Cəza siyasəti Hadisə

Cəza siyasəti

Müzəffər Baxışov: "Cəzaların artırılmasıyla cinayətlərin qarşısının alınmasına nail olunması mümkün deyil"
Əyyub Kərimov: "Cəza siyasətinin sosial sifariş olmadan ağırlaşdırılmasını əleyhinəyəm"

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət komitəsinin iclasında Cinayət Məcəlləsinin bir sıra maddələrində nəzərdə tutulan sanksiyaların artırılması ilə bağlı əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. Ümumilikdə 18 maddəyə əlavə və dəyişiklik təklif olunur.
Məcəllənin 149.3-cü maddəsinə ediləcək əlavə və dəyişikliyə əsasən, zorlama (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin immun çatışmazlığı virusuna yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda, o cümlədən aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə minimum cəza həddi 10 il olacaq. Hazırda bu rəqəm 8 ildir.
Məcəllənin 55.4-cü maddəsinə təklif olunan dəyişikliyə əsasən, cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda azadlıqdan məhrum etmənin yuxarı həddi 20 il, hökmlərin məcmusu üzrə isə 25 il olaraq təyin ediləcək. Hazırda bu rəqəmlər müvafiq olaraq 15 və 20 ildir. Bu dəyişikliyə müvafiq olaraq 66.3-cü maddəyə müvafiq əlavə təklif olunur. Başqa bir sıra maddələrə də müxtəlif dəyişikliklər təklif edilir.
Ümumiyyətlə cəza müddətinin yuxarı həddinin artırılmasının səbəbi nədir? Bu, cinayətkarlıqla mübarizədə effektiv nəticələrə səbəb ola bilərmi?
Hüquqşünas Namizəd Səfərov vurğuladı ki, törədilmiş cinayətə görə cəzanın sərtləşdirilməsi siyasəti cinayətkarlığa qarşı mübarizədə heç vaxt effektli vasitə hesab olunmayıb: "Kriminalistikanın qızıl qanunlarından və başlıca prinsiplərindən biri ondan ibarətdir ki, cəza heç zaman əzab-işgəncə məqsədi daşımamalıdır. Yəni törədilmiş əmələ görə cəza müddətini artırmaqla müsbət nəyə isə nail olmaq mümkün deyil. Vaxtı ilə Sovet cinayət Qanunvericiliyi də bu siyasəti yeridirdi. Təəssüf ki hazırda bu prinsiplərə əməl olunmur. Təkcə onu qeyd etmək kifayətdir ki, müstəqillik illərində, daha doğrusu 2000-ci ildə qəbul olunaraq qüvvəyə minmiş Cinayət Məcəlləsinin əksər maddələrində cəza müddəti əvvəlki məcəllə ilə müqayisədə artırılıb".
Hüquqşünas Əyyub Kərimov hesab edir ki, cəzaların sərtləşdirilməsi müsbət hal deyil: "Deyə bilmərəm ki, qanun layihəsinin müəllifləri, tərtib edənlər hansı arqumentlərə əsaslanırlar, amma bir hüquqşünas kimi cəzanın əsassız ağırlaşdırılmasının tərəfdarı deyiləm. Çünki cəzanın ağırlaşdırılması cinayətkarlıqla mübarizənin effektiv və obyektiv aparılmasının əsası sayıla bilməz. Təbii ki, cinayət varsa, cəza olmalıdır. Cinayəti və cinayətkarlığı yaradan ictimai sosial amillər araşdırılmalı, profilaktika güclənməlidir. Cəza ilə nəsə əldə etmək dünyanın heç bir ölkəsinə nəsib olmayıb. Baxmayaraq ki, ABŞ-ın bəzi ştatlarında ölüm hökmü var, bəzilərində yoxdur, SSRİ-dövründə bizdə də vardı, müstəqillikdən sonra götürüldü. Yəni demokratik dəyərlərə üstünlük verən bütün dövlətlər cəzanın ağırlaşdırılmasına deyil, cinayəti yaradan amilləri aradan qaldırmağa üstünlük verirlər. Ona görə də, cəza siyasətinin sosial sifariş olmadan ağırlaşdırılmasını əleyhinəyəm".
Hüquqşünas Müzəffər Baxışov deyib ki, cəzaların artırılmasıyla cinayətlərin qarşısının alınmasına nail olunması mümkün deyil. Hüquqşünasın fikrincə, buna heç bir hüquqi əsas və ehtiyac yoxdur. Onun fikrincə, indiki qanunvericiliklə CM-in müddəalarına və cinayətlərin məcmusuna görə 15 ildən artıq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum etmək mümkün deyil...
Vəkil Yalçın İmanov hesab edir bu sərtləşmə çox sayda günahsız insanın ağır şəkildə cəzalandırımasına səbəb ola bilər...

Əli