Tarixə düşən bu gündən... Hadisə

Tarixə düşən bu gündən...

Azərbaycanın şəhid və qaçqın, məcburi köçkün uşaqlarının hansı birininsə yararlandığı-hüquqlarının qorunduğu, bu barədə hansısa bir qətnamənin, bəyanatın olduğunu kimsə deyə bilməz

Arzu Şirinova

1 iyun Uşaqların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür. 2011-ci ildən bu yana bu tarix yaxınlaşında birinci olaraq həyətlərindəcə erməni gülləsinə tuş gələn, ömrünün fidan çağında faciəli surətdə şəhid olan Fariz Bədəlovu xatırlayıram. 9 yaşlı Fariz şəhid olandan bir neçə gün sonra onun yaşadığı kəndə getdim. Ağdamın Orta Qərvənd kəndinə. Və sonra gördüklərimi, eşitdiklərimi qələmə aldım. Həmin yazıdan kiçik bir hissəni yenidən təqdim edirəm.
Fariz ölümündən bir gün əvvəl nənəsinə deyir:"Mən ölsəm ağlayarsan?" Məlahət xanım uşağın belə qəfil sualından təəccüblənir:"Bu hardan ağlına gəldi? Biz hamımız səni çox istəyirik. Başına bir iş gəlsə özümü öldürərəm. Soruşdum ki, bəlkə yuxu görmüsən. Dedi yox, elə-belə soruşuram. Səhəri də erməni gülləsinin qurbanı oldu".
Martın 8-də az-az qar yağırdı. Fariz həyətə çıxmaq istəyəndə nənəsi və anası qoymur ki, soyuqdur, həm də erməni atəş aça bilər. Çünki ermənilər hər gün kəndi atəşə tururmuşlar. Fariz günortadan sonra həyətə çıxır ki, axşam yandıracağı tonqalı hazırlasın. Tonqalı çatıb bir qədər aralıda məftildən düzəltdiyi "tapaça" ilə oynamağa başlayır. Bu vaxt 300 metr aralıda qarşıdakı çənin üstündən atəş açılır. Səsə birinci nənəsi Məlahət çıxır:"Baxdım ki, Fariz çəpərin yaxınlığında yerə sərilib. Yüyürüb al qana bürünmüş uşağı qucaqladım. Zalım düşmən Farizin sol qulağını nişan almışdı. Beyni parçalanmışdı. Səs-küyə evdəkilər, qonum-qonşu gəldi. Uşağı götürüb xəstəxanaya apardıq. Fariz xırıldayırdı, ancaq yenə də ümid edirdik ki, həkimlər nəvəmi sağalda bilər".
Böyüyəndə dayısı kimi əsgər olacağını, ermənilərdən qisas alacağını deyən Farizin ömrü beləcə bitir. Martın 19-da, yəni bu gün Farizin 9 yaşı tamam olur. Hənəsi, anası adına süfrə açacaqlar, şam yandıracaqlar. Ancaq bunları Fariz bir daha görməyəcək. Xocalıda və digər işğal altında olan yurdlarımızdakı şəhid uşaqlar kimi...
...Bəli, şəhid uşaqlarımız kimi Fariz də bir daha bu dünyanın gözəlliklərini görməyəcək. Farizin qəddarcasına qətlə yetirilməsilə bağlı həmin vaxt beynəlxalq təşkilatlar səslərini çıxarmadılar. Halbuki, BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Tarixə düşən bu gündən Azərbaycanın şəhid və qaçqın, məcburi köçkün uşaqlarının hansı birininsə yararlandığı-hüquqlarının qorunduğu, bu barədə hansısa bir qətnamənin, bəyanatın olduğunu kimsə deyə bilməz.
20 ildən artıqdır övladlarımız ədalətsiz bir müharibənin qurbanlarıdır. Onların hər addımda hüquqları tapdanır. Öz yurd-yuvasından didərgin düşür, əsir götürülür, qətlə yetirilir. Ümumiyyətlə, müharibə bölgəsində yaşayan, yaxud ordan məcburi köçkün düşən hər bir uşağın bu və ya digər formada hüquqları pozulur. Və 20 ildən artıqdır dünya dövlətləri, beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın 20 faiz torpaqlarının işğalına göz yumur və bu illər ərzində günahsız körpələrin qətlə yetirilməsinə seyirçi münasibət göstərirlər.
Kiçik yaşlı məsum uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi-gözlərinin çıxarılması, başlarının kəsilməsi, snayperlə hədəfə alınaraq baş nahiyəsindən güllələnməsi nəinki erməni təcavüzü, bütövlükdə dünyanın müharibələr tarixində baş vermiş ən dəhşətli hadisələrindəndir.
Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan və onun təcavüzkar silahlı qüvvələrinin hərbçiləri bu cür amansız qətl faktı ilə insanlığa, bəşəri dəyərlərə, humanizm prinsiplərinə düşmən kəsildiklərini bir daha sübuta yetirirlər və bu təcavüz hələ də davam edir.
Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, eləcə də Avropa Birliyi Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələrinə məhəl qoymayan Ermənistan minlərcə günahsız uşaqların qətlinə hökm verməklə qoşulduğu Uşaq Hüquqları haqqında Cenevrə və BMT Baş Assambleyası deklarasiyalarının, Fövqəladə vəziyyətlər və silahlı münaqişələr zamanı qadın və uşaqların qorunması haqqında deklorasiyanın, uşaqların silahlı münaqişələrdə iştirakı ilə bağlı Uşaq Hüqüqları haqqında Konvensiyaya əlavə olunmuş fakültativ protokolun, eləcə də digər müvafiq beynəlxalq sənədlərin prinsiplərinə məhəl qoymadığını nümayiş etdirir.
Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində 20 mindən çox günahsız insan, o cümlədən uşaqlar beynəlxalq humanitar hüquq normaları, əsas beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquq və azadlıqları kobud şəkildə pozularaq bir çoxu xüsusi amansızlıqla qətlə yetirilib, aralarında qadın və uşaqların çoxluq təşkil etdiyi minlərlə dinc Azərbaycan vətəndaşı girov götürülüb.
1994-cü ildə atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, Ermənistan bu anlaşmaya hələ də əməl etmir, atəşkəs rejimini müntəzəm olaraq pozur, nəticədə Azərbaycan tərəfindən həm hərbi qulluqçular, həm də mülki şəxslər qətlə yetirilir, əsir və girov götürülür.
Azyaşlı uşaqların məqsədyönlü şəkildə hədəfə alınaraq qətlə yetrililməsi bir daha təsdiqləyir ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarını beynəlxalq birliyin vasitəçiliyilə aparılan sülh danışıqları çərçivəsində azad etmək, işğalçılıq siyasətinə son qoymaq niyyətində deyil və bu fakt təcavüzkar dövlətə qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri edir.
Azyaşlı, günahsız körpələrin qətlə yetirilməsi ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının, İnsan Hüquqları üzrə Müvəkkilinin, qadın və uşaq təşkilatlarının ünvanladığı çoxsaylı müraciət və bəyanatlara baxmayaraq, təəssüf ki, bu məsələlərə dünya ictimaiyyəti və beynəlxalq uşaq təşkilatları tərəfindən hələ də hüquqi qiymət verilməyib.
Bəşəriyyətin gələcəyini düşünən hər bir insan Azərbaycanın körpə balalarının qətlə yetirilməsinə biganə qalmamalı, neçə-neçə uşağın həyatına son qoya biləcək erməni təcavüzünün aradan qaldırılması üçün öz haqq səsini ucaltmalıdır.
P.S. Mayın 28-də erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqının qarşısını alarkən şəhid olmuş kapitan Fikrət Məmmədov şəhid oldu. Şəhid kapitanımızın 2 və 4 yaşında övladı atasız qaldı.