Dünya Bankı Avropada qazın qiyməti üzrə proqnozunu artıma doğru yeniləyib İqtisadiyyat

Dünya Bankı Avropada qazın qiyməti üzrə proqnozunu artıma doğru yeniləyib

Dünya Bankı (DB) 2026-2027-ci illər üzrə Avropa və ABŞ-da təbii qazın qiymət proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" Bankın aprel ayı üzrə proqnozuna istinadən xəbər verir.

Proqnoza əsasən, Avropada təbii qazın orta qiyməti 2026-cı ildə 1 mln. BTU-ya görə 15 ABŞ dolları (öncəki proqnoz göstəricisindən 4,2 dollar çoxdur), 2027-ci ildə isə bu göstərici 12 dollar səviyyəsində (öncəki proqnozdan 2,2 dollar çoxdur) olacaq.

Bundan əlavə, ABŞ-da qazın orta qiyməti 2026-cı ildə 1 mln. BTU-ya görə 3,8 dollar (öncəki proqnoz göstəricisindən 0,1 dollar azdır), 2027-ci ildə isə 4 dollar (öncəki proqnozdan 0,1 dollar çoxdur) səviyyəsində olacağı proqnozlaşdırılır.

DB-nin hesablamalarına görə, 2025-cü ildə Avropada və ABŞ-da qazın orta qiyməti müvafiq olaraq 12 dollar və 3,5 dollar təşkil edib.

Beləliklə, 2026-cı ildə Avropada qaz illik müqayisədə 25,4% bahalaşacaq, 2027-ci ildə isə 20 ucuzlaşacaq. Öz növbəsində, ABŞ-da qazın qiyməti 2026-cı ildə 7,8%, 2027-ci ildə isə 5,3% artacaq.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.