Xanlıq, çarlıq və milli istiqlal dövründə Azərbaycanda torpaq rejiminə ümumi baxış Hadisə

Xanlıq, çarlıq və milli istiqlal dövründə Azərbaycanda torpaq rejiminə ümumi baxış

Hüseyn Baykara

3-cü yazı

Azərbaycanda torpaq rejimi, keçirildiyi dövrlərdən asılı olaraq dəyişib və müəyyən formalar alıb. Bu səbəbdən biz də bu mövzunu dövrlərə uyğun olaraq təhlil edəcəyik. Əvvəlcə, rus istilasından əvvəlki xanlıq dövrünün torpaq rejimini nəzərdən keçirməyi lazım bilirik. İkinci dövr – rus çarlıq idarəsinin Azərbaycana gətirdiyi rus mədəniyyətinin orijinal inikası olan təhkimçi-köləlik torpaq rejimidir. Yəni kəndli əkib-becərdiyi torpağın sahibi olan bəyin və ağanın köləsidir, quludur. O, hüquq baxımından torpaq mülkiyyəti ilə heç bir əlaqəsi olmadığı kimi şəxsi hüquq baxımından da torpaq üzərində heç bir hüquqa sahib deyil və işlədiyi torpağa bağlı bir quldur.
Üçüncü dövr – 1918-1920-ci illər Azərbaycan istiqlalı dövrüdür. Bu dövrdə Azərbaycanda torpaq rejimi sahəsində əsaslı dəyişiklik edilməyib. 23 aylıq istiqlal dövründə torpaq rejimini həll etməyə imkan olmamışdı. Ancaq istiqlal dövründə hökümət bütün imkanları nəzərə alaraq Müsavat partiyasının proqramında torpağın bəylərdən, ağalardan pulsuz alınaraq xəzinə torpaqları ilə birlikdə torpaqsız kəndlilərə təmənnasız verilməsini nəzərdə tutmuşdu. Azərbaycanda torpaq rejiminin dördüncü dövrü, kommunist idarəsinin gətirdiyi kolxoz və sovxoz köləlik rejimidir. Bu rejimin çar Rusiyasının köləlik rejimindən heç bir fərqi olmayıb. Bu quruluş nəinki Rusiyada, həmçinin Azərbaycanda və başqa rus müstəmləkələrində on milyonlarla kəndlinin qanının axmasına səbəb olmuşdu. Bu barədə bütün dünya bildiyi üçün mövzu üzərində ətraflı dayanmaq istəmirik. Kolxozun üzvü olan əkinçilər istehsal etdikləri məhsulları dövlətə təhvil verirlər. Əkinçilərin yaşamaları üçün kolxoz idarəsi nə verirsə, onunla da kifayətlənirlər. Etiraz etmək haqları yoxdur, heç bir azadlığa sahib deyillər.
Xanlıq dövründə şəriət torpaq rejimini Quran və onun qanunlarına uyğun olaraq təyin edirdi. Quran torpağın allaha məxsus olduğunu təsdiq edir. Təcrübədə, allahı yer üzündə təmsil edən padşahlar, xanlar torpağın həqiqi sahibi olmuşdular. Nəzəri olaraq cəmiyyətin üzvü olan hər bir adam şəriət və rəsmi torpaqdan istifadə etmək hüququna malik idi. Harada olursa-olsun, şəriət boş torpaqlara bizim indi qüvvədə olan qanuna görə sahibkarlıq edirdi. Bu sahiblik üçün padşahdan, xandan və imamdan izin almaq lazım olurdu. Ancaq bəzi fonda aid olmayan boş torpaqların əkilib-becərilməsi çətinlik törədirdi. Bu torpaqlara sahiblik edən şəxs üç il ərzində həmin torpağı əkib-becərməzsə, sahiblik hüququndan məhrum olunurdu. Şəhərlərdə mülkiyyət əsasnaməsinə görə bir evə və kiçik bağa malik olmaq mümkün idi. Bu daşınmaz mallar irsiyyət şəklində varisə keçirdi. Alınıb satıla bilərdi. Xanlıq dövründə yerdə qalan torpaqlar üç növə ayrılırdı:
1. Boş, əhalisiz torpaqlar.
2. Məskun yerlər (torpaqlar).
3. Sahibi olan "xalisə" torpaqlar.
Birinci növ torpaqlar meşələrdən və qeyri-məskun torpaqlarlardan ibarətdir. Xanların şəxsində hökümətə aid idi. Bu yerlər xüsusi adamlara kirayə verilə bilərdi. Meşələrdən isə hər kəs istədiyi kimi istifadə edə bilərdi. Bu torpaqlara sahib olan şəxs ondan istədiyi kimi istifadə etmək hüququna malik idi. Bu torpaqlara sahiblik etmək və bu torpaqlardan xanların aldıqları vergi üsulları müxtəlif idi. Zaqatalada dövlətə, yəni xana aid olan torpaqların məhsulundan alınan verginin onda bir hissəsinə "kəşkul" deyilirdi. Bundan başqa verginin "qismət" deyilən digər bir hissəsi də vardı. Xalq yaşadığı və istifadə etdiyi torpaqların sahibi sayılırdı. Camaatdan vergiləri toplamaq və yerli xalqı idarə etmək üçün xan, bəy və məliklərdən məmur təyin edirdi. Məmur məsələsini xüsusilə qeyd etməkdən məqsədimiz budur ki, bəy və ya məliyin bu idarə haqqı irsi yolla varisinə keçə bilməzdi. Bəy türk kəndlərinə, məlik isə erməni kəndlərinə təyin olunurdu. Onlar alınan vergilərdən istifadə etmək haqqına malik idilər. Bu bəylik və məlikliyin, atadan oğula və ya qardaşdan qardaşa keçdiyi də olurdu, ancaq hər dəfə xanın bunu təsdiq etməsi lazım idi. Bəy və ya məliklərin xalqdan aldıqları vergi "avraz" adlanırdı. Bundan başqa bəyin özünə məxsus əkin üçün ayrılan torpaqları kəndlilər iki gün ərzində işləyib, əkməli idilər. Bəylərin ev işlərini qulluqçular və xidmətçilər görürdü. "Xalisə" adlandırılan və bəylərin mülkləri kimi hüquqi məna kəsb edən boş yerlər vardı. Bəylər bu torpaqlarda hərbi əsirləri və başqa yerdən köçən mühacirləri, qaçqınları yerləşdirmək səlahiyyətinə malik idilər. "Xalisə" mülklər irsiyyət yolu ilə varisə verilirdi. Ancaq xan dəyişdiyi zaman yeni gələn xan xalisə yerlərin sahiblərini təsdiq və qəbul etməli idi. Əks halda bəyin sahiblik haqqı ləğv olunmuş sayılırdı. Bu yerləri əkib-becərən kəndlilər bəylərə verginin otuzda dörd hissəsini verirdilər. Bu səbəbdən belə yerlər mülk adlandırılırdı. Mülk olan yerlərdən başqa İrəvan və Naxçıvan xanlıqlarında torpağa sahibliyin başqa bir forması "tiyul" adlandırılırdı. Xan, özünə yaxın olan, sarayında, xanlığında xidmət edən şəxslərə tiyul bəxş edərdi. Belə torpaqları əkib-becərən kəndlilər xanın təyin etdiyi şəxslərə verginin onda bir hissəsini verirdilər. Bu vergidən tiyul sahibi ölənə qədər istifadə edirdi. Öldükdən sonra tiyul varisə deyil, xəzinəyə qalırdı. Çünki torpaq dövlətin idi, buna görə də tiyul dövlət vergisi sayılırdı. Bəzən mülkdən alınan vergi ilə tiyul bir şəxsin əlində cəmlənə bilirdi. Bəzən də tiyul irsi haqq olaraq qəbul edilirdi, nəticədə mülk şəklinə çevrilirdi. Xanlıq dövründə olan torpaq rejimi haqqında bildiklərimiz bu qədərdir. Bununla biz xanlıq və bəylik zamanı kəndlilərin vəziyyətinin, yaşayış tərzinin yaxşı olduğunu iddia etmək fikrində deyilik. Ancaq kəndli Rusiyada olduğu kimi kölə deyildi və alınıb-satıla bilməzdi. Istədiyi zaman işlədiyi torpağı tərk edib gedə bilərdi.
Çar Rusiyasının işğalından sonra Azərbaycanın torpaq rejimi bir müddət xanlıq dövründə olduğu kimi qaldı. Rus işğalına qarşı çıxmayan bəy və ağalar əllərindəki torpaqlardan istədikləri kimi istifadə etdilər. Ancaq rus istilasına qarşı çıxan bəy və ağaların torpaqları əllərindən alınıb rus idarəçiliyinə sədaqətli olan və ona xidmət edənlərə verildi. Bu vəziyyət 1841-ci il mayın 28-nə (10 iyun) qədər belə davam etdi. Həmin tarixdə çarın fərmanı ilə torpaqlar üzərindəki idarə hüququ bəy ağaların əlindən alınaraq onlara aylıq maaş təyin edildi. Bu tarixə qədər ölkənin idarəsi rus hərbi üsul-idarəsi şəklində davam edirdi. Buna "komendant" idarəsi deyilirdi. Zaqafqaziya ölkəsi iki vilayət və bir mahal üzrə üç idarəyə bölünmüşdü. Bu idarəçilik 1833-cü ildə Çar dövlət şurası tərəfindən təsdiq edilmişdi. Beləliklə, rusların Zaqafqaziya dedikləri Cənubi Qafqaz, mərkəzi Tiflis olan gürcü torpaqları on qəzaya ayrılmışdı və birinci vilayət adlanırdı. Azərbaycanın mərkəzi Bakı, Gəncə, Şəki, Şirvan, Qarabağ, Lənkəran, Quba qəzaları ikinci vilayət adlanırdı. Mahal isə rus idarə bölgüsündə vilayət idarəsindən kiçik olub, İrəvanı, Naxçıvanı, Gümrünü və Şaragölü əhatə edirdi. Həmin ərazilərdə azərilərlə yanaşı ermənilər də yaşayırdı.
1820-ci ildə Qarabağda erməni tacirləri komendant idarəsindən təngə gəldiklərini şikayət ərizəsində belə bildirirdilər: "Qarabağ Mehdiqulu xanın idarəsində olarkən, biz təklif və şikayətlərimizi ona bildirərdik. O, xalq arasında olan etibar və hörmətimizə görə bizimlə yaxşı rəftar edər, xahişimizi diqqətlə dinlər və ədalətli hökm verərdi. Rus komandirləri isə cahil kəndlilər ilə bizim aramızda heç bir fərq qoymur, nəinki komendantlar, hətta onların məmurları belə bizi istədikləri kimi təhqir edir, heç bir səbəb olmadan məhkəməsiz, sorğu-sualsız, yaşımıza, xidmət və sədaqətimizə baxmayaraq bədən cəzasına məruz qalırıq, yəni döyülürük".
Baron Qan tərəfindən I Nikolaya göndərilən raportda deyilir: "Türkiyədən Rusiyaya köçmüş ermənilər, onlara verilən yurd və torpaqlardan imtina edərək öz arzularına görə yenidən Türkiyəyə gedirlər. Qaçan ermənilərin sayı o qədər çoxdur ki, onları geri qaytarmaq üçün sərhəd hərbi hissələri artırılıb. Əsgərlər sərhəddə pusqu quraraq bu qaçqınların qarşısını almağa çalışırdılar". 1829-cu ildə qraf Paskeviç çara göndərdiyi raportda yazırdı: "Ədirnə müqaviləsindən sonra 90.000 erməni Anadoludan Rusiyaya köçmək qərarına gəliblər. Babı Ali onları bu qərardan yayındırmaq üçün katolikos Varfolomeyi Ərzruma göndərib. Katolikosun nəsihət və tövsiyələrini dinləyən ermənilər: "Əgər Həzrəti İsa göydən enib bizə getməməyi tövsiyə etsə də qulaq asmarıq", - cavabını vermişdilər. "Xristian dövlətinin qanadı altında yaşamaq eşqi və romantizmindən..." əl çəkməyiblər. Beləliklə, bir müddətdən sonra Türkiyəyə qaçan ermənilər komendant idarəsinin zülmündən söz açırdılar. Rus tarixçisi İvanenko Azərbaycanda xanlıqlar dövründə olan mütərəqqi müsəlman vergilərindən yazır. Sonra isə kinayəli bir tərzdə komendantlarla xanlar arasındakı fərqi izah edir: "Xanlıq dövründə qadınlara bədən cəzası verilməzdi. Rus komendantları kişilərlə birlikdə qadınları da qırmancla döyürdülər".
1829-cu ildə Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senator Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə bildirirdilər: "Yüz minlərlə xalqın hüququ, namusu və mülkü komendantların kefinə tabedir. Xanlar dövründə əsasən, vergi toplananda və ya başqa mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, ictimai vəziyyət və mülahizələrə əməl olunduğu halda, komendantlar bu məsələlərdə kar və kordurlar". Həmin senatorlar Tiflisdən o dövrə Rusiya imperiyasının ədliyyə naziri D.B.Daşkova göndərdikləri raportda yazırdılar: "Bu vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş, qanunsuzluq, cinayət, qərəzçilik, rəislərin özbaşınalığı hökm sürür".
Nefedov adlı bir rus 1837-ci ildə Naxçıvandakı rus "ədalətini" belə təsvir edir: "İstibdad idarəsi yerləşən vilayətdə rus məhkəməsi öz əməlləri ilə hər cür ədalət duyğusunu təhqir edir. Bu məhkəmələr rus üsul-idarəsinə yeni keçmiş olan yerli xalqın və İranın nəzərində sanki rus idarəsini gözdən salmaq üçün qurulmuşdur" (bütün bu məlumatlar 1829-1860-cı illər arasında rus imperializminin Azərbaycanda yürütdüyü müstəmləkəçilik siyasətinə dair SSRİ Elmlər Akademiyasının 1937-ci ildə Moskva və Leninqradda nəşr etdiyi: "Kolonialnaya politika Rossiyskoqo çarizma v Azerbaydjane" adlı arxiv materiallarından və bir də rus tarixçisi Pottonun "Utverjdeniye Rossiyskoqo vladıçestva na Kavkaze" adlı əsərinin on ikinci cildindən götürülüb).