Akademikin oğlu… Hadisə

Akademikin oğlu…

Ərtegin Salamzadə- 60
Deyirlər ki, insanın adının mənası onun taleyində əhəmiyyətli rol oynayır. Amma elə nadir adlar var ki, onların mənasını dərindən başa düşmək çox çətindir. Məsələn, “Ərtegin” adı. Bu ad azərbaycanlıların adlar siyahısında yoxdur. Lüğət isə, onu belə izah edir; kişi varis və ya kişinin varisi...
Bəli, bu dəfə sizə ölkəmizdə nadir adlardan birini daşıyan professor Ərtegin Salamzadədən danışmaq istəyirəm. O, 1965-ci ildə Ukraynanın Kiyev şəhərində dünyaya gəlib. Atası- əslən Şamaxı rayonundan olan memar, əməkdar inşaatçı, əməkdar elm xadimi, akademik Əbdül Vahab Salamzadə olub...
Ərtegin müəllim 1987-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət tarixi və nəzəriyyəsi” bölməsini bitirib. 1987-ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışır. 1996-2010-cu illərdə İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edib. Hazırda İnstitutun rəhbəridir. Eyni zamanda, Azərbaycan Memarlıq-İnşaat Universitetinin “Dizayn” kafedrasının professorudur. 1992-ci ildə namizədlik dissertasiyasını Bakıda, 2002-ci ildə isə doktorluq dissertasiyasını Moskva şəhərində müdafiə edib. Sənətşünaslıq elmləri doktoru, professordur. 2014-cü ildən AMEA-nın müxbir üzvüdür...
AMEA Memarlıq və İncəsənət İnstitutunun baş meneceri, Kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov onun haqqında yazır: “Ərtegin Salamzadənin elmi fəaliyyətini bir neçə cümlə ilə əhatə etmək mümkün deyil. Onun sənətşünaslıq elminin inkişafındakı fəaliyyəti, şübhəsiz, tədqiqatçılar tərəfindən nə vaxtsa araşdırılacaq. Eləcə də, onun idarəetmə mədəniyyətindəki uğurlu fəaliyyəti insan münasibətləri mədəniyyətinin xüsusi göstəricisi sayıla bilər. Rəhbərlik etdiyi Memarlıq və İncəsənət İnstitutu kollektivinin, xüsusilə gənc tədqiqatçıların hörmətini qazanması onun xüsusi özəlliklərinin olmasından xəbər verir. Yəni söhbət elmli, ədalətli və yüksək keyfiyyətləri özündə cəmləşdirən bir insandan gedir. Daha mühümü, bu gün üçün aktual olan isə insani keyfiyyətlərin önə çıxarılması və şəxsin düşüncə tarixində arzulanan kamillik yolundakı irəliləyişlərini izləməklə əməllərinin yaxşı nümunə kimi göstərilməsidir. Bir sözlə, Ərtegin müəllimin özəlliyi böyüklə-böyük, kiçiklə-kiçik, hər kəsin səviyyəsinə uyğun ünsiyyət, xoş rəftar, tabeliyində olanlara bunu hiss etdirmədən hər zaman "siz" deyərək qarşısındakını dəyərləndirməklə insanlığı təbliğ etməkdir. Əslində, bu fundamental dəyərlərin təbliğidir...”
...Bakı, İstanbul, Daşkənd, Almata, London, Budapeşt, Tunis, Moskva, Sankt-Peterburq və Krasnodar şəhərlərində nəşr olunan, Azərbaycan sənətşünaslığının tarixi və metodologiyasına, dizayn və heraldikanın vizual dilinin problemlərinə həsr etdiyi 160-ə yaxın elmi əsərin müəllifidir. Onlardan “Azərbaycan sənətşünaslığı. XX əsr”, “Elçin Əlibəyli: rəssam və bədii ənənə”, “Dizayn və informasiya”, “İncəsənət və sənətşünaslıq” monoqrafiyaları, “Dizayn tarixi”, “Vizual informasiya” ali məktəblər üçün tədris vəsaitləri, “Məlik Ağamalov. Boyakarlıq”, “Tofiq Rəsulov. Şəbəkə” və “Akmal Nur. Boyakarlıq” kataloqlarını göstərmək olar...
...Çox səmimi adamdır. Təkəbbür və lovğalıqdan uzaqdır. Nizam-intizamı xoşlayır. İnanılmaz dərəcədə ağıllıdır və həmişə onun beyni qəbul etdiyi məlumatları təhlil etməklə məşğuldur. O, dünyanı öz xüsusiyyətlərinə uyğunlaşdırmaqdan və ətrafında dinc, nizamlı bir məkan yaratmaqdan zövq alır. Bəzən, həyatda buraxdığı kiçik səhvlərə görə, özünü çox sərt və amansızcasına tənqid edir. Bu onun olduqca ağıllı olmasının təzahürüdür. O, hər vəziyyətdə bütün nəticələrə nəzarət etməyi bacarır. İşlərini planlaşdırmağı sevir. Mütəşəkkil və nizamlıdır. Bundan əlavə, çox ehtiyatlıdır. Səhv etməkdən, könül qırmaqdan qorxur. Səliqə-səhmana ciddi riayət edir. Gözlənilməz sürprizləri sevmir. Söz verdisə sözünə hökmən əməl edir. Adamları ruhdan salmaq onun təbiətinə yaddır. Əksinə, adamlara bacardığı qədər kömək etməyə hazırdır. Təfərrüat yönümlü insandır. Məzmunlu və məntiqlidir...
...Bəli, ölkəmizdə nadir adlardan birini daşıyan Ərtegin müəllim də, adına uyğun taleyini yaşayır. Bu il onun üçün yubiley ilidir, 60 yaşı tamam olur. Dedim ki, dostları, sevənləri də bilsin. Axı, 28 avqusta nə qalıb ki...
Elman Eldaroğlu