Dinlə maraqlanan gənclərə ciddi xəbərdarlıq Hadisə

Dinlə maraqlanan gənclərə ciddi xəbərdarlıq

"Ölkəmizdə dini radikalizm, dini ekstremizmin sosial bazası yoxdur".
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, Azərbaycan tarixən tolerant dövlət olub.
"Prezidentin bu ili "İslam Həmrəylik ili" elan etməsi dünyaya bir çağırışdır. Dünya birliyi bu çağırışa böyük dəyər verir. Dini radikalizmlə mübarizədə əsas məqsəd gəncləri yad dini ideologiyalardan qorumaqdır və burada ən mükəmməl vasitə maarifləndirmə hesab olunur. Dünyada qlobal təhlükəsizlik problemlərinin əsasını dini zəmində baş vermiş münaqişələr tutur. Münaqişələrin günahkarı islam dini hesab olunur. Bu, tamamilə yanlış yanaşmadır. İslam dini insanları sülhə, qardaşlığa çağırır. Araşdırmaların nəticələri göstərir ki, bu gün bəzi dairələr, hətta bəzi ölkələr öz geosiyasi, geoiqtisadi maraqlarını həyata keçirmək üçün din amilindən siyasi amil kimi istifadəyə təhlükəli formada start veriblər. Bunun da acı nəticəsini Yaxın Şərqdə görməkdəyik. Həmçinin, görünür ki, yeni münaqişə ocaqlarının yaradılmasına cəhdlər edilir. Biz də bu problemlərdən sığortalanmamışıq".
S.Heydərov qeyd edib ki, görülən işlərə baxmayaraq, təcrübə və təhlillər göstərir ki, bəzi xarici ölkələr, xarici dairələr Azərbaycan üçün yad olan dini baxışları, ideologiyaları ölkəyə ixrac etməyə cəhdlər edir.
"Əfsuslar olsun ki, bəzi gənclərimiz istər xaricdə dini təhsil alan zaman, istər dini ziyarətgahlara gedən zaman özləri mahiyyətini başa düşmədən bu təsirlərə məruz qalırlar. Azərbaycana qayıtdıqdan sonra həmin yad ideologiyaların təbliğatçısına çevrilirlər. Biz bu məqsədlə ictimaiyyəti, gəncləri məlumatlandırmağa çalışırıq. Gənclər sosial şəbəkələrdən istifadə edən zaman ehtiyatlı olmalıdır".
Komitə rəsmisi vurğulayıb ki, yad ideologiyaları ölkəmizə ixrac etməyə çalışanlar üçün ən əlverişli vasitə sosial şəbəkələrdir. "Dini bilgi alan zaman gənclərimiz, vətəndaşlarımız diqqətli olmalıdır ki, onun mənbəyi kimdir, hansı ölkədəndir. Tövsiyyə edərdik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitənin icazə verdiyi vəsaitlərdən istifadə etsinlər. Artıq Suriyada qeyri-qanuni silahlı birləşmələrə qoşulanlar, digər radikal birləşmələrə gedənlərlə söhbətlər zamanı bəlli olur ki, onlar sosial şəbəkələrdən vaxtında düzgün istifadə etmədikləri üçün təsirlərə məruz qalıblar.

Hal-hazırda din öz məcrasından çıxarılaraq daha çox təhlükəsizlik məsələsinə çevrilib. Ona görə dini bilgi alan zaman gənclərimiz ehtiyatlı olsunlar. Təəssüf ki, inkişafın bu dövründə bəzi şəxslər islamın ilkin dövrünə qayıdışını təbliğ edirlər, yəni 1400 il geriyə. Bu adamların savadı, dünyagörüşü, psixologiyası yerində deyil. Ona görə də çalışırıq ki, gəncləri belə yad təsirldən qoruyaq".