WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək Hadisə

WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək

17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası mənzil təminatı və şəhərsalma sahəsində praktiki və həll yönümlü müzakirələrin təşviqi üçün nəzərdə tutulmuş yeni məkanı – Təcrübə Mərkəzi adlı platformanı təqdim edəcək.

Əməliyyat Şirkətindən APA-ya verilən məlumata görə, əsas diqqəti icra və tətbiq məsələlərinə yönəldən bu platforma özünü doğrultmuş yanaşma prinsiplərini, əldə edilmiş təcrübələri və qarşılıqlı öyrənmə imkanlarını bir araya gətirəcək.

WUF13 tədbirinin “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” adlı mövzusu çərçivəsində Təcrübə Mərkəzi praktiki mənzil həlləri sayəsində reallaşdırılan müsbət dəyişiklikləri nümayiş etdirəcək. Platforma müxtəlif regionlarda uğurlu olmuş təcrübələri ön plana çıxarmaqla yanaşı, qərar qəbul edən şəxsləri, eləcə də öz biliklərini təcrübədə tətbiq edən mütəxəssisləri birbaşa icra prosesi ilə əlaqələndirərək biliklərin real fəaliyyətə çevrilməsinə töhfə verəcək.

Platforma qlobal miqyasda həyata keçirilən genişmiqyaslı prosesə əsaslanır, belə ki, vaxtilə bu proses çərçivəsində mənzil təminatı üzrə praktiki təcrübə nümunələrinin qəbulu elan edilmiş və müxtəlif dünya ölkələrindən 200-dən çox müraciət daxil olmuşdur. Ekspert qrupları bu müraciətlər arasından 171 təcrübə nümunəsi seçmişdir. Bu təcrübə nümunələri müxtəlif idarəetmə səviyyələrini və fərqli amilləri ehtiva edən müxtəlif həll variantlarını, o cümlədən BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və onun tərəfdaşları tərəfindən həyata keçirilən təşəbbüsləri əks etdirir. Ümumilikdə, 84 ölkəni əhatə edən bu təcrübə nümunələri milli və yerli hökumətlər, vətəndaş cəmiyyəti, özəl sektor, fondlar və akademik dairələrin töhfələrini özündə birləşdirir. İştirakçılar interaktiv rəqəmsal monitor vasitəsi ilə bu təşəbbüslərlə tanış ola və ehtiyaclara uyğun həll variantlarını axtara bilərlər.

Proqram və şəbəkələşmə

Təcrübə Mərkəzində 11 interaktiv sessiya keçiriləcək və hər sessiya oxşar problemlər üzərində çalışan müxtəlif ölkə təşkilatlarını bir araya gətirəcək. 90 dəqiqəlik dialoq formatında təşkil olunacaq bu sessiyalar eyni məsələyə fərqli yanaşmaları nümayiş etdirməklə yanaşı, uğurlu təcrübələrin və müxtəlif şəraitdə adaptasiya oluna və ya genişləndirilə bilən həll variantlarının müzakirəsi üçün şərait yaradacaq.

Sessiyaları tamamlayan xüsusi şəbəkələşmə məkanı öz biliklərini təcrübədə tətbiq edən mütəxəssislər, siyasət formalaşdıran rəsmilər və tərəfdaşlar ilə birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün şərait yaradacaq. Birlikdə bu elementlər iştirakçı auditoriyasının özünü doğrultmuş yanaşmaları kəşf etməsi və bu yanaşmaların arxasında duran şəxslərlə ünsiyyət qurması, eləcə də real icra təcrübəsindən faydalanması üçün vahid platforma formalaşdırır.

WUF13 tədbirinin mirası

Təcrübə Mərkəzi yalnız WUF13 çərçivəsində fəaliyyət göstərəcək proqramla məhdudlaşmır və mənzil təminatı sahəsində qlobal bilik bazasına uzunmüddətli töhfə kimi nəzərdə tutulub. Bütün təcrübələr rəqəmsal platforma vasitəsilə əlçatan olacaq və davamlı öyrənmə, eləcə də təcrübə mübadiləsini dəstəkləmək məqsədilə ətraflı məlumatlar və konkret faktlar üzrə araşdırmalar təqdim ediləcək.

Platforma müntəzəm surətdə yenilənəcək və zaman keçdikcə, onun məlumat bazası daha da genişlənəcək. Qarşıda duran əsas məqsəd isə əldə olunan təcrübələri paylaşmaq və uğurlu yanaşmaların digər yerlərdə də tətbiqini təşviq etməklə, Yeni Şəhərsalma Proqramının davamlı icrasına dəstək olmaq və mənzil təminatı üzrə səmərəli həll variantlarının qlobal müstəvidə tətbiqini sürətləndirməkdir.

Təcrübə Mərkəzinin tam proqramı ilə burada tanış ola bilərsiniz.