Səftər Rəhimliyə beynəlxalq hüquq üzrə elmlər doktoru dərəcəsi verildi – Zəngəzurla bağlı mühüm elmi əsaslandırma -FOTO Hadisə

Səftər Rəhimliyə beynəlxalq hüquq üzrə elmlər doktoru dərəcəsi verildi – Zəngəzurla bağlı mühüm elmi əsaslandırma -FOTO

Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis Səftər Rəhimli tərəfindən Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən mövzuda dissertasiya müdafiə edilib. “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq hüquq subyektliyi: hüquqi varislik və kontinuitet problemi” adlı doktorluq işi Prezident yanında Ali Attestasiya Komissiyasının 20 iyun 2025-ci il tarixli qərarı ilə təsdiqlənmiş və müəllifə hüquq elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Dissertasiya işində Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq hüquq subyekti kimi statusu, onun 1920-ci ildə Rusiyanın 11-ci Qırmızı Ordusu tərəfindən hərbi təcavüzə məruz qalması, bu prosesin nəticəsində Azərbaycanın tarixi ərazilərinin ilhaq olunması və qonşu dövlətlər arasında bölüşdürülməsi, xalqımıza qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasəti geniş şəkildə təhlil olunub. Bu tarixi faktlar beynəlxalq hüquq aspektindən dəyərləndirilməklə, müasir Azərbaycan Respublikasının AXC-nin varisi deyil, birbaşa davamçısı (continuitet əsasında) olduğu elmi cəhətdən əsaslandırılıb.

Dissertasiyada mühüm vurğulardan biri – Zəngəzur məsələsi

Səftər Rəhimlinin elmi nəticələrindən biri Zəngəzur dəhlizi ilə bağlıdır. Alim, bu ərazilərin Azərbaycan Respublikasına məxsusluğunu ümumtanınmış beynəlxalq hüquq normaları ilə əsaslandıraraq, xarici siyasət kursu üçün praktik tövsiyələr də verib. Bu baxımdan dissertasiya yalnız nəzəri deyil, eyni zamanda dövlətin hüquqi mövqeyinin beynəlxalq müstəvidə müdafiəsinə yönəlmiş praktiki sənəd kimi də qiymətləndirilir.

Tədqiqatda həmçinin beynəlxalq hüquqda dövlətlərin kontinuitetinin tanınması ilə bağlı konseptual yanaşmalar aparılıb və ilk dəfə olaraq bu sahədə beynəlxalq konvensiya layihəsi hazırlanaraq elmi ictimaiyyətə təqdim olunub.

Səftər Rəhimlinin bu fundamental elmi işi Azərbaycan Respublikasının beynəlxalq hüquqda haqlarının tanınması, ərazi bütövlüyünün qorunması və dövlət varisliyi məsələlərinin normativ-hüquqi əsaslarla təsbit olunması baxımından mühüm töhfə hesab edilir.