

Ekologiya üzrə ekspert doktor Əhməd Baybordi Urmu gölünün bərpası üçün ayrılması nəzərdə tutulan Gədərçay marşrutundan 400 milyon kubmetr suyun Mahabad (Soyuqbulaq) Şəkər Zavoduna su verilməsi üçün ayrıldığını göstərən sənəd dərc edib.
Gunaz.tv
“Bu qədər adamı ələ saldınız, gölün bərpa büdcəsini Mahabad Şəkər Zavoduna su çatdırmaq üçün Zab tunelinə xərclədiniz.” - deyə Əhməd Baybordi bildirib.
Qeyd edək ki, Həsən Ruhani hökuməti dövründə Qərbi Azərbaycanın yerli olmayan valisi (Bocnurd kürdlərindən olan) Məhəmməd Mehdi Şəhriari Urmu Gölünün Bərpası Qərargahının göstərişlərinə məhəl qoymayaraq, köhnəlmiş şəkər zavodunun Məşhəddən Mahabada köçürülməsinə zəmin yaratdı. Bu tendensiya İbrahim Rəisi administrasiyası dövründə də davam etdi və digər yerli olmayan qubernator Məhəmməd Sadiq Motamedinin (Kirmanşahdan olan kürd) dəstəyi ilə fabrik Soyuqbulaq bölgəsinə köçürüldü.
Bu qərarın nəticəsində Urmu gölü hövzəsində şəkər çuğundurunun becərilməsi sürətlə artdı.
Hazırda Qərbi Azərbaycan vilayətində iki milyon tondan çox şəkər çuğunduru emal edən altı şəkər zavodu fəaliyyət göstərir ki, bu da ölkənin ümumi istehsalının 40 faizinə bərabərdir. Qeyd edək ki, Urmu gölünün bərpası üçün nəzərdə tutulan əsas strategiyalardan biri göl hövzəsində su tutumu az olan məhsulların əkilməsidir. Qeyd edək ki, şəkər çuğunduru su təlabatı olduqca yüksək olan məhsullar sırasındadır.
Beləliklə aydın görünür ki, rejimin gölün qurumasını guya iqlim dəyişikliyi ilə əlaqələndirməsi tamamilə uydurmadır. Rəsmi şəxslər məqsədli olaraq gölün quruması üçün iqtisadi davamlılığı olmayan, böyük su sərfiyyatı tələb edən layihələri Urmu gölü ətrafında həyata keçirir.