Cənubi Qafqazın qənirsiz gözəli Hadisə

Cənubi Qafqazın qənirsiz gözəli

Sovet Rusiyası tərəfindən Ermənistan ərazisinə verilən Zəngəzur meşələri Gövhər Ağanın şəxsi mülkiyyəti idi

Azərbaycanda qadını əzən mental dəyərlər sistemi əsrlər boyu iknişaf etsə də zaman-zaman xanımlar tapılıb ki, həmin dəyərlərdən daha yüksəkdə dursun və özünün ağlı, savadı, bacarığı ilə qazandığı nailiyyətlər xəzinəyə çevrilsin, tarixdə özünəməxsus bir iz qoysun. Qarabağın Gövhər ağası, Ağabəyim ağası, Xurşidbanu Natəvanı kimi...
Qarabağ xanlığının paytaxtı Şuşa həm də Azərbaycanın inzibati, ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi hesab olunurdu. Bu inkişafda qadınların xüsusi payı vardı. Ümumiyyətlə, XIX əsr Azərbaycanın bir neçə xanlıqlarında, məsələn, Quba, Bakı və digərlərində öz dövrlərinin tanınmış qadınları olsa da onların sayı Qarabağ xanlığında olduğu qədər deyildi. Həmin tarixi dövrün araşdırmaçısı, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti Mehman Abdullayev bunu bir çıra obyektiv səbəblərlə izah edir: "Qarabağ xanlığında dərin düşüncəyə və geniş dünyagörüşə malik qadınların öz fəaliyyətlərini gerçəkləşdirə bilmələrinə tarixi şərait imkan verirdi. Çünki ölkənin bu bölgəsində qədim dövrlərdən bəri Azərbaycan-türk mədəni-ədəbi mühiti mövcud olub. Digər təkanverici amil isə Qarabağın kişi ziyalıları arasında Avropada təhsil alanların dünyagörüşündə Qərb mədəniyyətinə inteqrasiyanın baş verməsi idi ki, bu da böyük önəm daşıyırdı".
Həmin vaxt Qarabağ xanı olan İbrahim xanın ailəsindən olan xanımların ictimai-siyasi arenada oynadığı rol xüsusi olaraq əhəmiyyətlidir. Biz onların birindən İbrahim xanın səkkizincisi qızı, Ağabəyim Ağanın bacısı, Natəvanın bibisi olan Gövhər ağadan danışacağıq. Təəssüf ki, onlar haqqında mənbələrdə geniş məlumat əldə etmək mümkün deyil. Bu qadınlarla bağlı məlumatlara yalnız dövrün salnaməçilərinin yazdıqlarında rast gəlmək olur.
Gövhər ağanın anası gürcü knyazı Abaşidzenin qızı Cavahir xanımdır. Digər bacıları kimi sarayda mükəmməl təhsil almış, yüksək elm və mərifət sahibi idi.
Müasirləri Gövhər ağanı Cənubi Qafqazın qənirsiz gözəli hesab ediblər. Deyilənlərə görə məhz onun bu gözəlliyi sayəsində qardaşı Mehdiqulu ağa Qarabağ xanı təyin olunub.
Belə ki, Mehdiqulu ağa isə Qarabağ xanı təyin edilməsinin müqabilində, bu işdə vasitəçi olmuş Cəfərqulu xan Xoyskiyə bacısı Gövhər ağanı ərə vermişdi. Elə həmin ilin - 1806-cı ilin sonunda Cəfərqulu xan Xoyski Şəki xanı təyin edilmişdi. Lakin 16 yaşlı Gövhər ağa 60 yaşlı əri Cəfərqulu xan Xoyskini yox, ərinin cavan və yaraşıqlı mirzəsi olan Əlini sevməyə və onunla məktublaşmağa başlayır. O, Mirzə Əlinin məktublarını əziz bir şey kimi yastığının altında gizlədirmiş, amma necə olursa bu işi Cəfərqulu xan Xoyskinin birinci arvadı Səltənət bəyim bilir və qızına tapşırır ki, həmin məktubları oğurlasın. Beləliklə, Gövhər ağanın Mirzə Əli ilə sevişməsi sirri faş olur, nəticədə Mirzə Əli güllələnmək yolu ilə edam edilir.
Cəfərqulu xan Xoyskinin 1814-cü ildə vəfat etməsindən sonra Gövhər ağa Qarabağa qayıdır. (1826-cı il tarixli bir sənəddən məlum olur ki, həmin vaxt Gövhər ağaya mərhum Cəfərqulu xan Xoyskinin ailə üzvü kimi Rus hökuməti tərəfindən Şuşa pulu ilə 10 min manat (2 min rus rubluna bərabər idi) illik təqaüd verilirmiş. O, yenə də əvvəlki kimi gözəl idi və qonşu İran hakimləri bir-birinin dalınca onu almaq üçün elçi göndərirlər.
Ailə böyüklərinin çıxardığı qərarla Gövhər ağa əmisi oğlu Xankişi bəy Sarıcalı Cavanşirə ərə verilir. Bu izdivac xanədana yad adamın girməməsi və varidatın bölünməməsi üçün məsləhət bilinir. Bəyin psixoloji problemləri olsa da böyük var-dövləti sahibi idi. Lakin belə bir izdivac Gövhər Ağanın yüksək şəxsiyyətinə layiq olmadığı üçün bəzi Şuşa şairlərinin həcvinə tuş gəlir. Qarabağ şairlərinin bu münasibətlə yazdıqları şeirlərdə Gövhər Ağa mirvari, əri isə eşşək adlandırıldı. Xankişi bəy 19-cu əsrin 30-cu illərinin əvvəlində dünyasını dəyişir və onun bütün var-dövləti Gövhər ağaya miras qalır. Gövhər Ağa bundan sonra xeyriyyəçiliklə məşğul olur, maarif və mədəniyyətə maraq göstərir, sənət adamlarına, alim və şairlərə hamilik edir.
Qarabağın xan sarayında xanzadə və bəyzadələrin, o cümlədən qız övladların təhsil almasına və elm öyrənməsinə böyük önəm verilir, bundan ötrü saraya xüsusi müəllimlər, alimlər dəvət olunur, böyük vəsait xərclənirdi. Nəticədə isə, Azərbaycan cəmiyyəti böyük şəxsiyyətlər, hər kəsə nümunə olacaq qadın mütəffəkirlər qazanırdı. Gövhər Ağa ünlü şair Natəvanın təhsil və təlimində mühüm rol oynayır.
1789-cu ildə İbrahim xan tərəfindən tikdirilmiş Cümə məscidini Gövhər ağa əsaslı şəkildə təmir və bərpa etdirir. Xalq arasında Gövhərağa məscidi adlanın bu məscid Şuşanın "Böyük Cümə" məscididir və Şuşa məscidləri içərisində ən monumentalı hesab olunur. Məlumata görə, Şuşanın demək olar bütün məhəllə məscidlərini memar Kərbəlayi Səfi xan Qarabağinin iştirakı ilə tikilib. Bu səbəbdən də oradakı məscidlərin hamısında ümumi memarlıq üslubu hiss olunub.
Gövhər Ağanın Şuşada tikdirdiyi digər məscid də "Aşağı Gövhər Ağa məscidi" adı ilə tanınıb. Zamanında bu məscidlər sadəcə ibadət evi kimi fəaliyyət göstərməyib, eyni zamanda bir xeyriyyəçilik institutu olaraq imkansız əhalinin köməyinə çatıb.
XIX əsrin məşhur şairlər birliyi olan "Məclisi-Fəramuşan"ın toplantıları çox vaxt bu məscidlərin hücrələrində keçirilərdi. Bəzi mənbələrdə Gövhər ağanın özünün də qəzəl və fəxriyyələrinin olduğu göstərilir. Ədəbi irsindən hələlik, azərbaycanca bir beyt, farsca bir fərd (beyt) məlumdur. "Məclisi-Fəramuşan" Gövhər Ağanın vəsaiti ilə yaşayırdı. Bu birlik həm də vəqf olaraq fəaliyyət göstərir, ehtiyacı olan qələm əhlinə maliyyə yardımı edirdi. Gövhər Ağa hələ sağ ikən böyük əmlakını həmin məscidlərə vəqf etmişdi. Onun əmlakı isə həqiqətən böyük idi. Ağır mal-mülkdən əlavə, Zəngəzurda nəhəng meşə sahələri var idi. Sovet Rusiyası tərəfindən Ermənistan ərazisinə verilən Zəngəzur meşələri Gövhər Ağanın şəxsi mülkiyyəti idi. Gövhər Ağanın övladı olmamışdı, xalq ona "yoxsulların anası" adını vermişdi. O, Şuşada "Dar-üş-şəfa" deyilən xəstəxana açmış, iki məktəb, iki hamam, iki körpü tikdirib kasıb camaatın ixtiyarına vermişdi. Məşhur "Ağa körpüsü"nü də Gövhər Ağa inşa etdirmişdi.
Baharlı "Əhvalati-Qarabağ" əsərində Gövhər ağa haqqında yazırdı: "Gövhər ağa əvvəl Şəki xanı ilə, o, öləndən sonra əmisi oğlu Xankişi bəylə ailə qurmuşdu, övladı yox idi. Amma öz axirəti üçün yaxşı binagüzarlıq etdi. Əlavə, öz səyi ilə hamı üçün yaxşı fikir irəli sürdü. Belə ki, məscidlərin hər birini təmir etdirdi. Kəndlərdəki dükan və karvansaralardan gələn gəlirdən bu məscidlərin saxlanmasına da sərf olunmalı idi. Məscidin həyətində xəstəxana tikdirmişdi. Kənardan gələn yad adamlar xəstə olduqları zaman həmin xəstəxanada müalicə olunurdular".
Gövhər ağa təhsil alan imkansızlara da yardım edərdi. Bu qadının böyüklüyü və alicənablığı həm də onda idi ki, xalq üçün gördüyü bütün bu xeyirxah əməllərin gizli qalmasını istəyirdi. Dövrün tarixçiləri yazırlar ki, Gövhər ağa imkansızlara pul, bəxşişlər paylanması göstərişini verirdi. Eyni zamanda etdiyi xeyirxahlıqları gizli saxlayır, başqalarına bildirmirdi.
Bütün vəqflərdən gələn gəlirin satılıb nağd pula çevrilməsi və pulların xərclənməsindən ötrü, ümumiyyətlə, vəqf malikanələrinin idarəsi üçün bir neçə nəzarətçi təyin olunmuşdu. O, hətta din və ictimai elmlərə aid kitablarla mədrəsələrin kitabxanasını zənginləşdirməyə çalışmışdı. Məscidlərin normal fəaliyyəti üçün kənd, dükan və karvansaraların həmin dini müəssisələrə vəqf kimi verilməsi, kəndlərdən gələn gəlirin dini işlərə sərf olunması, vəqf kimi tikilən xəstəxanada xəstələrin pulsuz müalicə olunması, ölən kasıb və füqəranın dəfni ilə bağlı xərclərin çəkilməsi, təhsil alan tələbələrin yemək, çıraq və s. ilə pulsuz təmin olunması, Ramazan, Şaban aylarında və digər dini mərasimlər zamanı ehsanlar verilməsi kimi çox mühüm və cəmiyyət üçün vacib olan sosial və mədəni vəzifələrin həyata keçirilməsi Baharlının "Əhvalati-Qarabağ" əsərində daha geniş təsvir olunub.
Qarabağın bu humanist və xeyirxah xanımının ən böyük arzusu müqəddəs yerləri ziyarət etmək idi. Amma bütün həyatı boyu xalqını düşünən, imkansızlara əl tutan, Qarabağın abadlaşmasına zəhmət sərf edən Gövhər ağa öz istəyinin reallaşmasına macal tapmır.
Xanımın vəsiyyətinə görə, mötəbər adamlar onu aparıb Kərbəlada dəfn edib və qəbrinin üzərində bir məqbərə ucaldıblar. Onun vəsaiti hesabına Kərbəlada karvansara və hamam təmir etdiriblər. Bəzi mənbələr isə onun 1888-ci ildə Ağamda Cavanşir nəslinə mənsub İmarət qəbiristanlığında dəfn edildiyini bildirir.
Qeyd edək ki, görkəmli alim Məşədi Xanım Nemətova Şuşa şəhərindəki Cümə məscidində daş üzərində həkk olunmuş kitabələrin mətnini fars dilindən tərcümə edib. Gövhər ağa vəqfnaməsini məsciddəki daş üzərinə ona görə həkk etdirib ki, həm məzmunundan hamı agah olsun, həm də heç kim onu dəyişdirə bilməsin. Özündən sonra malına-mülkünə sahib duracaq övladı olmadığı üçün Gövhər ağa Şuşada yuxarı məhəllədəki Cümə məscidinə və aşağı məhəllədə tikdirdiyi məscidə və onun yanındakı mədrəsələrə Qarabağın Cavanşir mahalından Maqsudlu və Qaradağlı kəndlərini, Kəbirli mahalından Evoğlu kəndini, Şelli kəndindəki meyvə və üzüm bağını, Daroğlu torpağının bütün mülk və bağlarını, on bir ədəd dükan və bir karvansaranı vəqf etmişdi (vəqf orta əsrlərdə dini torpaq mülkiyyəti hesab olunurdu).

Ülviyyə Tahirqızı