“Sosial reklamlar o zaman ola bilər ki...” Hadisə

“Sosial reklamlar o zaman ola bilər ki...”

Məhərrəm Zülfüqarlı: "Rəqabət mühiti normallaşsın"

Bu gün telekanallarda sosial reklamların yerləşdirilməsdemək olar ki, yox dərəcəsindədir. Qeyd edək ki, bu reklamlar pulsuz yerləşdirilir və ölkə vətəndaşlarını cəmiyyyəti narahat edən və aktual kəsb edən məsələlərə qarşı diqqətli olmağa çağırır. Ona görə də bu tipli reklamların telekanallarında göstərilməsi vacib amildir. "Reklam haqqında" Qanunda göstərilir ki, ölkənin bütün reklam bazarının 5 faizini sosial reklamlar təşkil etməlidir.
Əslində bütün dünya ölkələrində sosial reklam anlayışı əvəzinə ictimai reklam sözü işlədilir. Yalnız Rusiyada və Azərbaycanda ictimai reklam sosial reklam ifadəsi ilə əvəzlənib. Cəmiyyətin bəzi təbəqəsi isə, ümumiyyətlə, reklamın bu növünün mövcudluğundan xəbərsizdir. Çünki bu anlayışla biz yaxın zamanda tanış olmuşuq. Ümumiyyətlə isə, sosial reklamlar ilk dəfə 1906-cı ildə ABŞ-da Amerika Vətəndaş Cəmiyyəti Təşkilatı tərəfindən hazırlanıb. Sosial reklamlara ehtiyac əsasən müharibə zamanı yaranıb. Birinci Dünya müharibəsi illərində Amerikada "Sən Amerika ordusuna lazımsan!" reklam çarxı çox məşhur olub. Həmin reklam çarxında Sem dayı bütün Amerika vətəndaşlarını orduda xidmət etməyə səsləyirdi. Sonradan İngiltərədə və keçmiş SSRİ-də bu tip sosial reklamlar dəbə mindi. Bizdən fərqli olaraq xarici ölkələrdə hazırda da reklamın bu növü inkişaf edib. Amerikada hər il sosial reklamlara nə az, nə də çox 800 milyon dollardan artıq pul xərclənir. Məlumat üçün bildirək ki, yalnız 1993-2000-ci illərdə Bill Klinton administrasiyası narkotik maddələr əleyhinə aparılan reklam kampaniyasına 2 milyard dollar pul xərcləyib. Aparılan sorğular nəticəsində bəlli olub ki, sosial reklamlar ölkədə sərxoş sürücülərin sayını azaldıb.
Azərbaycanda bir sıra sahələrdə uğur əldə edilsə də, sosial reklam sahəsində vəziyyət o qədər də ürəkaçan deyil. Yerli telekanallarda nadir hallarda, o da BMT-nin və ya UNİSEF-in təqdim etdiyi sosial reklamların nümayişinin şahidi oluruq.
Bir sıra qurumlar mətbuata sosial rekldama vaəsait ayırdığını bildirsə də mənzərə göz qabağındadır və bu məsələ ilə bağlı ciddi addımlar atılmalıdır.
Ekspert Məhərrəm Zülfüqarlı dedi ki, bu sahədə vəziyyət ürəkaçan deyil, çatışmazlıqlar çoxdur: "Bu da ondan irəli gəlir ki, rəqabət çox zəifdir. Sosial reklamlar o zaman ola bilər ki, rəqabət mühiti normallaşsın, kommersiya reklamlarında olduğu kimi. Amma rəqabət mühiti olmadığını görə, reklam bazarında da qıtlıq var və ancaq mənə elə gəlir ki, reklam bazarında müəyyən televiziya kanallarında şou biznes xarakterli verilişlərdə reklamlar daha çox yerləşdirilir. Amma qəzetə, elektron KİV-ə verilən reklamlar olduqca aşağı səviyyədədir. Bu, həm inhisarla bağlıdır, həm də rəqabətin aşağı olmasından irəli gəlir". Məhərrəm Zülfüqarlı əlavə etdi ki, sifarişçinin marağı olmayandan sonra reklam vermir: "Çünki dövlət idArələrinin reklama ehtiyacı olmur, özəl sektor da ki, onlara nəzarət edən insanlarla işləyirlər. Azad rəqabət mühiti olmadığına görə, sosial rekalamlar yox dərəcəsindədir. Yəqin ki, hər hansı bir nazirliyin, müəssisənin büdcəsi müəyyən olunanda sosial rekalamla bağlı da vəsait ayrılır".
Ekspert Mübariz Qurbanov isə Azərbaycanda bu gün sosial reklamın olmamasını bazar iqtisadiyyatının zəifliyi ilə əlaqələndirib: "Sosial reklamlar cəmiyyətdə mövcud olan problemlərin həll olunmasında bir növ dövlətin köməkçisidir. Belə reklamların məqsədi insanların problemlərə olan münasibətini dəyişməkdir. Kommersiya reklamından fərqli olaraq sosial reklamlar birbaşa cəmiyyətin, dövlətin maraqlarına xidmət edir. Azərbaycanda isə sosial reklamla kommersiya reklamının yaradıcıları, demək olar ki, eynidir".
Mübariz Qurbanovun sözlərinə görə, sosial reklamlar şok, emosiya yaratmağı bacarmalı, kommersiya reklamı ilə müqayisədə daha keyfiyyətli hazırlanmalıdır. Cəmiyyət üçün önəmli olan sosial reklam çarxlarında heç bir kommersiya təşkilatının adı hallandırılmamalıdır: "Əslində sosial reklamın özü də çox yaxşı biznes sahəsidir. Bu sahəyə qoyulan pullar əbəs yerə getmir. Əlbəttə, söhbət bir nəfərin biznesindən yox, bütövlükdə cəmiyyətin xeyrindən gedir. Məsələn, Amerikada HİV/AİDS və narkomanlıq əleyhinə aparılan təbliğat kampaniyası artıq öz nəticəsini verib. Narkotik maddələrdən istifadə edənlərin sayı ötən illərlə müqayisədə 20 faiz azalıb. Qonşu Rusiyada isə "Vergiləri ödəmək vaxtıdır" şüarı ilə telekanallarda nümayiş olunan reklamların köməyi ilə vergi ödəyicilərinin sayı 47 faiz artıb".
"Reklam haqqında" Qanunda göstərilir ki, reklam bazarının 5 faizini sosial reklamlar təşkil etməlidir. Qanunun tələblərinə baxmayaraq, Azərbaycanda 5 faizin 1 faizindən də istifadə olunmur", - deyən Mübariz Qurbanov hesab edir ki, Azərbaycanda reklam işinin və ümumiyyətlə, sosial reklamın aşağı səviyyədə olmasının başlıca səbəblərindən biri də maliyyə çətinlikləridir: "Bizdə heç bir rejissor pulsuz heç nə eləmək istəmir. Ümumiyyətlə, Azərbaycanda reklam bazarının inkişaf səviyyəsi olduqca aşağıdır. Azərbaycanda reklam bazarının ən yüksək inkişaf səviyyəsi ötən əsrin 90-cı illərində olub. Buna da səbəb həmin dövrdə əsrin müqaviləsinin imzalanması ilə Azərbaycana xarici investorların, böyük şirkətlərin axını olub".
Mübariz Qurbanovun fikrincə, sosial reklamların çəkilməsi və keyfiyyətli hazırlanması üçün lazımi şərait də yox səviyyəsindədir: "Yüksək səviyyəli reklam üçün, əlbəttə, yaxşı rejissor, ssenarist, keyfiyyətli avadanlıq və səs operatoru tələb olunur. Rejissorlarımız reklamların yüksək səviyyəli olmamasının səbəbini lazımi texniki avadanlıqların olmaması ilə əlaqələndirirlər. Amma hər bir problemi texniki avadanlığın olmaması ilə əlaqələndirmək də düzgün deyil. Yerli reklam bazarına əcnəbi reklam çarxlarının buraxılması güclü zərbə vurur. Yəni hər hansı şirkət Rusiyada reklam hazırlayarkən bilir ki, heç bir xərc çəkmədən reklamlarını Azərbaycanda nümayiş etdirmək imkanına malik olacaq. Həmin şirkət Azərbaycanda hansısa reklam şirkətində sifariş vermədən televiziya kanallarından birində reklamını yayımlamaq imkanı qazanır. Beləliklə də, öz məhsulunu Azərbaycan bazarına gətirən şirkət ikinci dəfə reklam çəkmək problemi ilə üzləşmir. Belə reklamlar isə auditoriyanı qıcıqlandırmaqdan başqa heç bir rol oynamır. Son vaxtlar vacib əhəmiyyət kəsb etməyən saqqız, şampun, sabun, diş məcunu və s. kimi malların reklamı verildiyi halda, cəmiyyət üçün önəmli olan sosial reklamlar, demək olar ki, yox dərəcəsindədir".
Qeyd edək ki, 1997-ci ildə qəbul olunmuş "Reklam haqqında" qanunda deyilir ki, "sosial reklam" - qeyri-kommersiya xarakteri daşıyan, ... siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan informasiyadır. Kütləvi informasiya vasitələri efir vaxtının və reklam sahəsinin 5 faizi həcmində yer ayırmağa borcludurlar. Reklam istehsalçısı isə illik reklam istehsalının 5 faizi həcmində sosial reklam hazırlamalıdır.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da ölkədə sosial reklamların faizinin aşağı olduğunu düşünür və əhalinin sağlamlığı ilə bağlı məsələlərdə daha çox sosial reklama ehtiyac görür. Məsələn, ölkədə duzun yodlaşdırılması məcburi sayılsa da, qanunun tam qadağan etdiyi mallar satılır: "Bazarın 15-20 faizini yodsuz duzlar tutub. Əhalinin sağlamlığı üçün bu sahədə maarifləndirməyə ehtiyac var. Bazardakı spirtli içkilərin də 95 faizinin buraxılma tarixi və yararlılıq müddəti göstərilmir. Əhalinin sağlamlığını sarsıdacaq belə məhsulları almaqdan çəkindirən reklamlara ehtiyac var".
"Uğur" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev də deyib ki, əvvəla TV-lərdəki reklamlara reklam demək olmaz: "İkincisi, sosial məsələlər insanlar üçün çox mühüm və vacib olduğu üçün belə reklamlar nəinki televiziya kanallarında, hətta insanların gur olduğu küçələrdə də olmalıdır". Sosial reklamların olmamasının səbəbinə gəlincə, QHT sədri bildirib ki, belə reklamlar TV-lərə gəlir gətirmir, bu səbəbdən də onlara lazım deyil: "Televiziya kanalları reklamlardan yalnız gəlir götürmək məqsədi güddüklərindən sosial reklamın hazırlanmasında maraqlı deyillər. Amma cəmiyyət üçün əhəmiyyətli olduğu üçün belə reklamların çəkilməsi vacibdir. Bu səbəbdən də "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda belə məsələlər əks olunmalıdır". Dövlət hesabına sosial reklamların çəkilməsi məsələsinə də aydınlıq gətirən Əlövsət Allahverdiyev qeyd edib ki, sosial reklamlara pulu məhz dövlət ayırmalıdır: "Bu, dövlət əhəmiyyətli məsələdir. Eyni zamanda da televiziya kanalları sosial reklamlara yer ayıranda onu digər reklamlardan aşağı qiymətə nəzərdə tutsalar cəmiyyət üçün faydalı olar".

Əli