Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında Hadisə

Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında

1-ci yazı
İran mətbuatında və elmi ədəbiyyatında Dağlıq Qarabağda cərəyan edən hadisələr barəsində müxtəlif məzmunlu yazılar dərc edilməkdədir. Bu yazılarda faktiki materiallarla yanaşı, subyektiv fikirlər də özünə yer alıb. Ermənilər Qarabağ münaqişəsində İİR rəhbərliyindən mənəvi dəstək almaq məqsədilə farslarla bir kökdən, yəni ari soyundan gəldiklərini geniş təbliğ edir, yer adlarını özlərinin adları ilə bağlayırdılar. İranda, xüsusən Güney Azərbaycanda bir sıra qədim yaşayış məntəqələrini və oradaki tarixi abidələri, qalaları, körpüləri, dağları, ibadətgahları erməniləşdirməyə cəhd edən "tədqiqatçıları" indi də farslarla bir kökdən - ariya kökündən olduqlarını, əsirlərcə milli kimliklərinin vahid olduğunu meydana atıblar. Əsası olmayan bu uydurmanın bünövrəsi Rza xan şahlıq taxtına çıxan vaxtdan (1925) qoyulsa da, indiki vaxtda İrandakı siyasi mühitdən və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İran-Ermənistan münasibətlərindəki durumdan istifadə edən "İranla" ermənilərin üzdəniraq tarixçiləri və onları xaricdə həvəsləndirənlər ermənilərin "qədimdən iranlılarla bir köklü qardaş, ən uzağa əmioğlu" olduqlarını sübut etmək üçün yeni-yeni uydurma "mənbələrə" istinad edib kitablar yazıb çap etdirirlər. Belə kitablardan biri Tehrandakı "Diba" nəşriyyatında, nəfis şəkildə 2000 nüsxə çap edilmiş, 242 səhifəlik "İranlılarla ermənilərin mədəni əlaqəsi" kitabıdır.
2005-ci il noyabrın 10-da Tehranda özünü qeyri-dövlət "elmi" qrupu adlandıran "Çağdaş İran Tarixi Araşdırmalar Mərkəzi"ndə keçirilmiş toplantıda Əlirza Bekdilinin çıxışı SSRİ dağıldıqdan sonra İran-Azəbaycan münasibətlərinə həsr edilmişdi. O, münaqişəni üç başlıca dövrə bölərək, hər bir dövrdə İranın münaqişənin sülh yolu ilə və ədalətli həll olunmasına tərəfdar olduğunu demişdi. O, Azərbaycan müxalifətini və Azərbaycan dövlətini İranın mövqeyinə həmişə tənqidlə yanaşmaqda suçlamış və İran dövlətini fars şovinizmində günahkar bilən azərbaycanlı milli qüvvələri qınamışdı. "Keyhan həvayi" qəzeti "Ermənistana inanmaq olmaz" başlıqla məqaləsində yazırdı: "Ermənistan Respublikasının başçısı İİR səfirliyinin məsul işçisi ilə görüşərkən İİR-in regionda mühüm rolunu xatırladaraq Qarabağ münaqişəsinin həll edilməsi üçün ölkəmizin (İranın) vasitəçilik səylərini davam etdirilməsini istədi".
Ermənistan prezidentinin Tehranda Qarabağda gedən qanlı çarpışmaların dayandırılması barədə dediyi sözlər çox ümidverici idi. Lakin əməldə başqa qəbul ediləsi deyildi, həm də Ermənistanın sülhsevər çalışmalar qarşısında gördüyü işlər onun mənfi simasını göstərir. Elə buna görə də İİR-nın vasitəçilik çalışmalarının yenidən başlaması artıq məntiqə uyğun görünmür. Beynəlxalq münasibətlərdə İran Azərbaycana qarşı təcavüz etmiş Ermənistanı təcrid etməyə nəinki təşəbbüs göstərməyib, əksinə, İran-Ermənistan münasibətlərindəki canlanma müşahidəçilərin nəzər-diqqətini cəlb edib.
İranda Dağlıq Qarabağ probleminin köklərilə bağlı ictimai rəyin formalaşmasında mənfi rol oynayan fars və erməni tarixçilərinin əksinə olaraq bir sıra müəlliflər hadisələrə obyektiv, ədalətli yanaşma metodunu seçiblər. Erməni daşnaklarının 1918-ci ildə Güney Azərbaycanda Urmiya, Xoy, Səlmas, Maku, Şərəfxanada və digər şəhər və kəndlərdə türklərə qarşı törətdikləri kütləvi soyqırım haqda çox az yazılıb. Təbrizli tarixçi alim doktor Səməd Sərdariniyanın 2005-ci ilin sonunda çapdan çıxmış "Arazın hər iki sahilində müsəlman qətliamı" kitabı bu boşluğu doldurmaq üçün sanballı bir əsərdir. S.Sərdariniyanın farsca yazdığı kitabında ermənilərin Arazın hər iki tayında, əsasən Güney Azərbaycanda törətdikləri kütləvi soyqırı¬mından, talan və özbaşınalıqlardan danışılır. Bu kitab Bakıdakı 1918-ci il məlum soyqırımı və ermənilərin uydurduğu "soyqırımı"nın 90 illiyinə güneyli qardaşlarımızın erməni daşnaklarına tutarı elmi-məntiqi cavabıdır.
Müəllif kitabının əvvəlində ermənilərin türklərə qarşı soyqırımına başladığı gündən indiyə qədər bu xəstə millətin zəhərlənmiş məfkurəsində "Böyük Ermənistan" xülyasının yaranması tarixini işğalçı I Pyotrun zamanından başlandığını qeyd edir. Ori adlı erməninin başçılığı altında ilk dəfə Peterburqa gələn erməni elçilərini qəbul edərkən Çar Pyotr İrana və Türkiyəyə qarşı müharibəyə başlayacağı təqdirdə ermənilərin xəyanətlə dolu "tarixi vəzifələri"nin nədən ibarət olacağını onlara başa salmışdı. "Avropaya pəncərə" açmaq fikrində olan rus imperatoru ilk əvvəl Qafqazı, İran və Türkiyəni tutmağı və Fars körfəzindəki isti dəniz sularına çatmağı özünün işğalçılıq planında ön cərgədə qoymuşdu və bu işdə ermənilərin satqınlığı və çörəyini yediyi yerli xalqlara xəyanəti Rusiya üçün çox önəmli olmuşdu.
Müəllif yazır ki, "I Pyotrun ölümündən sonra hakimiyyətdə olmuş rus hökmdarları Orta Şərqi ələ keçirmək, "isti sulara" çıxarmaq haqda öz sələflərinin işğalçılıq fikirlərindən uzaqlaşmayıblar və bu işdə ermənilər həmişə rusların əlaltısı və nökəri olublar". Müəllif Qafqaz, İran, Türkiyəyə qarşı rusların işğalçılıq siyasətində ermənilərin "katalizator" rolu oynamasını, xəyanət və arxadan bıçaq vurmaq kimi alçaq əməllərini onların "Böyük Ermənistan" xülyasında yaşamaqları ilə izah edir.
İran daxilində bir çox mühüm vəzifələrdə, ordu və məclisdə yer tutan ermənilər vasitəsilə və İran üzərində az-çox nüfuzu olan bir çox Qərbi və Şərqi Avropa dövlətlərinin təşəbbüsü ilə mühacir ermənilərin İranda mühüm təşkilatları, milli-mədəni müəssisələri, iqtisadi və ictimai təşkilatları, məktəb, teatr və qəzetləri də İranın Qarabağ məsələsinə münasibətinə təsir göstərmək üçün öz səylərini bildirib, son zamanlar bu istiqamətdə məqsədyönlü fəaliyyətlərini daha da gücləndiriblər. Məsələn, Daşnaksütyun partiyasının Təbrizdə hər il müntəzəm konqresləri keçirilir və bu zaman Avropa və Qafqazda çalışan erməni millətçiləri yaxından iştirak edirlər.
İranın bir çox hərbi və mülki müəssisələrini əllərinə almış və şah zamanında Pəhləviyə müraciətlə xüsusilə Güney Azərbaycanında iqtisadiyyat və ticarətdə imtiyazlı mövqe tutmağa çalışan erməni millətçilərindən başqa İrandakı bir sıra xarici, xüsusən də sovet və sonralar Rusiya diplomatik idarələrində məqsədyönlü fəaliyyət göstərirlər. Təbrizdəki daşnakların bir qismi Avropada olduğu kimi daş¬nak partiyasından ayrılaraq erməni "Arur" təşkilatı qurublar. Mühacir ermənilərdən ibarət bu təşkilat vaxtilə İran Azərbaycanında bütün sovet idarələrini əlinə almış; Təbriz, Urmiya, Marağa, Xoy və sairə kimi yerlərdə isə ticarət, nəqliyyat və iqtisadi müəssisələr qurmuşdular. Ermənilər bütün fəaliyyəti İranın hər cəhətdən Ermənis¬tana dəstək verməsinə yönəldilib.
Fəqət məsələ yalnız bununla bitmir. İran ermənilərinin fəaliyyəti getdikcə daha məkirli və hücumçu xarakteri kəsb edir. Və İran mətbuatından bəziləri ("Təbriz", "Pərvəriş" və sairə kimi) çox təəssüflər olsun ki, ermənilərin bu təcavüzkar fəaliyyətlərinə vasitə olurlar. Bütün bunlar erməni millətçilərinin İran mətbuatını öz əllərində bir vasitə etdiklərini göstərir. Tarixən ermənilərin türklərə qarşı xəyanətlə dolu xidmətləri rus çarizmindən tutmuş bugünkü Rusiya rəhbərliyinədək həmişə dəstəklənib və layiqincə qiymətləndirilib. Bunun nəticəsidir ki, ermənilər bu gün Qərbi Azərbaycan torpaqları hesabına özlərinə qondarma bir respublika yaradıb indi dünyaya meydan oxumazdılar. "İrəvan müsəlman sakinli şəhər olmuşdur" kitabında tarixi sənədlər əsasında İranın ermənipərəst tarixçilərinə tutarlı cavab verilmişdi.
Ermənilərin arzusu ilə ruslar İrəvan və onun ətrafındakı 4 xanlığı, 41 bəyliyi və sultanlığı ləğv edib, onların çoxu təzyiq və məc¬buriyyət qarşısında ərazidən köçməyə məcbur edildilər. Torpaq və əmlakları gəlmə ermənilər arasında bölüşdürüldü. İrəvanda yaşayan əhalinin 143 min nəfərindən 117.849 nəfəri müsəlman türk, cəmi 25.151 nəfəri (gəlmələrlə birlikdə) erməni olmuşdu. Qahirədə çıxan "Hikmət" qəzeti "Tərcüman" qəzetində verilmiş məlumata əsaslanaraq XX əsrin əvvəllərində (1904) Qafqazda 3 milyon 208 min 875 nəfər müsəlmanın yaşadığını yazırdı ki, bunların da 352.351 nəfərinin İrəvan vilayətində olduğunu qeyd etmişdi. Rus məmurunun statistik məlumatına gəldikdə və ona inansaq belə, XIX əsrin 30-cu illərində İrəvanda yaşayanların 80 faizdən çoxunu müsəlman türkləri təşkil etmişdi. Halbuki, sonrakı illərdə müsəlmanlara qarşı rus-erməni zorakılığı onların sayca ilbəil azalmasına səbəb olmuş, onları Azərbaycanın başqa əyalətlərinə köçməyə məcbur etmişdi. Tarixən yerli əhali hesab olunan Qarapapaq tayfası bütövlüklə Güneyə - Urmiya ətrafına köçmək məcburiyyətində qalmışdı. 1828-1832-ci illər arasında İrəvanda yaşayan türklərin sayı 100 min nəfərə qədər azaldığı halda gəlmə ermənilər hesabına erməni sakinlərin sayı 82.377 nəfər artmışdı. 6 böyük məscidi, 50 savadlı müsəlman ali ruhanisi, 1807 müsəlman-türk ailəsinin yaşadığı müsəlman İrəvan şəhəri XIX əsrin sonunda xristian erməni şəhərinə çevrildi. Halbuki bu şəhərin iqtisadi və mədəni, elmi inkişafında Azərbaycan türklərinin böyük zəhmət və vətən torpağına bağlılıqdan irəli gələn xidmətləri olmuşdu.
Beləliklə, türklərin qanuni ata-baba torpaqlarını zəbt edib burada "əzəmətli" Ermənistan yaratmaq istəyən erməni daşnaklarının türklərə qarşı soyqırım əməliyyatı İrəvan, Göyçə, Zəngəzurdan başlasa da, o Azəbaycanın nə Quzeyindən, nə də Güneyindən yan keçməmişdi. Həmin qanlı olayların keçmişdə qalan izləri Dağlıq Qarabağa qarşı ermənilərin qətl və qarətlərlə dolu yürüşü, bugünkü olaylarla təzələnmişdi. 1918-ci ildə müsəlman türklərinə qarşı ermənilərin Qərbi Azərbaycanda İrəvandan əlavə 211 yaşayış məntəqəsində törətdiyi soyqırımda 300 min nəfər soydaşımız qətlə yetirilmişdisə, Güney Azərbaycanda təkcə Urmiya və Səlmasda şəhid olanların sayı 130-150 min nəfər arasında göstərilir. Əslində bu rəqəm göstəriləndən qat-qat çoxdur. Rza şah, sonra isə onun oğlu Güney Azərbaycandakı müsəlman-türklərin soyqırımı haqda yazmağı və tədqiqat aparmağı yasaq etdiyindən 1918-ci ildəki müsəlman qətliamında öldürülənlərin sayı indiyə qədər dəqiq verilməmişdi.

Sübhan Talıblı
tarix üzrə fəlsəfə doktoru