

Həyatda hansı insanın-ehkamlara boyun əyən, çox zaman haqqını qoruya bilməyən, çəkingənin, yoxsa, ilk baxışdan sözeşitməz, inadının arxasınca gedərək, bəzən qazanan, bəzən də iflas edən cəsarətlinin yolu daha doğrudur? İnsan bir çox hallarda bu iki yoldan birini seçmək məcburiyyəti ilə üzləşir. Bu seçimi ona yüksəlişi, amallarının gerçəkləşməsi məmnunluğunu da yaşada bilər, ömür boyu daşlı-kəsəkli yollar və arzularına çatmamağın məzəmmətini də. Bəzən insan özünü tanımır, atdığı addımların onu hara aparacağını hiss edə bilmir. Ya reallığı düzgün dərk etmir, yadaki dərk edəndə artıq gec olur, geriyə dönüş olmur. Çünki həyat ikitərəfli yox, sadəcə birtərəfli yoldur.
Bəs hansı yolu seçməli? Belə dilemmalarda həyat hekayələri insana yardımçı ola bilər. Doğru-düzgün, bəzəksiz-düzəksiz, olduğu kimi göstərilən, gerçək həyat hekayələri... Unutmayaq ki, dünya fırlandıqca dünyadakılar da fırlanır. Yəni hər şeyin təkrar olunması ehtimalı var. Amma baxır necə!? Ən önəmlisi, təkrar olunan və ya olunacaq, qismət dediyimiz alın yazısının sənə uyğun istiqamətlənməsinə düzən vermək bacarığıdır.
Fəlsəfə doktoru, əməkdar jurnalist Natiq Abdullayevin oxuculara yeni təqdim olunan "RƏNGLİ TALELƏR. CƏSURLAR. ÇƏKİNGƏNLƏR… adlı kitabında bu mövzulara geniş yer verilir. Kitabda təsvir olunan iki fərqli dövrün ibrət götürülməli olan həyat hekayələri tarixdən, olmuş hadisələrdən qaynaqlanır. Qəhrəmanların yaşadıqlarını gördükcə düşünürsən ki, kaş o, bu qədər cəsarətli, inadkar olmazdı. Yaxud əksinə, kaş ki cəsarəti çatıb etiraz etməyi bacaraydı, qətiyyətli olub sevgisini və həyatını daim özünüməzəmmət girdabından xilas edə biləydi.
Müəllifin "Everest nəşriyyatı" tərəfindən müasir tərtibatda nəfis şəkildə çap olunan kitabının maraq doğuran özəlliyi həm də ondadır ki, iki min il əvvəlki dövrlə, 20-ci əsr insanının yaşadıqlarını paralel görə bilirsən. İnsan övladının öz içinin səsini eşitməkdə təkamülə, yoxsa deformasiyaya məruz qaldığını, fərdlərin haradan hara gəldiyini aydın şəkildə göz önündə canlandırırsan. Miladın əvvəllərində İsa Məsihin həvarilərindən birinin taleyinin təsviri müasir insanın həyat hekayəsinə qarışaraq vahid süjet xətti kimi davam edir. Şübhəsiz ki, qərar vermək baxımından önəmli olan bu məqamlar eyni hissləri yaşayarkən seçim etmək üçün gözəl örnəkdir. Amma kitabda bütləşdirilən qəhrəman yaradılmadığından istənilən halda seçim yenə də insanın öz ixtiyarına buraxılır. Olduqca fərqli, təzadlar, istək və amallarla dolu çoxlu talelər var kitabda...
Daha çox seçilən xəttlərdən biri rayondan Azərbaycan paytaxtına üz tutan gəncin yaşadıqlarıdır. Həmin gəncin hekayəsi bir vaxtlar Bakıya gələn, tarixdə böyük iz qoymuş, seçilən bir insanın məzarının tapılması ilə davam edən hadisələrin üzərindən təqdim olunur. Bəs, təxminən iki min il əvvəl yaşayanlardan fərqli olaraq müasir insan düzgün qərar verə bilirmi?
Kitabda həmişə özünü haqlı sayanların əməllərinə kənardan baxmaq maraqlı görünür. Analoji vəziyyətlə üzləşən insana öz fərqli, bəlkə də elə düz olan baxışına sahib çıxmaq üçün açıq bir ipucu verilir. Bir sözlə, kitab çox maraqlıdır, oxumağa dəyər. Çünki burada həm tarix, aydın, həm də rəngləri qarışmış insan taleləri var.
Xatırladaq ki, "RƏNGLİ TALELƏR. CƏSURLAR. ÇƏKİNGƏNLƏR… Natiq Abdullayevin "BÖYÜK YALAN " romanından sonra ikinci kitabıdır.