XVII-XVIII əsrlərdə Azərbaycanda fəlsəfi fikir Hadisə

XVII-XVIII əsrlərdə Azərbaycanda fəlsəfi fikir

XVII-XVIII əsrlər Azərbaycanın mədəni inkişaf tarixində ən mürəkkəb dövrlərdən biri idi. XVI əsrdə Səfəvilər imperiyasında birləşmiş və nisbi dinclik əldə etmiş ölkə XVII-XVIII əsrlərdə, qısa fasilələr istisna olmaqla, Türkiyə, İran və Rusiya arasında müharibə meydanına çevrilmişdi.
Azərbaycanın işğalına yönəlmiş müharibələr və ölkədaxili zülmə qarşı xalq üsyanları kənd təsərrüfatına, şəhər iqtisadiyyatına, eləcə də xalqın mənəvi-mədəni həyatına sarsıdıcı zərbələr vururdu. Azərbaycan mədəniyyət və xüsusən təhsil sahəsində tarixən əldə etdiyi nailiyyətlərini getdikcə itirirdi. Azərbaycan filosoflarının yaradıcılığında məzhəb münaqişələrinə meyil xeyli artmışdı. Ölkədə məfkurə mübarizəsi getdikcə genişlənirdi. I Şah Abbasın hökmü ilə panteist sufilər Əbu Talib Təbrizi, Mirzə Məhəmməd Ordubadi edam edilmiş, filosof Yusif Qarabaği isə təqibdən qaçaraq Orta Asiyaya mühacirət etmişdi. Hakim ideologiyaya çevrilmiş şiəlik özünəməxsus cərəyan kimi, özündə ardıcıl idealizmi, irrasionalizmi, aqnostisizmi ehtiva edərək İslam teosofiyasının təşəkkülünə və geniş yayılmasına səbəb olmuşdu.
Bu dövrün məşhur şiə ideoloqu, riyaziyyata, astronomiyaya, məntiqə aid əsərlərin müəllifi ilahiyyatçı Ağa Hüseyn Xalxalı (?-1606) idi. O, İslam Şərqində və Azərbaycanda dini azadfikirliliyi, xüsusilə fəlsəfədə Mənsur Həllac, Cəlaləddin Rumi, Mahmud Şəbüstəri və b. mütəfəkkirlərin panteist dünyagörüşünü tənqid edirdi.
Azərbaycanın görkəmli şiə ideoloqlarından biri də XVIII əsrdə yaşamış ilahiyyatçı, oncildlik "Alimlər bağçası" əsərinin müəllifi Abdulla Əfəndi idi.
XVII-XVIII əsrlərin klassik mədəniyyəti və fəlsəfəsinin nümayəndələri Yusif Qarabaği, Saib Təbrizi, Əbd ür-Rəzzaq Dümbuli və Hacı Zeynalabdin Şirvaninin fəlsəfi görüşləri, əsasən sufizmin panteistik vəhdət əl-vücud fəlsəfəsi ilə bağlı idi. Sufi panteist fəlsəfənin nümayəndələri Məlik Seyid, Nəcibəddin Rza, Mirzə Həsən Zunuzi Fani və b. mütəfəkkirlər öz əsərlərində sosial-fəlsəfi, etik və estetik problemləri ön plana çəkirdilər. Fəlsəfə və ədəbiyyat tarixinin nəzəri məsələləri Əbd ür-Rəzzaq Dümbulinin irsində, realist estetik fikir təmsilçisi, məşhur rəssam, alim və mütəfəkkir Sadıq bəy Əfşarın "Qanun üs-Süvər" risaləsində əksini tapmışdı. Sosial-mədəni şəraitdən asılı olaraq sufi fəlsəfəsi XVII-XVIII əsrlər Azərbaycan fəlsəfi fikrində xüsusi yer tutur. Bu dövrün görkəmli sufi filosoflarının əsərlərində sosial fəallıq, dünyəvi elmlərə və mədəniyyətə maraq və rəğbət, rasionalizmə meyil diqqəti cəlb edir. Kəskin ideoloji qarşıdurmada qeyri ortodoksallığı ilə səciyyələnən fəlsəfi irsin qorunması (təbliği və nəsillərə çatdırılması), bir tərəfdən geniş fəlsəfi şərhlərin (şərh və haşiyələrin, bəzi hallarda şərhlərə şərhlərin) yazılması, digər tərəfdən isə müxtəlif formalardan (səyahətnamə və s.) istifadə olunaraq qeyri-ortodoksal fəlsəfi fikrin obyektiv təsvirini vermək yolu ilə yerinə yetirilirdi.
XVI əsrin sonu, XVII əsrin I yarısında fəlsəfə, elm, məntiq, teosofiya problemləri ilə məşğul olan, İslam mədəniyyəti aləmində alim və azadfikirli filosof kimi tanınan Yusif Məhəmmədcan oğlu Qarabağinin fəlsəfi irsi şərh formasında idi. Sufi kübrəviyyə təriqətinə mənsub olan Y.Qarabaği Quranın şərhində ortodoksal İslam ilahiyyatçılarından fərqli mövqeyinə və sonuncuları tənqid etdiyinə görə təqiblərə məruz qalmışdı. Onun məntiq və fəlsəfə problemlərinə həsr edilmiş "Anlaşılmayan məsələlərin aradan qaldırılması üçün tamamlayıcı təfsirlər", Şihabəddin Sührəvərdinin "Nur heykəlləri" əsərinə həsr olunmuş şərhin təfsiri və s. əsərlərində varlıq, ruh, nəfs, tək və çox, makro və mikroaləm, Kainat, insan və Allah münasibətləri, onların vəhdətdə eyniyyəti peripatetizm və sufi panteist mövqeyindən şərh edilir. Bu mövqe onun dünyagörüşünün qnoseoloji aspektindən idrak, əql, hiss və ruhun əlaqələrinin şərhində, idrak prosesinə dialektik yanaşmada (Y.Qarabağiyə görə şeylər öz daxili ziddiyyətləri vasitəsilə dərk edilir) və rasionalizmə meyil etməsində əksini tapıb. Y.Qarabağinin sosial və etik görüşlərində sufizmin daxili ziddiyyətləri ehtiva edilir, eyni zamanda həyatsevərlik və sosial fəallıqla tərki-dünyalıq vəhdət halında nəzərdən keçirilir. XVII əsrdə fəlsəfi dünyagörüşü çoxşaxəliliyi və ideya zənginliyi ilə səciyyələnən Saib Təbrizinin irsi bütövlükdə onun sufi fəlsəfəsinin təmsilçisi olduğunu sübut edir. Məhz bu mövqedən vəhdət əl-vücudu qəbul etmiş Saib Təbrizi Allahın mövcud olan hər şeydə təzahüründən, idrak prosesində rasionalla irrasionalın vəhdətindən yazırdı. Onun yaradıcılığında insanın iradəsi, maariflənməsi və sosial fəallığının tərənnümü XVII-XVIII əsrlərdə sufi dünyagörüşündə demokratik istiqamətin güclənməsinə təkan vermişdi. Ortodoksal İslam ilahiyyatçıları, vaiz və zahidləri ilahi təqdiri, sosial bərabərsizliyi qəbul etməyən Saib Təbrizini təqib edirdilər.
XVIII əsr Azərbaycan və bütövlükdə Şərq fəlsəfi fikrində və mənəvi mədəniyyət tarixində görkəmli yer tutan alim-filosof və səyyah Hacı Zeynalabdin Şirvani Azərbaycan, İran, Əfqanıstan, İraq, Türkiyə, Yunanıstan, Misir, Suriya, Hindistan, Orta Asiya ölkələrinin sosial quruluşunu, dini, elmi, əxlaqi, fəlsəfi görüşlərini öyrənmiş, müxtəlif dil, din və mədəniyyətə malik olan bu bölgələr haqqında "Cənnət bağı səyahətləri", "Səyahət bağları", "Səyahət gülşəni" risalələrində məlumatlar verib. H.Z.Şirvani öz dünyagörüşü mövqeyindən Mənsur Həllac, Cəlaləddin Rumi, Mahmud Şəbüstəri, Əvhədi Marağayi, Əbdürrəhman Cami və qeyri-ortodoksal baxışları ilə tanınmış başqa panteist sufilərin irsindən bəhs edir. H.Z.Şirvaninin əsərlərindəki vəhdət əl-vücud, sufi qnoseologiyası və sufilik dünyagörüşünün başqa sahələrinə həsr olunmuş ümumiləşdirilmiş xüsusi bölmələr sufi fəlsəfəsi tarixinin öyrənilməsi üçün mühüm mənbədir. H.Z.Şirvaninin dünyagörüşündə idealizmlə panteizm, qnoseoloji baxışlarında sufi qnosisi - mərifət və universal əqllə insan əqlinin bağlılığı, elmlə praktikanın vəhdəti, kamil insan və təkmil cəmiyyət haqqında konsepsiyaya və humanist əxlaq normalarına söykənən ədalətli şahlıqlar qurmaq ideyaları əsas yer tuturdu. Həmin ideyalarına görə o, təqiblərə məruz qalmışdı.
XVII-XVIII əsrlər bütöv Azərbaycanın fəlsəfi fikrinin nisbətən vahid siyasi və sosial-mənəvi inkişafının son yüzillikləri idi. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan Cənub və Şimal hissələrinə bölündü. Cənubi Azərbaycanda fəlsəfi fikir ölkənin tarixi mədəni ənənələri üzərində və İranın siyasi-mədəni həyatının kontekstində təkamülünü davam etdi. Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan isə dil, din və milli mentalitet baxımından yeni sosial-mədəni reallıqlarla üzləşdi. Şimali Azərbaycanın ideoloji özünəməxsusluğunu Rusiyanın siyasi-hüquqi və iqtisadi münasibətlərinin ölkəyə nüfuz etməsi, feodal təhkimçilik münasibətlərinin təzahürləri, çarizmin Azərbaycan xalqının dini-etnik assimilyasiyasına yönəldilmiş siyasəti müəyyən edirdi. Rus çarizmi ölkədə ali rütbəli din xadimlərinin təyinində fəal iştirak edir və İslam ideologiyasından çarizmin siyasətinə bəraət qazandırmaq üçün istifadə etməyə çalışır, fanatizm, mövhumat və köhnəlmiş feodalpatriarxal əxlaq normalarının yayılmasını dəstəkləyirdi. Çarizmin idarə üsulunun neqativ cəhətlərinə baxmayaraq, Rusiyanın həmin dövrdə Şimali Azərbaycanın ictimai-siyasi həyatına müsbət təsiri də olmuşdu. Rusiyanın ölkədaxili sosial prosesləri və imperiyada kəskinləşən sosial ziddiyyətlər Azərbaycan xalqının etnik özünüdərkinə təsir edirdi. İslamın rəsmi təmsilçilərinin bir qisminin çarizmlə sazişə girməsi ölkədə əvvəllər də geniş yayılmış qeyri-ortodoksal təriqətlərin sayını artırırdı. Təriqətlərin fəlsəfəsi əksər hallarda panteizmə əsaslanır, ictimai-siyasi mövqeyi isə hər növ zülmün tənqidinə yönəlirdi.

Zümrüd Quluzadə
fəlsəfə üzrə elmlər doktoru