

Şahbaz Xuduoğlu- 57
Deyir ki:- “Azərbaycanda insanlar öz sağlamlıqlarına və zəkalarına çox biganədirlər və kapital qoymaq istəməzlər. Yalnız xəstələnəndə, ürək dayananda həkimə gedirlər, kitaba imtahanlar başlayanda pul verirlər. Amma bu, mədəniyyətin bir hissəsinə çevrilməlidir. Kitablar yalnız universitetlərdə, tələbənin masasının üstündə olmamalıdır, hər yerdə olmalıdır. Məsələn, Londonda, Türkiyədə metrolarda da kitablar var. Qəzetlər böyük hissəsini kitablarla bağlı yazılara həsr edirlər. Bizim həyatımızda isə kitab ümumiyyətlə yoxdur. Yox olmayan yerdə biz tələbədən, yeni nəsildən kitab oxumağı tələb edə bilmərik. Mən bəzən iqtisadiyyatla, hüquqla bağlı dərsliklərə baxıram. Anlamaq mümkün deyil. Bunu Azərbaycan alimləri yazıb. Alimlər dilini dəyişməlidir, düşüncəsini dəyişməlidir. Alim sadə düşünməklə gerçək alim olur, sadə dildə yazmaqla insanları oxutmalıdır. Müasir dövrdə bir dənə də olsun elmi populyar ədəbiyyat tapıb çap eləmək mümkün deyil. Məcburuq tərcümə ədəbiyyatına müraciət edək. Bəli, tərcümələrlə bağlı çoxlu iradlar var. Amma başqa yolumuz yoxdur...”
Gənc yaşlarından ölkədə tanınmağa başlayıb. Davranışı, işgüzarlığı, istedadı, yüksək intellekti ilə özünə hörmət qazana bilib. Ara-sıra yazsa da, ərsəyə gətirdiyi publisistik yazılar insanların zövqünü oxşayır. Fəaliyyətini dəyişib, nəşriyyat işinə başlayandan, daha möhtəşəm görünür, uğurları artdıqca artır. Ölkənin ən qabaqcıl naşirlərindən biri kimi tanınır…
Haqqında söhbət açdığım Şahbaz Xuduoğlu 24 iyun 1968-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində anadan olub. Orta təhsilini orada baş vurduqdan sonra, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram, kino aktyorluğu fakültəsində ali təhsilə yiyələnib. Hazırda "Qanun" nəşriyyatının rəhbəridir...
Amerikada yaşadığım illərdə kitabla bağlı çox hadisələrin şahidi olmuşam. Mağazaların görünən yerində yeni nəşr olunmuş kitabların ödənişsizverilməsi, yaşlı amerikalıların öz həyətlərinin səkiyə yaxın hissəsində kitabları xüsusi qutulara qoyub, insanlara təmənnasız təqdim etməsi bu sıradadır. Orada gördüklərimlə Şahbaz Xuduoğlunun gənclərin maariflənməsi uğrunda göstərdiyi xidmətlərini müqayisə edəndə, qürur hissi keçirirəm. Əslində azad düşüncəli, muasir qərb insanına məxsus güclü təfəkkürlü, dünyanı olduğu kimi dərk etməyi bacaran bu insanın varlığı ölkəmiz üçün qənimətdir. Onu sevmək, ona ehtiram göstərmək, səmərəli fəaliyyətinə daha geniş yol açmaq lazımdır…
“İnsan özünə münasibətdə saxta olmamalıdır. Öz varlığına həssas yanaşmalıdır. Özü ilə yanaşı, milyardlarla insanın varlığını düşünməlidir. Mənim üçün yaxşı əməlləri paylaşmağı bacaran kəs böyük dəyər sahibidir"- söyləyir.
Hər gün səhər saat 4-də yuxudan durmağa adət edib. Ən azı bir saat mütaliə edəndən sonra yaxınlıqdakı meydançada kros qaçır. Yoqayla məşğul olur. Səhər yeməyindən sonra isə iş yerinə- nəşriyyata tələsir…
Deyir ki:- “Oxumaq təhsillə bağlı bir məsələdir. Azərbaycan məktəblərində, Azərbaycan dilli məktəblərdə ümumiyyətlə təhsil verilmir. İndi türk məktəblərində təhsilin səviyyəsi daha yüksəkdir, bir də rus məktəblərində. Ona görə də türk dilində olan kitabların da oxunaqlıq səviyyəsi artmaqdadır. Azərbaycan dilində təhsilin səviyyəsi aşağı olduğu üçün kitab oxuyan da yoxdur. Sovet dövründə olduğu kimi, Azərbaycan dilində kitaba tələbat əsasən regionlardadır, ora da kitab getmir. Yəni rayonlarda kitab dükanları olmadığına görə, ora kitab göndərilmir...”
Kitab dükanlarının azlığı onu da narahat edir. Dünya yazarlarının əsərlərinin Azərbaycan dilində olmamasından çox üzülür. Səyahət etməyi, dünya xalqlarının mədəniyyəti ilə yaxından tanış olmağı xoşlayır. İndiyədək bir sıra Avropa ölkələrində, bir neçə Asiya dövlətlərində səfərdə olub.
"Kitabxanaların inkişafı ilə bağlı dövlət proqramı var. Bu proqramda göstərilir ki, Azərbaycan kitabxanalarının 0.7%-i müasir standartlara cavab verir. Həqiqətən də 5 min kitabxanadan 3 mini qalıb ki, bunların da yalnız 70-80-i işlək vəziyyətdədir. Qalanı heç işləmir də. Ümumiyyətlə, mən hesab edirəm ki, kitab sahəsinin ciddi dəstəyə ehtiyacı var. Bunu Mədəniyyət və Turizm Nazirliyinin tərkibində etmək mümkün deyil. Bu nazirlik əsasən adının ikinci hissəsinə xidmət edir, bəzən özüdə bir nəşriyyat funksiyasını yerinə yetirir. Azərbaycanı turistlərə tanıtmaq baxımından kitablar nəşr edir. Hamısı yüksək keyfiyyətlə və böyük xərc tələb edir. Amma hara paylanır, harda satılır bilinmir. Azərbaycan kitabı dünya kitab yarmarkalarında zəif işrtirak edir. Əslində Mədəniyyət və Turizm Nazirliyi şərait yaratmalıdır ki, nəşriyyatlar getsinlər. Maraqlıdır, hər il nazirliyin işçiləri dövlət büdcəsi hesabına müxtəlif yarmarkalarda iştirak edirlər. Görəsən onlar bu vaxta qədər hansı xarici yazıçının əsərlərinin bizdə nəşri üçün müəllif hüquqlarını alıblar? Yaxud əksinə, hansı yazıçımızın xarici ölkələrə əsərlərini satıblar?" - söyləyir…
Kitabın qüdrətinə çox inanır. Həyatında mütaliənin əhəmiyyətli rolu olduğunu, müəyyən vərdiş və keyfiyyətləri oxuduqlarından götürüb, özünə tətbiq etdiyini dilə gətirir. İnanır ki, onun bir insan kimi yetişməsində kitabların böyük təsiri olub…
Deyir ki, "Mən kitab satışı ilə mənfəət əldə edib, varlanmaq üçün məşğul olmuram. Mənəvi tələbatımı ödəməyə çalışıram və özümü mənən xoşbəxt hesab edirəm...”
...Amerikalılar deyir ki, nəyisə dəyişə bilmirsənsə, ona münasibətini dəyişməlisən. Öz işində bütövlük mənəvi xoşbəxtlikdir. Əsl həyat isə mənəvi xoşbəxtlikdən başlayır. Zəhmət heç zaman cavabsız qalmır. Sevindirici haldır ki, Şahbaz Xuduoğlu hələlik Fransanın nüfuzlu İncəsənət və Ədəbiyyat Ordeninin “Cəngavər” dərəcəsinə layiq görülüb...
İyunun 24-ü Şahbaz bəyin 57 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, fəaliyyətində daha böyük uğurlar arzulayıram...
Elman Eldaroğlu