

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarını mövcud və yarana biləcək təhlükələrdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqləri davam etdirir.
Bu barədə "APA-Economics"ə Xidmətdən bildirilib. Məlumata görə, dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, cari ilin birinci yarımili ərzində 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib.
Hakerlərin hədəfinə çevrilmiş dövlət qulluqçularının 16% admin səlahiyyətli əməkdaşlar olub ki, bu da ciddi narahatlıq doğurmaqla yanaşı, həmin dövlət qurumlarında daxili informasiya təhlükəsizliyinə nəzarətin kifayət qədər olmadığını və bu sahədə zəruri addımların atılmadığını göstərir. XRİTDX tərəfindən həmin dövlət qurumlarına müvafiq tədbirlərin görülməsi üçün məlumat verilib.
Bununla yanaşı, internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşlar haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarının da hakerlərin əlinə keçməsinə şərait yaradırlar. 2025-ci ilin birinci yarımilində hakerlərin qurbanına çevrilmiş dövlət xidməti istifadəçiləri olan vətəndaşların sayı 6164 olub.
№ |
Elektron Xidmət Təminatçısı |
Vətəndaş |
1 |
Dövlət İmtahan Mərkəzi |
2406 |
2 |
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi |
2101 |
3 |
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti |
692 |
4 |
Daxili İşlər Nazirliyi |
341 |
5 |
Dövlət Miqrasiya Xidməti |
216 |
6 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
109 |
7 |
Səhiyyə Nazirliyi |
100 |
8 |
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi |
60 |
9 |
Xarici İşlər Nazirliyi |
30 |
10 |
Dövlət Gömrük Komitəsi |
24 |
11 |
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi |
24 |
12 |
Dövlət Statistika Komitəsi |
20 |
13 |
Maliyyə Nazirliyi |
17 |
14 |
Ədliyyə Nazirliyi |
8 |
15 |
Məhkəmə-Hüquq Şurası Məhkəmə Portalı |
4 |
16 |
Elmin İnkişafı Fondu |
4 |
17 |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti |
2 |
18 |
Auditorlar Palatası |
1 |
19 |
Elm və Təhsil Nazirliyi |
1 |
20 |
Azərbaycan Standartlaşdırma İnstitutu |
1 |
21 |
Azərenerji ASC |
1 |
22 |
Dövlət Reklam Agentliyi |
1 |
23 |
Milli Depozit Mərkəzi |
1 |
* |
HAKERLƏRİN QURBANINA ÇEVRİLMİŞ DÖVLƏT XİDMƏTLƏRİNDƏN İSTİFADƏ EDƏN VƏTƏNDAŞLARIN SAYI |
6164 |
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə dövlət qurumlarına daxili informasiya təhlükəsizliyinə nəzarəti gücləndirməyin, mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağın vacibliyini bir daha xatırladır. Xidmət eyni zamanda vətəndaşlara fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta domenlər barədə məlumatları “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.