
“Peşəkar İdarəedici - Müasir Liderin Yol Xəritəsi” kitabının təqdimatı keçirilib
Bakı musiqi Akademiyasına Dəyişim Zirvəsi adlı forum keçirilib. Forum müasir liderlik, innovasiya və şəxsi inkişaf mövzularının müzakirə olunduğu önəmli platformaya çevrilib. Tədbir CİBS şirkəti tərəfindən təşkil olunub və müxtəlif sahələri təmsil edən peşəkarları, müxtəlif şirkətlərdə rəhbər vəzifə tutan şəxsləri və inkişaf yönümlü iştirakçıları bir araya gətirib.
Forum çərçivəsində bir neçə spiker fərqli mövzularda çıxış edərək liderlik, süni intellekt, emosional zəka, rəqəmsallaşma, innovativ düşüncə və insan amili ilə bağlı baxışlarını bölüşüblər. Çıxışlar yalnız nəzəri yanaşmalarla məhdudlaşmayıb, real təcrübələr və praktik müşahidələr üzərində qurulub ki, bu da tədbiri interaktiv və dinamik müzakirə platformasına çevirib.
Zirvənin diqqət çəkən çıxışlarından biri Zəfər Kərimovun “Gələcəyin Lider Modeli” mövzusunda təqdimatı olub. O, çıxışında sürətlə dəyişən dünyada liderliyin yalnız texnologiya və strategiya ilə deyil, insanla münasibət, davranış nümunəsi və dəyərlərlə idarəetmə üzərindən formalaşdığını vurğulayıb: “Rəqəmsallaşma və süni intellekt prosesləri sürətləndirsə də, istiqaməti müəyyən edən əsas faktor hələ də liderin düşüncə tərzi və davranışıdır. Hər bir lider davamçılar yetişdirməlidir. Bu liderin sosial məsuliyyəti və vəzifəsidir”.
Z.Kərimov çıxışı zamanı beynəlxalq tədqiqatlara istinad edərək qeyd edib ki, işçilərin təşkilatda qalma və ya ayrılma qərarına ən güclü təsir edən amil birbaşa lider davranışıdır. Bu kontekstdə liderliyin təkcə idarəetmə funksiyası deyil, insan mərkəzli məsuliyyət olduğu fikri ön plana çəkilib.
Dəyişim Zirvəsi çərçivəsində Zəfər Kərimovun müəllifi olduğu “Peşəkar İdarəedici - Müasir Liderin Yol Xəritəsi” kitabının da təqdimatı baş tutub. Kitabda müasir liderlik anlayışı, dəyişən iş mühiti, lider davranışlarının təsiri və gələcəyin lider profili praktik nümunələr və real müşahidələr əsasında izah olunur. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında sual-cavab formatında fikir mübadiləsi aparılıb.
Çıxışın sonunda vurğulanıb ki, liderlik vəzifə və tituldan ibarət deyil. Əsl liderlik arxasınca gedən insanların olması, güvən yaratmaq və insanları özlərini inkişaf etdirməyə ruhlandırmaq bacarığıdır. Bu yanaşma tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb və müzakirələrin əsas istiqamətlərindən birinə çevrilib: “Gələcəyin lideri hər şeyi bilən yox, tez öyrənən, dəyərlərlə idarə edən və insanlara səssiz təsir göstərən liderdir”.