Həyatın təbii axarı ilə yaşamağa üstünlük verən akademik... Hadisə

Həyatın təbii axarı ilə yaşamağa üstünlük verən akademik...

Muxtar İmanov- 70

Çox ahəngdar adamdır, bu, onun içindəki insan sevgisi ilə bağlıdır. Heç vaxt ətrafdakı adamlara əziyyət vermək istəmir, odur ki heç kimə qarşı ağır tələblər irəli sürmür. Əməkdaşlarını qiymətləndirir və dinc bir həyat arzulayır. Onun ən mühüm fəziləti odur ki, işi ləzzətə çevirə bilir. Onun azad, rahat və hörmət içində keçən ömrü heç vaxt solmayan gənclik nümunəsi kimidir. Həmişə həyatın təbii axarı ilə yaşamağa üstünlük verir, kifayət qədər ağıllıdır...

Müsahibələrinin birində deyir ki:- “Həyatımda akademik Məmmədcəfər Cəfərovun xüsusi rolu olub. Məmmədcəfər müəllim iki baxımdan- həm böyük ədəbiyyatşünas-alim, həm də nəcib bir insan kimi məndən ötrü əziz və unudulmaz olub. Aspiranturaya qəbul zamanı Ədəbiyyat nəzəriyyəsindən imtahanda Kamal Talıbzadə, Əziz Mirəhmədov, Məmmədhüseyn Təhmasib kimi tanınmış ədəbiyyatşünaslarla yanaşı, ayrıca söz sahibi olan Məmmədcəfər müəllim də iştirak edirdi. Ədəbiyyat nəzəriyyəsi üzrə elan olunmuş bir yerə məndən başqa bir oğlan da imtahan verməli idi. Mən kənddən gəlmiş arxasız bir müəllim idim, o oğlan isə Ədəbiyyat İnstitutunun direktorunun yaxın qohumu. İmtahan götürən o alimlərin, xüsusən də Məmmədcəfər Cəfərovun nə qədər obyektiv və prinsipial insan olduğunu bir anlıq təsəvvürə gətirin- o imtahanda kənddən gələn müəllimə beş, institutun direktorunun qohumuna dörd verdilər. Ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturaya ayrılmış bir nəfərlik yerə institutut direktorunun qohumunu yox, kənddən gəlmiş müəllimi götürdülər. Məmmədcəfər müəllim, təbii ki, özünün razılığı ilə mənim elmi rəhbərim təyin olundu və o nəcib insan məni yanına çağırıb “Dissertasiya mövzusunu özün seç”- dedi.”

Haqqında söhbət açdığım Muxtar İmanov 1955-ci ilin may ayının 28-də Naxçıvan MR-in Şərur rayonunun Axura kəndində Kazım kişinin ailəsində dünyaya gəlib. 1977-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1980-1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirərək, 1984-cü ildə- 29 yaşında ikən "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 2007-ci ildə isə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yiyələnib. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adına layiq görülüb. 2014-cü ildə "Ədəbiyyarşünaslıq" ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib...

Şən və mehriban adamdır. Yaxşı dostluğu var. İntellektual və ağıllıdır. Sürətli düşünmə qabiliyyətinə malikdir. Əla natiqdir, gözəl sözləri, rasional danışığı, biliyi və təcrübəsi ilə insanları asanlıqla heyran edə bilir. Aktiv və dəyişkən həyata üstünlük verir. Çətin vəziyyətlər qarşısında sarsılmır, praktik həll yollarını tez tapır...

BDU-nun jurnalistika fakültəsinin professoru Allahverdi Məmmədli onu belə xarakterizə edir: “Muxtar İmanovun akademik statusu onun ədəbiyyatşünaş kimi yaradıcılığı haqqında çox şey deyir. Görkəmli elm adamının yaradıcılığının müxtəlif yönlü akademik səviyyəsini aşkara çıxarmaq xüsusi tədqiqat və məsuliyyət tələb edir. Ünsiyyətə daha açıq olduğundan onun şəxsiyyəti haqqında danışmaq daha asandır. Bəli, Muxtar İmanovun şəxsiyyəti yaradıcılığı qədər zəngin və parlaqdır. Mən tələbə olanda Muxtar İmanov aspiranturada oxuyurdu. Yataqxanaya tez-tez gələrdi. Mən hələ o vaxt onun müasir Azərbaycan ədəbi mühiti ilə bağlı məntiqli fikirlərini maraqla dinləyirdim. Erudisiyasından irəli gələn təhlilləri, inandırmaq bacarığı sonunda hər kəsi onunla razılaşmaq məcburiyyətində qoyurdu. Biz tələbələr onu elə o vaxt da alim kimi qəbul edirdik. Hər kəsin elmi adı elə onun adı qədər dəyərlidir. Elmi ad insanın ömürlük yol yoldaşıdır. Hara gedirsə, harda olursa onunla olur. Toyda, yasda, qonaqlıqda, hər hansı nəqliyyatda yanında olur. Onu təqdim edir, məsuliyyətini artırır, onun haqqında fikir formalaşdırır. Muxtar İmanov azad insandır. Azadlıq sərbəst düşünmək və düşündüyünü sərbəst və səmimi söyləməkdir. Muxtar İmanovun azadlığı doğruya, cəsarətə və məntiqə söykənir. Onun azadlığı tamdır. Ona görə ki, bilik və səyə əsaslanır. Yadıma Şuşa zirvəsindən boylanan dahi Əhməd bəy Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” əsəri düşür. Zəncirlərini qırıb azad olmaq istəyən bir qul sərbəst insanlar ölkəsinə üz tutur. Həmin ölkəyə daxil olarkən ona deyirlər: Görürük, əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı? Anlamır. Onu yenidən imtahana çəkirlər: 1. Tamahına yiyə durursanmı? 2. Doğrunu sevirsənmi? 3. Həqiqətə dözümün varmı? 4. Ləyaqət sahibisənmi? Bu sualların cavabı Muxtar İmanovun bütöv şəxsiyyətindədir...”

Əmək fəaliyyətinə 1977-ci ildə Naxçıvan MR-in Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlayıb. Aspirantura təhsilindən sonra, 1983-1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 1992-2000-ci illərdə "Yazıçı" nəşriyyatının baş redaktoru olub. 2001-2003-cü illərdə AMEA "Folklor Sarayı" Elmi-Mədəni Mərkəzində böyük elmi işçı kimi fəaliyyətini davam etdirib. Həmin mərkəz 2003-cü ildə Folklor İnstitutuna çevrildikdən sonra Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi kimi fəaliyyət göstərib. Bir müddət AMEA Folklor İnstitutuna rəhbərlik edib. Hazırda Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir...

Emosionallıqdan həzz almır. Onun üçün bilmək, öyrənmək, marağını təmin etmək vacibdir. Tənhalığa nifrət edir. Ünsiyyət onun ən böyük silahıdır. Yüksək mədəniyyəti, ağayanə davranışı, mərdanə xüsusiyətləri ilə ətrafdakı insanlara tez təsir göstərməyi bacarır. Onunla ünsiyyətdə olanda darıxmaq mümkün deyil. Ətraf mühitə qarşı çox həssasdır. Elə buna görə də, hamı tərəfindən sevgi ilə qarşılanır. Bir sözlə, nəzakətli, ağıllı, cazibədar, təsiredici və yaxşı natiqdir. Nə edirsə etsin, işlərinin orijinal olmasını istəyir. Təqlid və saxta şeyləri xoşlamır. Ümumiyyətlə, akademik Muxtar İmanov maraqlı xarakterə sahibdir. Bir neçə ay öncə 70 yaşı tamam olub. 2025-ci il onun üçün hələ də yubiley ilidir. Qoy, bu söhbətim yubileyi münasibətilə şəninə deyilən sözlərin davamı olsun!..

“AMEA-nın müxbir üzvü, Folklor İnstitunun direktoru, professor Muxtar İmanov bütövlükdə bir alim və dövlətçilik ənənələrinə sadiq bir kadr və həm də bir gözəl insan kimi ictimaiyyətin yüksək qiymət verdiyi bir ictimai xadimdir”- bunları jurnalistlərin ustadı, professor Cahangir Məmmədli söyləyib...

Elman Eldaroğlu