Biomüxtəlifliyin qorunub saxlanılması ciddi problemə çevrilib Hadisə

Biomüxtəlifliyin qorunub saxlanılması ciddi problemə çevrilib

İnsanların təbiətə müdaxiləsi nəticəsində bir çox fauna və flora növləri məhv olub

XX əsrin ortalarından başlayaraq, insanların təbiətə müdaxiləsi nəticəsində bir çox fauna və flora növləri məhv olub və ya onların sayı kəskin surətdə azalıb. Belə ki, son 400 ildə insanların canlı təbiətə zorakı münasibəti nəticəsində 150-dən çox vəhşi heyvan və quşların nəsli tamamilə kəsilib. Günümüzdə isə 600-dən artıq heyvan növünün nəslinin tamamilə kəsilməsi təhlükəsi var. İnsanın təbiətə kobud müdaxiləsi nəticəsində çoxlu sayda qiymətli bitki növləri bərpa edilməsi mümkün olmayan şəkildə məhv edilib. Nəzərə alaq ki, bu bitki növlərinin arasında hətta bəşəriyyət üçün fəlakətə çevrilən bir sıra qorxulu xəstəliklərin, o cümlədən xərçəng, şəkər, astma, "Hepatit-B"nin təbii yolla müalicəsinə imkan verən dərman bitkiləri də olub. Ona görə də hazırda dünyada 20 minə yaxın bitki növünün yığılması qadağan edilib.
Azərbaycan dünyada zəngin fauna və floraya malik olan ölkələrdən biri olmasına, burada faunanın 18 min növünün qeydə alınmasına, məməlilərin 97, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövünü, həşəratların isə 15 minə yaxın növünü özündə cəmləməsinə baxmayaraq, biomüxtəlifliyin qorunub saxlanılması ilə bağlı problemlər ölkədən də yan keçməyib. Ekoloq Zakir Əliyev deyir ki, Azərbaycanın əsas ekoloji problemləri sırasında biomüxtəlifliyin seyrəkləşməsi, meşə ehtiyatlarının, xüsusən də faunanın azalması mühüm yer tutur: "Bu isə, öz növbəsində, biomüxtəlifliyin qorunub saxlanılmasını qaçılmaz zərurətlərdən birinə çevirib".
Yeri gəlmişkən, Azərbaycan 2000-ci ildə BMT-nin "Bioloji müxtəliflik haqqında" konvensiyasına qoşulub.
2001-ci il dekabrın 21-də isə bitkilərin, heyvanların və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyası təsis olunub. Azərbaycanın işğıl altında qalan ərazisindəki 251 min hektar meşə sahəsi, o cümlədən Zəngilan rayonundakı Bəsitçay və Laçın rayonundakı Qarabağ dövlət qoruqları, həmçinin dörd təbiət yasaqlığı, digər çoxsaylı təbiət abidələri vəhşicəsinə məhv edilməkdədir.
Həmçinin erməni işğalı altında olan ərazilərimizdə adları Qırmızı Kitaba düşən (ağquyruq dəniz qartalının, böyük qartalın, məzar qartalının, qara kərkəsin, Qafqaz tetrası və digərlərinin) və düşməyən 100-dən artıq quş növlərinin nəslinin tamamilə kəsilməsi təhlükəsi qalmaqdadır. Təsadüfi deyil ki, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilmiş fauna növləri ümumi şəkildə bu təbii vilayətdə məskunlaşan heyvanların 25-30 faizini təşkil edir.
Amerikalı alimlər apardıqların araşdırmalar nəticəsində belə bir nəticəyə gəliblər ki, növbəti 30-40 il ərzində dünyada mövcud canlı növlərinin 15 faizi təmamilə məhv olacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya instititunun direktor müavini Zakir Məmmədovun fikrincə, bu sahədə Azərbaycan üçün təhlükə yoxdur: "Bizdə nadir heyvanlar var. Eləsi də var ki, vaxtilə olub, indi o heyvanlar yoxdur. Məsələn, ceyran, cüyür, maral nəsli kəsilməkdə olan heyvanlardır. Ceyran ancaq Şirvan qoruğunda qalmaqdadır. Yaşılbaş ördək Xəzərin sahilində var. Qaya keçisi və Cənubi Qafqaz muflonu hazırda Naxçıvan MR-də olur. Onurğalı heyvanlardan pələngin, ayının nəsli kəsilməkdədir. Elə həşəratlar var ki, onların da, məsələn, Xəzər parandasının nəsli kəsilməkdədir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, Azərbaycanda 2002-ci ilin əvvəllərində xüsusi müdafiə olunan ərazilər 475 min hektar idisə, bu gün bu, təqribən 2 dəfə artaraq 890 min hektara çatıb: "Bu rəqəm ölkə ərazisinin 10,2 faizini təşkil edir. Bunlar əsasən nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin yerləşdiyi ərazilərdir. Həmin ərazilər xüsusi olaraq müdafiə edilir. Bu günə kimi 8 milli park, 11 təbiət qoruğu və 24 təbiət yasaqlığı yaradılıb, xüsusi mühafizə olunur".
Ekologiya və Təbii Srvətlər Hazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadənin dediyinə görə, bu günə kimi 8 milli park, 11 təbiət qoruğu, 24 təbiət yasaqlığı yaradılıb xüsusi mühafizə olunur. Heyvanların qorunması ilə bağlı aparılan işlər arasında vəhşi heyvanların istirahət mərkəzlərindən yığılıb təbiətə buraxılması da var: "Qanunsuz tutulmuş heyvanlar yığıldıqdan sonra Altıağac Milli parkının nəzdində "Vəhşi heyvanların reabilitasiyası və bərpası" Mərkəzində reabilitasiya edilir və yenidən təbiətə buraxılır. Eyni zamanda, burada nadir və nəsli kəsilməkdə olan heyvanların çoxaldılması işləri də həyata keçirilir. Bütün görülən işlər öz növbəsində nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması və artırılması üçündür.
Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda da artıq uzun onilliklərdən bəri geniş tətdiqatlar aparılır. Sərbəst yaşayan və heyvanlarda parazitlik edən 1500 ibtidai növ öyrənilib. İnsanlarda, heyvanlarda və bitkilərdə parazitlik edən 1600 növdən çox helmit, 1930 növdə buğumayaqlı, 20 mindən çox həşərat, 101 növdə və formada balıq, 10 növ suda-quruda yaşayan, 54 növ sürünən, 365 növ quş, 97 növ məməli heyvan elmi araşdırmalarla müəyyən edilib. Azərbaycan zooloqları 109 nadir və nəsli kəsilməkdə olan heyvan növünü aşkar və tədqiq edib ki, onların hamısı "Qırmızı kitab"a salınıb.
Dünyada ilk dəfə müxtəlif sistematik qruplara aid elm üçün yeni 466 növ təsvir edilib. Zooloqların bu araşdırmaların sonucunda "Azərbaycan heyvanlar aləmi" 3 cildlik kitabı nəşr olunub, Azərbaycan faunasını tam olaraq özündə əks etdirən, informasiya bankı yaradılır. Bitki zərərvericilərinin təbii düşməni olan 2500 yırtıcı və parazit həşəratlar tapılıb və bioloji mübarizə üçün kütləvi çoxaldılıb. Bu, iqtisadiyyatın inkişafı ilə yanaşı çevrənin qorunması baxımından da önəm daşıyır.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalovun sözlərinə görə, Azərbaycan SSRİ-nin tərkibində olduğu zaman respublikanın təbiətinə çox ağır zərbələr vurulmuşdu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra isə müəyyən işlər görülüb: "Son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 min hektara yaxın meşə zolağı salıb. Bu da biomüxtəlifliyin qorunmasında görülən mühüm işlərdəndir. Bunun nəticəsidir ki, Ümumdünya Ətraf Mühitin Müdafiəsi Cəmiyyəti 6 il ərzində biomüxtəlifliyin bərpasına və qorunmasına görə birinci yeri Azərbaycan və Estoniyaya verib".
Telman Zeynalov, meşə zolaqlarında evlərin tikilməsini, istirahət obyektlərinin salınmasını mənfi qarşılayır: "İnsanlar meşə zolaqlarında özbaşına və qanunsuz olaraq ev və istirahət obyektləri tikirlər. Buna rayon İcra Hakimiyyəti başçıları qanunsuz icazə verirlər. Nəticə məlumdur - o ərazilərə yaxın yaşayan əhali zərər çəkir; yaşayış arealı daralan canavar, tülkü, çaqqal kimi yırtıcılar insanların saxladığı ev heyvanlarına hücum edir".
Telman Zeynalov deyir ki, sadalanan problemlərin həllində vətəndaş cəmiyyəti də öncül olmalıdır: "Hər şeyi dövlətdən gözləmək olmaz. Təbiəti cəmiyyət özü qorumaqda maraqlı olmalıdır. İnsanlar yaşadıqları ərazilərdə təbiətin qorunmasında fəal olsalar, heç bir icra başçısı meşə zolaqlarını sata bilməz".
Son zamanlar Azərbaycanda ovçuluq turizmi də geniş yayılmaqdadır. Belə ki, yerli ovçularla yanaşı, hər il çoxlu sayda xarici ölkə vətəndaşı ov etmək üçün ölkəyə gəlir. Bu isə daha çox heyvanın ovlanması deməkdir. Azərbaycan Ovçular və Balıqtutanlar Cəmiyyətinin sədri Füzuli Əşrəfovun fikrincə, ovçuların sayının çoxalması nəsli kəsilməkdə olan heyvanlar üçün heç bir təhlükə yaratmır: "Çünki ovçular ancaq ovlanmasına icazə verilən heyvanları ovlayırlar. O heyvanların da əksəriyyəti quş növüdür ki, bunlara qaz, ördək, qaşqaldaq və digər quşlar aiddir. Lakin 2006-cı ildən bu yana ölkəmizdə quş ovuna qadağa qoyulub. Bununla belə ovçular lisenziya əsasında ancaq ovuna icazə verilən heyvan növlərini ovlayırlar. Çünki ovu qadağan edilən heyvanları nəinki ovlamaq, hətta onlara güllə atmaq belə cinayətdir".
Bununla belə cəmiyyət sədri qanuna tabe olmayan və qanunsuz ovçuluqla məşğul olan brakonyerlərin olduğunu da sözlərinə əlavə edir: "Yəni, ovçu dilində desək, belələrinə ovçu demək olmaz. Biz ovçu olan vətəndaşları təlimatlandırırıq ki, onlar ov barədə məlumatlansınlar. Ovçu olan şəxs ovlanması qadağan olunmuş heyvana güllə atmaz".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, həmin ərazilər üçün nəzərdə tutulmuş qaydalara əməl etməyənlərə qarşı müvafiq inzibati tədbirlər görülməklə yanaşı, onların adı "Qara siyahı"ya salınır. Bununla da həmin şəxslərin xüsusi mühafizə altında olan ərazilərə giriş-çıxışı müvəqqəti məhdudlaşdırılır. Bununla belə əməllərinin qanundan irəli gələn qaydalara zidd olduğunu səmimi etiraf edib başa düşən, təlimatlara və daxili davranış qaydalarına əməl etməyə öhdəlik götürən hər kəs siyahıdan çıxarıla bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadənin sözlərinə görə, qanunvericilikdə heyvandan asılı olaraq brakonyerlərə qarşı tətbiq olunan cərimələr şərti maliyyə vahidinin misli ilə müəyyən edilib.
Misal üçün, adı "Qırmızı kitab"a düşmüş bir bəbirin ovlanmasına görə şərti maliyyə vahidinin 3 min misli (təxminən 3 min manat), ceyran ovuna görə 500 misli, vaşaqın ovlanmasına görə 2 min misli, zolaqlı kaftarın ovlanmasına görə min misli, quşlardan qızıl qazın (flaminqo), eləcə də bir sıra qartal növlərinin ovlanmasına görə 500 misli, turac ovuna görə isə şərti maliyyə vahidinin 300 misli məbləğində cərimə tətbiq olunur: "Lakin əgər qanunsuz ov qoruq ərazisində aparılarsa, cərimələr 2-3 qat artıq məbləğlə hesablanır. Bundan əlavə qanunsuz ovla məşğul olan şəxsə qarşı İnzibati Xətalar Məcəlləsinə görə müvafiq sanksiyalar, o cümlədən müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər".

Ülviyyə Tahirqızı