

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Milli Mədəniyyətin Təbliği İctimai Birliyi “Şəhidlərə həsr olunmuş nəşrin hazırlanması” layihəsi davam edir. Layihənin sonuncu mərhələsi haqda Milli Mədəniyyətin TəbliğI İctimai Birliyinin sədri, layihə rəhbəri filologiya üzrə fəlsəfə doktoru Jalə Cəfərova məlumat verib: “25.09.2025-ci il tarixində Bakı şəhərindəki 190 saylı tam orta məktəbin böyük akt zalında “Şirin ömür payım vətənə qurban” kitabının təqdimat mərasimi keçirilib. İki hissədən (rəsmi və bədii) ibarət təqdimatda məktəbin direktoru Fayaz Hüseynov başda olmaqla məktəbin müəllim, şagird kollektivi, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ictimai fəallar iştirak edib.
Təqdimat Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlanıb”.
İlk çıxışı məktəbin direktoru Fayaz Hüseynov edib: “Bu gün məktəbimizin akt zalında bir şəhid ömrünə ehtiramla toplaşdıq. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların bizə miras qoyduğu azadlığın dəyərini hər zaman uca tutacağıq”.
Daha sonra Əməkdar journalist Əntiqə Qonaq çıxış edərək deyib ki, şəhidlərimizin həyat hekayələri bizim milli yaddaşımızın bir hissəsidir. “Bu kitab onların əziz xatirəsini yaşadacaq, gələcək nəsillərə örnək olacaq”, -deyə o əlavə edib
Təhsil Muzeyinin direktor müavini Kəmalə Həsənovaisə bildirib ki, təhsil müəssisələri şəhidlərin xatirəsini yaşatmaqla həm də vətənpərvər ruhlu gələcək nəsil yetişdirir.
İtkin Ailələri İB-nin sədri Fəridə Cabbarova isə deyib ki, şəhid ailələrinin dərdi xalqın dərdidir. Qeyd edib ki, bu cür layihələr həm şəhid ailələrinə mənəvi dəstəkdir, həm də milli ruhun qorunmasıdır.
Fövqalidə Hallar Nazirliyinin əməkdaşı Nazlı Həsəquliyeva deyib ki, şəhidlər bizim qürurumuzdur. “Onların canı bahasına qoruduğu Vətəni biz əməlimizlə, xidmətimizlə yaşatmalı və ucaldan olmalıyıq”, – deyə o əlavə edib.
Şəhidin bacısı Səadət Həmidova çıxışında deyib ki, qardaşının adı bu kitabda əbədiləşdi: “Onun ruhu bu gün bizimlə idi. Şəhid bacısı olmaq həm kədər, həm də qürurdur”. Sonra Səadət Həmidova qardaşına həsr etdiyi şeiri səsləndirib.
Şəhidin qardaşı Saleh Həmidov isə bildirib: “Qardaşımın Vətən uğrunda canını fəda etməsi ailəmiz üçün ağır, amma şərəfli bir tarixdir. Onu unutmadığınız üçün minnətdaram”.
Ziyalı qonaqlardan Rəna Cavadlı və Qaraş Əkbərov da çıxış edərək bu kitabın bir şəhidə deyil, bütün şəhidlərə ithaf olnduğunu vurğulayıblar.
Təqdimatda 142 saylı məktəbin 11-ci sinif şagirdi Gülzar Ağalıyeva deyib ki, şəhidlər bizim qəhrəmanlarımızdır: “Onların hekayələrini oxumaq biz gənclərə güc verir, Vətən sevgisini aşılayır. Ruhları şad olsun”.
Təqdimatda məktəblilərin ifasında böyük bir kompozisiya göstərilib. Qarabağ və Vətən mövzusunda mahnılar ifa edilib.