“Səfər ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini ortaya qoyur” Siyasət

“Səfər ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini ortaya qoyur”

“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana və Ermənistana səfəri ilə bağlı məlumatlar var. Ermənistanda süni intellekt və informasiya texnologiyaları ilə bağlı hansısa sazişlərin imzalanması və yaxud 3 milyardlıq investisiya qoyulması ilə bağlı razılıqların olacağı deyilir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Əli Mustafa söyləyib.

Ə.Mustafa bildirib ki, Azərbaycanda isə müzakirə ediləcək məsələlər böyük ehtimalla strateji tərəfdaşlıq haqqında razılaşmanın imzalanması ola bilər: “Avqustun 8-də Vaşinqtonda belə bir sənəd imzalandı ki, Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıqla bağlı sənədin hazırlanması üçün məsləhət qrupu və s. yaradılsın. Səhv etmirəmsə, bu, altı ay ərzində hazırlanmalı idi. İndi demək olar ki, həmin müddət artıq başa çatır və mümkündür ki, o sənəd artıq hazırdır. Yəni böyük ehtimal Vensin Azərbaycana səfərində bu sənəd imzalana bilər”.

O əlavə edib ki, amma bundan başqa bu səfərin əhəmiyyəti həm də odur ki, ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətini ortaya qoyur: “Ümumiyyətlə, ABŞ-nin regiona, Azərbaycan və Ermənistana xüsusi əhəmiyyət verdiyi məsələ gündəmə gəlir. Bu isə bölgənin, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını təsdiq edən bir məqamdır. Lakin həm də Azərbaycanın təhlükəsizliyi üçün əhəmiyyətli bir məsələdir. Yəni biz artıq ABŞ kimi ciddi bir dövlətin tərəfdaşı və dostu olaraq həm də müəyyən bir təhlükəsizlik çətirinin təminatı ilə təmin olunuruq. Bütün hallarda bu, əlbəttə, çox önəmli bir məsələdir və faydalı bir səfərdir”.

Politoloq həmçinin deyib ki, bu səfər regionun rolu, əhəmiyyəti və ABŞ-nin, bölgə dövlətlərinin Azərbaycana yeni dünya düzənində və bizim bölgədə tanıyacağı imkanlar, fürsətlər baxımından da əhəmiyyətlidir.

Röya İsrafilova