbi xidmət, 424 nəfəri isə Çernobıl əlilləri olmaqla 2014-cü ilin 1 yanvarına qədər növbəyə durmuş 858 nəfərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 3,5 milyon manat ayrılacaq. 858 nəfər Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin xüsusi minik avtomobilləri ilə tam təmin olunmasına isə bu ilin iyun ayında başlanacaq. Həmin vətəndaşların avtomobillə tam təminatının isə avqustun sonunadək başa çatdırılması nəzərə tutulur.
Onu da bildirək ki, dövlət başçısının 30 aprel 2014-cü il tarixli "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə" sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçıları olan 170" nəfərin hər birinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 700 manat məbləğində birdəfəlik yardım göstərilib. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçıları olan 21 min 172 nəfərin hər birinə 300 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar da sözügedən insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində atılmış mühüm addımdır.
Onu da qeyd edək ki, ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və ölkənin hərtərəfli inkişafını stimullaşdıran məqsədyönlü sosial iqtisadi strategiyaya əsaslanan islahatların ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, düşünülmüş və məqsədyönlü siyasətin həyata keçirilməsi nəticəsində təkcə bu ilin ilk rübündə ümumdaxili məhsul 2,5, qeyri-neft sektoru 8,8 faiz artıb, 29 minə yaxın yeni iş yeri yaradılıb, ümumilikdə regionlarda 100-ə yaxın yeni müəssisə fəaliyyətə başlayıb. Həmçinin ölkə üzrə orta aylıq əmək haqqı mütəmadi yüksələrək 430 manata çatıb, əhalinin pul gəlirləri 4,5 faiz artıb. Bu ilin 1 aprel tarixinədək ölkəmizdə 612 min 114 nəfər ailə üzvünü əhatə edən 139 min 573 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir. Onlardan 39 min 143-ü tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardım təyin olunan ailələrdən 1852-i tərkibində müharibə əlili olan ailələr, 365-i şəhid ailələri, 12 min 583-ü isə məcburi köçkün ailələridir. Ödənilən ünvanlı yardımın orta aylıq məbləği hər ailə üçün 128,07 manat manat təşkil edir. Ünvanlı dövlət sosial yardımı sisteminin tətbiqinə başlanıldığı 2006-cı ildə ehtiyac meyarının məbləği 30 manat olduğu halda, bu məbləğ ötən müddətdə 3,3 dəfə artırılaraq 2014-cü ilin əvvəlindən 100 manata çatdırılıb.
İnanırıq ki, sürətli inkişafa xidmət edəcək möhkəm bazanın formalaşdırılması və ölkəmizin maliyyə imkanlarının çoxalması hesabına Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, sosial müavinətlər və digər sahələrdə əldə olunan uğurların sayı ilbəil artacaq, vətəndaşların sosial rifahı və güzəranı daha da yaxşılaşacaq, xalqımız firəvan yaşayacaq. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizdə aztəminatlı, yoxsul insan olmayacaq.

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim olunur.