“Biçin məhdud şəkildə gedir” Gündəm

“Biçin məhdud şəkildə gedir”

“Bu il taxıl biçini kifayət qədər gecikib. Havanın sərin keçməsi taxıl zəmilərində sünbüllərin də yetişməsini əngəlləyib. Üstəgəl ara-sıra yağış yağır. Sünbül artıq may ayının sonundan başlayaraq inkişafdan dayanır. Gövdə quruyur. Hər dəfə yağış yağanda sünbülün dibindəki alaqlar sürətlə inkişaf edir. Bu da taxıl biçini zamanı itkiləri çoxaldır. İtkilər isə öz növbəsində məhsuldarlığa zərər verir, məhsuldarlığı aşağı salır. Hazırda belə problem var”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı ekpert Akif Nəsirli söyləyib.

A.Nəsirli əlavə edib ki, amma hələ də tam gücü ilə biçin getmir: “Ona görə də hələ ki, kombayn çatışmazlığı barədə məlumatlar yoxdur. Hər il ölkəyə kombayn idxal olunur. Builki idxalda ola bilsin ki, imkanlar bir qədər də genişləndirilib. Həmçinin qeyd elədiyim kimi, biçin məhdud şəkildə gedir”.

Ekspert bildirib ki, kütləvi biçin yəqin ki, yaxın günlərdə başlayacaq: “Hələ ki, kütləvi biçin mümkün olmur. Yəni ilin xarakterindən, ilin temperaturundan asılı olaraq o kütləvilik dəyişir. Məsələn, ötən il taxıl biçini iyun ayının ikinci dekadasında, yəni ikinci ongünlüyündə başlamışdı. Amma bu il daha gec başladı və hələ də tam kütləvilik alınmayıb. Yəni elə fermerlər var ki, əvvəlcə zəmiləri biçib yerə tökür, onun ardınca kombayn onu döyür. Belə fermerlər də var. Çünki qeyd elədiyim kimi, taxılın dibində çoxlu alaq otları bitir. O alaq otları yaş olduğuna görə kombaynın mexanizmi buğdanı tam döyüb çıxarda bilmir və buğda itkiyə gedir. Ona görə də kombayn çatışmazlığı hələ ki hiss edilmir”.

Röya İsrafilova