Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması Hadisə

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Bir neçə ay öncə ana və dörd qızının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğulun törətdikləri cinayəti etiraf etməsi cəmiyyətdə şok effekti yaratdı. Salyan rayonunda ana və qızlarının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi "Xəzər TV"də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində qəribə situasiya ilə üzə çıxdı. Aparıcının sözlərinə görə, Mehparə Əliyeva adlı qadının və 4 qızının axtarılması ilə birbaşa özü məşğul olub: "Sorğu verib öyrəndik ki, onlar sərhədi keçməyiblər. Bu faktı bildiyimiz üçün həyat yoldaşı Fərhadla oğlu Fəqanın bu işdə əli olduğunu düşünürdük. Onların Türkiyəyə getdiyinə dair iddia səslənəndə isə efir bitər-bitməz Fəqan mənə zəng etdi. O, telefonda qışqıraraq "mənim anam, bacılarım heç vaxt Türkiyəyə gedə bilməz. Mən o qeyrətin sahibi deyiləm", - söylədi".
21-ci əsrdə yaşasaq da, dünyanın bir çox yerində hələ də qadınlar təhlükə şəraitdə yaşayır. Hər gün yüzlərlə qadın təcavüzə məruz qalır, insan alverinin qurbanına çevrilir, sərxoş həyat yoldaşının yumruğunu "yeyir", lakin cəmiyyətin sərt təpkisi ilə üzləşmək qorxusundan susmağa davam edirlər. Məişət zorakılığı ilə qarşılaşan insanların 90 faizi utandığı üçün hüquq-mühafizə orqanlarına müraciət etməkdən boyun qaçırır. İnsanlar "camaat nə deyər?", "arvad da ərindən şikayət edərmi?", "filankəsi oğlu döydü", "filankəsi qızı vurdu" kimi söz-söhbəti eşitməmək üçün qarşılaşdıqları zorakılıq hallarını gizlətməyə çalışırlar. Zorakılıq halları cinayətlə nəticələnəndə isə artıq gec olur.
Artıq ölkədə neçə qadının məişət zorakılığına məruz qalmasını müəyyənləşdirmək çətin olmayacaq. Belə ki, ötən ilin sonlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə məişətə zorakılığı ilə bağlı Məlumat Bankı yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, məlumat bankına yığılmış məlumatların təhlili göstərir ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar: "Ona görə də qadınların, xüsusilə də kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı daha da gücləndirilməlidir".

"De görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı..."

Hələ tarixən qız uşaqlarına, qadınlara münasibət müzakirə mövzusu olub. XIX əsrin sonlarında Bakıda ilk Qızlar Seminariyasının açılmasına nail olan Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü Bakıda top-tüfənglə qarşılanmışdı. "Qız hara, təhsil hara", "Qadının yeri ərinin dizinin dibidir" deyən qoçu və dindarlara Tağıyev çox mədəni və onların ağlına batacaq, qəbul edəcəyi tərzdə cavab vermişdi: "Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir; gözləri açılar, külfətdə rəftarları xoş olar. İngilistana, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirir, çünki qızlarımıznan məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan da doğulan uşaqlar özü-özünə olurlar mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə, ata-baba ocaqları qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəbdə qızlara ehkami-şəriyyə, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman və rus dilində oxuyub-yazmaq, elmi-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda pis şey var?! Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən, qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Srağa gecə, iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin qızı yoxladı, dava-dərman elədi, qızı ölümdən qurtardı. İndi de görüm, lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı daha düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur". Tağıyevin bu çıxışı onu dinləyənlərin ağlına batır və kənar təzyiq və təqiblərə baxmayaraq Bakının məşhur dindarları qız övladlarını məktəbə qoyurlar. Beləcə, o dövrün qadınlarla bağlı ən böyük stereotipi darmadağın edilir.

Sosioloqdan çağırış: "Əslində bu, həqiqi azadlıq deyil"

Sosioloq Əhməd Qəşəmoğlu Azərbaycan ailələrində gərginliyin heç vaxt indiki kimi olmadığı qənaətindədir: "Bu gərginliyin artması fonunda kişilərimiz bir qədər konservatordur, adət-ənənələrin qoruyucularıdır və daha da çox o ənənəvi əxlaqi normaların tərəfdarı qismindədirlər. Qadınların daha çox filmlərin, sosial şəbəkələrin, cəmiyyətdə olan başqa proseslərin təsiri altında bir qədər qondarma azadlıq haqqında təsəvvürləri genişlənib. Əslində isə o həqiqi azadlıq deyil. Bu fonda da ailədə gərginlik get-gedə artır, kişilər daha çox ənənələrin qoruyucusu qismində, qadınlarsa daha çox sərbəstliyə can atan təbəqə şəklində ortaya çıxır. Bu vaxt da iki cinsin arasında gərginlik daha da artır. Təbii ki, burada fiziki cəhətdən kişi güclü olduğu üçün kişilərin əlindən qəfil hadisələr, ölüm hadisələri daha çox çıxır. Hadisələr bu cür davam etsə, bir ildən sonra qadınların fiziki gücü çatan kişiləri döydüklərinin də şahidi olacağıq".

"Stereotiplər o qədər güclüdür ki, zorlanmış qadın..."

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə hesab edir ki, qadının kişini döyməsi halı həmişə mövcud olub: "Sadəcə bu məsələni həmişə gündəmə gətirib qabartmaqla bəlkə də qadına zorakılığın fonunu zəiflətmək istəyirlər. "Alkoqolik" kişilərin arvadı tərəfindən döyülməsi halına əsasən şimal bölgəsində rast gəlmək olar. Amma ümumən götürdükdə daha çox qadınlar fiziki zorakılığa məruz qalır".
Mehriban Zeynalova diqqəti zorlanan qadınlara çəkərək cəmiyyətin qeyri-adekvat reaksiyasına təəssüf edir: "Belə təpkilər göstərilir ki, qadın zorlanıbsa, bunda elə qadın günahkardır. Bu münasibəti əsaslandıran atalar sözləri, məsəllər var- "Düyə göz eləməsə, kələ sıçramaz". Belə fikirlər ictimai şüurda var və ona görə düşünürlər ki, zorlanan qadın özü günahkardır. Yəni o, imkan yaratmasa, belə hadisə də olmazdı. Hətta qadınlar bu barədə belə düşünür. Stereotiplər o qədər güclüdür ki, zorlanmış qadın bu barədə kiməsə məlumat verməyə çəkinir. Bu cür yanaşma, qadınlara daha çox əxlaqsız damğası vurulması onları daha çox özlərinə qapanmasına və bu kimi cinayətləri gizlətməyə vadar edir. Çox vaxt zorlanan qadınlar uzun illər ailə həyatı qurmurlar, hətta 20-30 il keçəndən sonra belə bir hadisənin olduğunu etiraf edirlər. Bəzi hallarda zorlanma ilə bağlı məlumatlar verirlər ki, bu da gec olur və cinayətkarın cəzalandırılması da çətinləşir. Ola bilər ki, hər hansı hadisə hüquq-mühafizə orqanlarına çatır, onunla bağlı cinayət işi başlanılır. Lakin hüquq mühafizə orqanları ilə qadınlar arasında ciddi əməkdaşlıq olmadığından zorlanma halları vaxtında gündəmə gəlmir".
Sadalanan hadisələr baş verəndə ətrafında bir neçə gün müzakirələr aparılır, lakin konkret çözüm yolları irəli sürülmür. Məsələn, bir neçə il öncə Türkiyədə 20 yaşlı Özgəcan Aslan adlı tələbənin dəhşətli qətlinə nəinki qadınlar, kişilər də reaksiya verdi və hadisə aksiya səviyyəsinə yüksəldi. Türkiyəni ayağa qaldıran hadisəyə dünyaca məşhur insanlar təpki göstərmiş, cəmiyyəti qadın zorakılığına son qoymağa çağırmışdılar. Təəssüf ki, Azərbaycanda qadına qarşı zorakılıq əleyhinə kampaniyalara az rast gəlinir. Sonuncu belə aksiya Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Əhali Fondunun keçirdiyi "Qadınlara və qızlara qarşı zorakılığa son" adlı kampaniya olub. İdmançı Zabit Səmədov, xanəndə Alim Qasımov, müğənni Miri Yusif, aktyor Fəxrəddin Manafov, Fuad Poladov və digər tanınmışlar kampaniyaya qoşulub və cəmiyyətə vacib mesajlar ötürüblər. Lakin posterlərdə adıçəkilən şəxslərin sərt siması qınaq obyektinə çevrilib, sanki verdikləri mesajın əksinə duruş sərgilədikləri bildirilir.

O qadınları cəmiyyətə necə qazandırmalı?

Zorakılığa məruz qalan qadınları dışlamaq əvəzinə yenidən cəmiyyətə qazandırmaq mümkündür. 2016-cı ilin aprel ayında Ağsu rayonunun ucqar kəndlərindən birinə təyinatla müəllim göndərilən gənc qadın qaçırılaraq cinsi təcavüzə məruz qalmış, uzun müddət psixoloji sarsıntı yaşamışdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın regionda keçirilən qəbulunda iştirak edən müəllim iş üçün müraciət edərək yaşadığı Qəbələ şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzində sosial iş üzrə mütəxəssis vəzifəsinə təyin olunub.
Bu gün gender əsaslı zorakılıq təkcə qadınların problemi deyil, bu, ümumbəşəri pandemiyadır. Onun qarşısının alınmasında kişilər və oğlanların rolu danılmazdır. Unutmaq olmaz ki, oğlan övladlarının savadlı, sağlam düşüncəli yetişməsi üçün təhsilli qadına ehtiyac var.

"Savadlı cəmiyyət savadlı anadan keçir"

Millət vəkili Qənirə Paşayeva hesab edir ki, savadlı cəmiyyət savadlı anadan keçir: "Məndən bəzən soruşurlar ki, aydın kişi necə olmalıdır? Cavabım belə olur: Qadın haqlarına sayğı duyan, onu pozmayan, qadın haqlarını müdafiə edən, onu tapdalayanlara qarşı etirazını söyləyən, qadının inkişafına dəstək verən kişi aydın kişidir. Çünki o, insanlığın, cəmiyyətin və dünyanın bu günü və gələcəyini düşünür".
Deputatın fikrincə, qadınlara qarşı ayrı-seçkiliyin olduğu, zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin edilməsi istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçar olur.

MTRŞ: "Verilişlər qadınların gücünü yox, cəmiyyətdə əzilməsini nümayiş etdirir"

Ölkəmizdə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılmasına gəlincə, Milli Televiziya və Radio Şurasının hüquq şöbəsinin müdiri Nemət Cavadov qeyd edib ki, qadınlarla bağlı müəyyən verilişlər sosial problemlərlə bağlı olur: "Həftə ərzində sosial problemlərin həllinə yönələn 38 saat veriliş olur. Təəssüf ki, bu tip verilişlərin bəzisində insanların problemləri üzərində şou yaradılır. Qadınların cəmiyyətdəki yeri barədə verilişlər önə çıxmalıdır".
Doğrudan da hazırlanan materialların naşılığı, səthiliyi onu deməyə əsas verir ki, bu gün KİV-də çalışanlar üçün gender bərabərliyinin təminatı ilə bağlı seminar və təlimlərin keçirilməsinə ehtiyac var. Eyni zamanda qadın hüquqları, gender məsələləri ilə məşğul olan QHT-lərlə medianın əməkdaşlığı güclənməli, gender bərabərliyinə mane olan mental dəyərlərə qarşı müxtəlif bölgələrdə təşkil olunan tədbirlərə mediada ciddi yer ayrılmalıdır.

Nərgiz Cavadzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.