Gömrük Akademiyasının nümayəndə heyəti Özbəkistanda səfərdə olub Hadisə

Gömrük Akademiyasının nümayəndə heyəti Özbəkistanda səfərdə olub

23-24 oktyabr tarixlərində Özbəkistan Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin Gömrük İnstitutunda “Gömrük tədqiqatları-2025: rəqəmsallaşma və süni intellektin tətbiqi fonunda gömrük orqanlarının perspektivliyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Özbəkistan Gömrük İnstitutu ilə əməkdaşlıq çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının həmtəşkilatçısı olduğu konfransda bir sıra dövlətlərin gömrük orqanlarının, ATƏT, GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti), BOMCA (Mərkəzi Asiyada Sərhəd İdarəçiliyi Proqramı), UNODC (BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi) təşkilatlarının nümayəndələri ilə yanaşı Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və “Gömrük işi və idarəetmə” kafedrasının müdiri i.ü.f.d. Elvin Əlirzayev iştirak ediblər.

Konfransın açılışında Özbəkistan Respublikası Gömrük Komitəsinin birinci müavini, Gömrük İnstitutunun rəhbəri daha sonra beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Konfransın açılış mərasimində Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini bildirib və əməkdaşlığın bariz nümunəsi olan bu konfransın işində İnstitutun rəhbərliyinə uğurlar arzulayıb.

Plenar iclasda Akademiyanın kafedra müdiri i.ü.f.d. Elvin Əlirzayev “Gömrük siyasəti və nəqliyyat: Azərbaycan nümunəsi” mövzusunda çıxış edib.

Daha sonra, konfrans onlayn və əyani məruzələrlə işini davam etdirib.

Sonda, iştirakçılara və təqdimatçılara sertifikatlar təqdim olunub.

Xatırladaq ki, DGKA ilə Özbəkistan Gömrük İnstitutu arasında 2023-cü ildə Qarşılıqlı Əməkdaşlığa dair Protokol imzalanmışdır. Səfər çərçivəsində isə Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Özbəkistan Gömrük İnstitutu arasında 2026-2030-cu illər üzrə Fəaliyyət Planı təsdiqlənib. Plan onlayn və əyani mühazirələrin, birgə tədqiqatların, ortaq elmi tədbirlərin həyata keçirilməsini ehtiva edir.

Qeyd edək ki, konfransdan öncə, Akademiyanın nümayəndə heyəti açılışı 2022-ci ildə Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Daşkənd şəhərinin Mirabad rayonunun mərkəzindəki Heydər Əliyev Meydanını ziyarət edib və Ümummilli Lider Heydər Əliyevin barelyefi önünə çiçəklər qoyublar.

Bundan sonra, nümayəndə heyəti Özbəkistan Gömrük İnstitutunun rəhbərliyi ilə birgə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət ediblər. Mədəniyyət Mərkəzində olan gömrükçülər, Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan xalçalaları muzeyi və sərgi zalı, kitabxana, kurs və dərnəklərin fəaliyyəti ilə yaxından tanış olublar.

Cavid