“Ukrayna fərqli bəhanələrlə atəşkəsdən qaçmağa çalışacaq” Dünya

“Ukrayna fərqli bəhanələrlə atəşkəsdən qaçmağa çalışacaq”

23-24 yanvarda Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar keçirilib. Danışıqların növbəti mərhələsinin fevralın 1-də başlayacağı deyilir.

Məsələ ilə bağlı xalqcebhesi.az-a danışan politoloq Turab Rzayev qeyd edib ki, bu, görüşlərin başqa bir raundudur: “Hələ ki, yekun sülhə ümid etmək tezdir. Bir tərəfdən Tramp Ukrayna və Rusiyanı sülhə məcbur etmək üçün çox ciddi şəkildə təzyiqlər edir, Rusiyaya iqtisadi sanksiyalar artırılır. Rusiyanın ticarət dövriyyəsi, digər ölkələrlə ticarət münasibətləri zəiflədilir. Tramp faktiki olaraq ölkələrin Rusiyadan neft və qaz alışını dayandırmağa çalışır. Digər tərəfdən Ukraynanı hərbi yardımın, maliyyə yardımının dayandırılması ilə təhdid edir. Demək olar ki, hər gün Zelenskini, onun komandasını məcbur etməyə çalışırlar ki, sülh müqaviləsi ilə razılaşsın”.

T.Rzayevin bildirdiyinə görə, hətta Tramp administrasiyası Qərbi Avropanı hansısa şəkildə bu sülh planını dəstəkləməyə çağırır: “Ancaq son vaxtlar xüsusilə Qrenlandiya ətrafında baş verənlər Trampla Avropa İttifaqı arasında münasibətlərin pozulmasına gətirib çıxarıb. Zelenski öz çıxışında açıq şəkildə Trampın Qrenlandiya ilə bağlı iddialarını çox pis şəkildə tənqid etmişdi. Bundan başqa, Avropa İttifaqı ölkələri də artıq ABŞ ilə münasibətlərin necə davam edəcəyini bilmirlər. ABŞ Rusiya kimi aqressiya göstərir, Danimarkadan ərazi tələb edir. Belə bir məqamda sülh necə mümkün ola bilər? Bu sual açıq qalmaqdadır”.

O əlavə edib ki, faktiki olaraq Rusiyanın qərb cəbhəsində birlik yoxdur: “Ukrayna burada təkcə ABŞ-nin iradəsi ilə deyil, eyni zamanda, Avropa ölkələrinin təlqinləri ilə hərəkət edir. Ona görə də burada sülhlə bağlı çətin proses var. Əlbəttə ki, yenə müəyyən addımlar atılacaq, yenə ABŞ məcbur etməyə çalışacaq ki, tərəflər arasında hansısa bir atəşkəs və ya sülh olsun. Amma görünən odur ki, hələ ki, Ukrayna tərəfi fərqli bəhanələrlə atəşkəsdən qaçmağa çalışacaq. Çünki indiki halda ərazi itkiləri və bu şəkildə sülh Zelenskiyə və onun Avropadakı müttəfiqlərinə sərf etmir. Digər tərəfdən Rusiya yenə Ukraynada öz qazanımlarını, öz ərazi bütövlüyünü genişləndərməyə çalışacaq”.

Röya İsrafilova