“Sərhədsiz reportyorlar“ın qərəz indeksi Hadisə

“Sərhədsiz reportyorlar“ın qərəz indeksi

Əflatun Amaşov: "Bu gedişlə siyahıda Azərbaycan sonuncu yerdə qərarlaşsa, təəccüblənmərəm"

"Bu tip hesabatların ümumən həqiqəti əks etdirmədiyi, müəyyən siyasi məqsədlərin təsiri ilə hazırlandığı artıq danılmaz reallığa çevrilib. "Sərhədsiz reportyorlar"ın da oxşar sənədlər tərtib etməsi ilk dəfə deyil. Güman edirəm, istər Azərbaycanda, istərsə də dünyanın hansısa başqa ölkəsində qurumun hazırkı hesabatına yanaşma birmənalı ola bilməz".
Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında "Sərhədsiz repatryorlar" təşkilatının "Dünyada mətbuat azadlığı indeksi" adlanan hesabatına münasibət bildirərkən deyib.
Ə.Amaşov bildirib ki, söz və mətbuat azadlığının vəziyyətini araşdıran qurumların tədqiq etdikləri sahəyə konkret yanaşmaları vacibdir: "Problemlər də konkret şəkildə əksini tapmalıdır. Azərbaycanda tənqidi medianın ölüm hədələri və oğurlanma təhlükəsilə üz-üzə olduğunu iddia etmək zənnimcə, qeyri-ciddi yanaşmadır, absurddur. Azərbaycan mediasının problemləri başqadır. Ölkədə reklam bazarı zəifdir. Bu, kütləvi informasiya vasitələrinin iqtisadi durumuna mənfi təsir göstərir, eyni zamanda peşəkarlıq da lazımi səviyyədə olmur. Amma istər dövlət səviyyəsində, istərsə də qeyri-hökumət strukturları müstəvisində problemlərin həllinə yönələn təşəbbüslər var. İllər ərzində problemlərin əhəmiyyətli qismi aradan qalxıb. Görüləsi işlər də kifayət qədərdir. Ancaq mövcud durum ölkəmizin mediasını hansısa geridə qalmış ölkələrin mediası ilə eyni cərgədə tutmaq üçün əsas vermir".
MŞ sədri Azərbaycanın "Sərhədsiz reportyorlar"ın ötən ilki hesabatında 156-cı sırada yer aldığını diqqətə çatdırıb: "Bu il təşkilatın mətbuat indeksinə görə 160-ci yerdəyik. Ötən illə bu il arasında vəziyyət mənfiyə doğru dəyişib ki, geriləmişik. Mən belə düşünmürəm və bu gedişlə təşkilatın siyahısında sonuncu - 180-ci yerdə qərarlaşsaq da, təəccüblənməyəcəm".
Ə.Amaşov, "Sərhədsiz reportyorlar"ın hesabatında İraq, Misir və Əfqanıstan kimi ölkələrin mətbuat azadlığı indeksinə görə Azərbaycanı necə qabaqladıqlarının da təəccüb doğurduğunu vurğulayıb: "Vaxtaşırı bu ölkələrdə neçə-neçə jurnalistin qətlə yetirildiyinə dair xəbərləri eşidirik. Qəribədir ki, kütləvi xaos burulğanında olan Əfqanıstan siyahıda 128-ci pillədə qərarlaşıb. Digər tərəfdən, Ermənistan siyahıda 78-ci, Gürcüstan 84-cüdür. Azərbaycanla bu iki ölkənin müqayisəsini bir kənara qoyuram. Necə olur ki, Gürcüstan mətbuat azadlığına görə Ermənistandan geridə qalır? Heç bir halda inandırıcı görünmür. Siyahıda Keniya, Nikaraqua, Zimbabve, Zambiya, Efiopiya, Banqladeş, Buruney, Myanmar kimi mətbuat azadlığının ümumiyyətlə, anlaşılmadığı ölkələrin adları bizdən öndədir. Buna nə ad verək?"
Şura sədri onu da bildirib ki, söz və ifadə azadlığı ilə bağlı dəyərlər ümumi səciyyə daşıyır. Ancaq bu o demək deyil ki, onlara fərdi və ilk baxışdan bəsit və məqsədli yanaşma olmalıdır.
Qeyd edək ki, "Sərhədsiz reportyorlar" təşkilatı "Dünyada Mətbuat Azadlığı İndeksi" adlanan hesabatını açıqlayıb. Hesabatda Azərbaycan 160-cı yerdə qərarlaşıb.