

Azərbaycan və Pakistan bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparacaq.
Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında “Bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş 2025-ci il 24 fevral tarixində Pakistanın Lahor şəhərində imzalanıb. Sazişin məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini və ərzaq təhlükəsizliyini təmin etməkdir.
Sənəd fitosanitar nəzarətin qarşılıqlı şəkildə həyata keçirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üçün hüquqi əsas yaradır. Saziş eyni zamanda Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) və Dünya Ticarət Təşkilatının Sanitariya və Fitosanitariya Sazişi (SPS Agreement) ilə tam uyğunluq təşkil edir və bu öhdəliklərin ikitərəfli çərçivədə praktiki tətbiqinə xidmət edir.
Azərbaycan tərəfindən Sazişin icrasına məsul orqan kimi Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Pakistan tərəfindən isə Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqat Nazirliyi müəyyən edilmişdir. Bu qurumlar məhsulların yoxlanması, fitosanitar sənədlərin hazırlanması, zərərli hallarda qarşı tərəfin məlumatlandırılması və karantin siyahılarının mübadiləsi funksiyalarını icra edirlər.
Sazişin predmeti kənd təsərrüfatı bitkiləri, bitki mənşəli məhsullar, torpaq və qablaşdırma materialları da daxil olmaqla zərərli orqanizmlərin daşınma riski daşıyan bütün obyektlərdir. Bu məhsullar yalnız rəsmi fitosanitar sertifikatla müşayiət olunmalı və IPPC standartlarına uyğun qablaşdırmada daşınmalıdır. Uyğunsuzluq hallarında idxalçı tərəf məhsulu geri qaytarmaq, zərərsizləşdirmək və ya məhv etmək hüququna malikdir. Bu prosedurlarla bağlı bütün xərclər yük sahibinə aiddir.
Saziş, tərəflərin dövlətdaxili təsdiq prosedurlarınıbaşa vuraraq diplomatik kanallar vasitəsilə bir-birini rəsmi qaydada məlumatlandırmasından sonra qüvvəyə minir. Sənəd 5 il müddətinə bağlanır və tərəflərdən biri ləğv etmək istəmədikdə avtomatik olaraq növbəti beşillik dövr üçün uzadılır. Hər hansı əlavə və ya dəyişiklik yalnız qarşılıqlı razılıq əsasında, protokol formasında təsdiqlənməklə mümkündür.
Azərbaycan üçün bu Sazişin strateji əhəmiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının ixracında beynəlxalq fitosanitar tələblərə cavab verilməsi zəruridir. Bu sənəd, bir tərəfdən məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdırır, digər tərəfdən isə ölkəyə idxal edilən məhsullarla zərərli orqanizmlərin daxilolma riskinin qarşısını almaq üçün effektiv hüquqi mexanizm yaradır. Beləliklə, Saziş həm iqtisadi maraqların qorunmasına, həm də biosanitar təhlükəsizliyin təmin edilməsinə xidmət edən mühüm normativ sənəddir.