Vüqar Rəhimzadənin monoqrafiyası təqdim olunub Hadisə

Vüqar Rəhimzadənin monoqrafiyası təqdim olunub

Dünən Bakı Slavyan Universitetində "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının və 50 illik yubileyinə həsr olunmuş "Qələmdən süzülən qüdrət" kitabının təqdimatı olub.
Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlı, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, BSU rəhbərliyi və başqa tanınmış jurnalistlər iştirak ediblər.
Vüqar Rəhimzadə monoqrafiyası ilə bağlı çıxış edərək, bu elmi tədqiqat əsərinin onun bütün yaradıcılığını əhatə etdiyini deyib:
"Azad söz və mətbuat azadlığından bəhs edən, elmi mövzuda hazırladığım monoqrafiyada əsasən dünya mediası ilə müqayisəli məqamları qeyd etmişəm. Özüm BSU-nin jurnalistika fakültəsində dərs deyirəm. Bu mənim 50 illik fəaliyyətimin bəhrəsidir. Bu sırf tədris prosesi üçün nəzərdə tutulmasa da, gələcəkdə fikrim var ki, jurnalistikada tədris üçün belə bir vəsait hazırlayaq".
BSU-nun rektoru Nurlana Əliyeva Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibəti ilə təbrik edib: "Jurnalitika olduqca geniş sahədir. Mətbuat o qədər önəmli bir sahədir ki, burada çalışan qələm sahibləri bütün cəmiyyətin fikrini ədalətli, qərəzsiz şəkildə inkişaf etdirirlər. Bu gün təqdim edilən bu monoqrafiya jurnalistika üçün böyük töhfədir. Biz BSU kollektivi adından Vüqar müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzu edirik".
Tədbirdə iştirak edən qonaqlar da Vüqar Rəhimzadənin təqdim olunan monoqrafiyası və yubileyi münasibəti ilə təbrik ediblər.
Hikmət Baboğlu Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu deyib:
"Bu monoqrafiya jurnalistikanın fundamental əsəridir desək, yanılmarıq. Söz və mətbuat azadlığı dedikdə, yalnız media sahəsi deyil, eləcə də, cəmiyyətin azad təfəkkürü nəzərdə tutulur. Demokratik respublikanın əsası məhz azadlıqdır. İnsan övladı yarandığı gündən azadlığa meyilli olub. Bu fərdi hadisə deyil, cəmiyyətin məhsuludur. Monoqrafiya informasiya cəmiyyəti üçün faydalı olacaq".
Müşfiq Ələsgərli isə monoqrafiyanın Qərb dəyərlərinə uyğun, faydalı əsər olduğunu deyib:
"Biz uzun illər media sahəsində çalışaraq bir çox streotipləri qırmışıq. Düşünürəm ki, hazırda mətbuatda Qərb istiqaməti özünü göstərir. Və ümid edirəm ki, bu monoqrafiya sistemli şəkildə mətbuata öz töhfəsini verəcək".
Akif Aşırlı monoqrafiyanı jurnalistlər üçün fundamental baza hesab etdiyini deyib:
"Vüqar müəllim ömrünü jurnalistikaya, elmə həsr edən şəxslərdən biridir. Bu elmi əsər də onun 50 illik yaradıcılığının bariz nümunəsidir. Bu gün "İki sahil" qəzetinin geniş kollektivi də burdadır. Arzu edirəm ki, gələn təqdimatda "İki sahil" televiziyası iştirak etsin. 50 yaş hələ qocalıq hesab olunmur. Həyat hələ bundan sonra başlayır".
Rauf Arifoğlu Vüqar Rəhimzadənin tədqiqatının xüsusi dəyər daşıdığını deyib:
"Vüqar Rəhimzadə mətbuatda dəyərli insanlardan biridir. Gənclərə dəstək olan qələm sahiblərindən biridir. Ölkədə azad söz, azad mətbuat, dəqiq jurnalistikanın təbliğatçılarındandır. Bu gün həmkarımızın 50 yaşı tamam olur. Ona yaradıcılığında uğurlar arzu edirəm".
Əflatun Amaşov onun mətbuata verdiyi töhfələrdən danışıb: "Mətbuat Şurası yaranandan Vüqar Rəhimzadə bu qurumun üzvüdür. Jurnalistika elə bir sahədir ki, təsəvvür edin, bir insanın aldığı informasiya onun həyatında nə qədər əhəmiyyətli rol oynayır. Təsəvvür edin, bir gün internet olmasın, televiziya, mətbuat orqanları olmasın, hər şey bir-birinə qarışar. Jurnalistika Azərbaycanın daxili inkişafında olduqaca mühüm rol oynayır. Vüqar müəllim isə çox gözəl jurnalist və dəyərli dostdur".
Tədbirin sonunda Nurlana Əliyeva Vüqar Rəhimzadəyə BSU kollektivi adından hədiyyələr təqdim edib.
Əflatun Amaşov isə Mətbuat Şurası adından yubliyarı "Media inkişafında fəaliyyətlərinə və 50 illik yubileyinə görə" diplomla təltif edib.